Xəbər lenti

 

Vaxtı ilə “Forbes” siyahısına düşən, indi isə axtarışda olan  iş adamının fəlakət gətirən səhvi

Adı Azərbaycanın, “dadı” başqalarının olan milyarderlərimiz silsiləsindən budəfəki obyektimiz dəbdəbə həvəskarı, dünya, eləcə də Azərbaycanda məşhur, şöhrətli müğənnilər, aktrisalar üçün səxavət kisəsi, bu və digər səbəblərdən də ölkəmizdə çox-çox müzakirə olunan Telman İsmayılovdur. Düzdür, daha cənab İsmayılovu milyarder, bəlkə də heç milyoner də adlandırmaq düzgün deyil: onun biznes imperiyası qürub edib, özü isə bir neçə ölkədə əleyhinə qaldırılmış məhkəmə işləri ilə uğraşmaqdadır...

Telman Mərdan oğlu İsmayılov 1956-cı ildə Göyçayda yəhudi ailəsində dünyaya gəlib. 70-ci illərin əvvəllərində Mərdan İsmayılov ailəsi ilə birlikdə Bakıya köçüb. Nə az, nə çox - 12 uşağı olan ailənin 10-cu övladıdır. Atası az qala bütün yəhudilər kimi, o dövrün gizli biznesmenlərindən biri olub - parça alveri ilə məşğul olub. 14 yaşına çatdıqdan sonra Telman böyük həvəslə atasının köməkçisi funksiyasını üzərinə götürür. Sovet dövründə gizli alverçilərin həmişə yüksək vəzifəli şəxslərlə sıx əlaqələri olurdu. Telmanın atası da bu baxımdan həmkarlarından geri qalmırdı. Tezliklə atasının ən böyük köməkçisinə çevrilən Telman həm də ondan nüfuzlu şəxslərlə əlaqələr qurmağın sirlərini öyrənirdi - gələcəkdə bu bacarıqlar ona çox kömək edəcəkdi...

Alver sahəsindəki bacarıqları sayəsində cəmi 4 ildən sonra Telman Azərbaycanda yeganə kommersiya mağazasının direktorluğunu əldə etməyi bacarmışdı.

Ali təhsilini ilk olaraq Bakıda - Dadaş Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutunda almağa başladı - 1973-76-cı illərdə burada oxudu. Daha sonra hərbi xidmətə yollandı. Xidmətdən qayıdandan sonra isə təhsilini Moskva Xalq Təsərrüfatı institutunda davam etdirdi və bu ali məktəbi 1980-ci ildə bitirdi. Təhsilini başa vurduqdan sonra “Vostokintorq”da mütəxəssis, daha sonra isə SSRİ Ticarət Nazirliyində iqtisadçı vəzifələrində işləyir. Yenidənqurmanın gətirdiyi yeniliklərdən bacarıqla faydalanan İsmayılov 1987-ci ildə “Xeyriyyəçi kommersiya kompaniyası” adlı kooperativi yaradır. Bu dövrdə o, həmin vaxtlar Moskva şəhər İcraiyyə Komitəsində kooperativ fəaliyyət üzrə komissiyanın sədri vəzifəsində çalışan Yuri Lujkov ilə tanış olur. Bu tanışlıq sonralar ona çox böyük dividentlər gətirdi...

Qeyd edək ki, kooperativin əsas fəaliyyət istiqaməti kütləvi istehlak malları üzərində qurulmuşdu. 1989-cu ildə - AST qrupunun təməlini təşkil edəcək şirkət təsis olunur. Yeri gəlmişkən, AST-nin açması - T.İsmayılovun oğlanları Ələkbər(rus dilində Alekper), Sərxan və özünün baş hərfləridir.

“Çerkizov bazarı”nda doğan, oradan qürubu başlayan biznes günəşi

“Çerkizov bazarı ile ilgili görsel sonucu

Deyilənə görə, biznesini qurmaq üçün 600 min rubl civarında ilkin kapitalı toplamağa Telman Mərdanoviç öz qohumlarının köməyi və şəxsi mənzilini satmaq nəticəsində müyəssər olub. Bundan əlavə, İsmayılovun uğurlarında onun ünsiyyətcillik qabiliyyəti də böyük rol oynayıb. O, dostluq əlaqələrində etibarlı adam imici qazanmışdı.

Lakin AST qrupu və T.İsmayılovun günəşi 1994-cü ildən - Moskvada “Çerkizov bazarı” yaradılandan etibarən parlamağa başlayıb. Moskvada  “Çerkizov bazarı”nı “şəhər içərisində şəhər” adlandırırdılar. Bazar dünyanın demək olar ki, hər yerindən gələn imiqrantlar üçün sığınacaq, dolanışıq yerinə çevrilmişdi. Orada alınıb-satılmayan nəsə qalmamışdı - uşaq “Pampers”indən tutmuş silaha, narkotikə qədər. Bazarda rəhbər vəzifələr yəhudilərin əlindəydi, hətta bazarın ərazisində sinaqoq da tikilmişdi. Moskva milisinin bazara daxil olmasına demək olar ki, icazə verilmirdi. Mühafizəni İsmayılovun adamları həyata keçirirdilər. Bəzi məlumatlara görə, bazarda 100-ədək adam işləyirdi.

Mətbuatda dəfələrlə qeyd olunurdu ki, rəsmi icarə haqqından əlavə AST qrupunun nümayəndələri satıcılardan əlavə haqq istəyir, razılaşmayanları isə bazardan qovurdular. 2009-cu ildə bazar gündə 1 milyon dollar qazanc gətirirdi.

“Çerkizov bazarı ile ilgili görsel sonucu

Onu bir neçə dəfə bağlamağa cəhd etmişdilər, lakin baş tutmamışdı. İmiqrantların cəmləşdiyi əsas məkan kimi “Çerkizov” rus millətçilərinin də daim diqqətindəydi. Tez-tez millətçilərin bazara hücumları baş verirdi. 2006-cı ildə millətçi “Spas” təşkilatının üzvü Oleq Kostarev bazarda terror aktı törətdi, 14 nəfər öldü, 61 nəfər yaralandı.

Bazarın bağlanması qərarı T.İsmayılov Türkiyədə məşhur 7 ulduzlu “Mardan Palace” otelini açan zaman qətiləşdi: ağır maliyyə böhranı keçirən Rusiyada qazanılan pulların Riçard Gir, Peris Helton, Şeron Stoun kimi Hollivud ulduzlarının dəvət olunmasına, xüsusi reyslə 200 kiloqram qara kürünün gətirilməsinə, qonaqların başından sel kimi pulların səpilməsinə sərf olunması dövlət rəhbərliyinin diqqətindən yayına bilməzdi. Onsuz da Türkiyəyə 1,5 milyard dollar yatırım qoymaqla AST sahibi özünü gözdən salmışdı.

Düzdür, Moskva meri Yuri Lujkov və digər Rusiya məmurları da otelin açılış mərasimində - qonaqlar arasındaydılar, lakin artıq Yurinin mövqeləri laxlamışdı. Otelin açılışından 1 il sonra isə vəzifəsindəm istefa verməyə məcbur edildi. Beləliklə, “Mardan Palace”ın açılışı İsmayılovun ən əsas gəlir mənbəyini - “Çerkizov”u itirməsi bahasına başa gəlmiş oldu. Hansı ki, məhz onun ardınca AST qrupunun qürubu başladı.

“Çerkizov bazarı ile ilgili görsel sonucu

Qeyd edək ki, “Çerkizov”dan əlavə, AST qrupunun 30-a yaxın digər müəssisələri vardı. Bunlar arasında “AST-Kapstroy” (tikinti), “Nəşriyyat AST-LTD”, “AST-Gof” (mehmanxana-otel biznesi),  “AST-TransServis” (nəqliyyat-daşıma biznesi), “AST-Shield” (mühafizə firması), “AST-Taksi”, “AST-Praqa” (restoran biznesi), “AST-Gold”  (zərgərlik biznesi), “Mərkəzi Hərbi Universal Mağaza” (ticarət evi) böyüklüyü ilə seçilirdi. T.İsmayılov özü müsahibələrində dəfələrlə qrupun illik dövriyyəsinin 3 milyard dollar ətrafında olduğunu demişdi.

AST qrupu Rusiyada “Terek”, Türkiyədə “Antalyaspor” futbol klublarına sponsorluq edirdi. T.İsmayılovdan maddi dəstək alanlar arasında “Bakılı oğlanlar” - Şən və Hazırcavablar Klubu (KVN) da vardı. Bundan əlavə, əsl Şərq zövqünə malik olan, dəbdəbəni, məşhur şəxslərlə əlaqələri sevən T.ismayılov şou-biznes aləmi ilə yaxından əməkdaşlıq edirdi. Özünün ad günlərinə Şakira, Cenifer Lopes, Monika Belluci kimi dünya ulduzlarını gətirmək üçün milyonlarla dollarından keçməyə xəsislik etmirdi. Elə Azərbaycan şou-biznesindən də İsmayılovun bu səxavətindən pay alanlar az deyildi.

Telman İsmayılovun keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun ailəsi, habelə baş nazirin sabiq müavini Abbas Abbasovla yaxın əlaqələri vardı. Təsadüfi deyil ki, İsmayılovun iştirakı ilə keçirilən əksər şadyanalıq məclislərində qonaqlar arasında A.Abbasov da görünür.

Bir yəhudi olaraq, sinaqoqlara, eyni zamanda kilsələrə maddi yardım edirdi. Avrasiya Yəhudiləri Konqresinin vitse-prezidenti olan İsmayılovun adının qarşısına çox tez-tez messenat ifadəsi əlavə olunurdu.

AST Qrupu necə müflis oldu

“Çerkizov bazarı ile ilgili görsel sonucu

“Çerkizov bazarı” bağlandıqdan sonra AST qrupu “Bank Moskva”dan götürdüyü kreditləri qaytarmaqda çətinliklərlə üzləşdi. Bu çətinliklər üzündən “Voentorq”u milyarder Süleyman Kərimova, Soçidəki otel kompleksini isə digər milyarder Viktor Vekcelberqə satdı. Daha sonra “Bank Moskva” VTB bankın nəzarətinə keçdi və bütün proseslər bununla başlandı. Belə ki, ödənişlərdəki ləngimələrə görə məhkəmələrdə iddialar qaldırıldı, girov qoyulan əmlaklar bank tərəfindən zəbt edildi.

Xatırladaq ki, VTB bank T.İsmayılova məxsus Moskvanın Arbat küçəsində yerləşən məşhur “Praqa” restoranını, Krasna Presnadakı “Tropikano” biznes mərkəzi və Moskvanın Şərqi İzmaylovo rayonunda yerləşən binalar kompleksini borc əvəzində özünə götürüb.

Rusiyadan gəlir gəlmədiyi üçün T.İsmayılov Türkiyədəki kreditlərini də ödəyə bilmədi. Nəticədə isə atasının şərəfinə tikdirdiyi “Mardan Palace” əlindən çıxdı.

Rusiyadakı problemlər nədən yarandı?

“Çerkizov bazarı ile ilgili görsel sonucu

Bəzi mənbələr T.İsmayılovun Rusiyada arzuolunmaz şəxsə çevrilməsində bir əyləncə məclisində Vladimir Putin barədə söylədiyi mənfi fikirlərin əsas rol oynadığını iddia edirlər. Guya bu sözlərin cəzası olaraq Putinin adamları T.İsmayılova heç bir qazanc güdmədən bir neçə layihənin icrasını təklif ediblər, lakin qiymət məsələsində razılığa gəlinmədiyi üçün əlaqələr tamamən kəsilib.

Ötən ildən etibarən T.İsmayılovun Rusiyaya yolu tamamilə bağlanıb. Belə ki, o, Rusiyada hamisi olduğu müğənni Avraam Russoya sui-qəsdin, həmçinin 2 ölüm işinin sifarişində suçlanır. Moskvanın Basman məhkəməsi onun barəsində qiyabi həbs qərarı çıxarıb, beynəlxalq axtarış elan edib. İstintaq hesab edir ki, T.İsmayılov iş adamları Vladimir Savkin və Yuri Brilevin öldürülməsini sifariş edib. Ehtimal olunan killer Mehman Kərimov həbs edilib və İsmayılov qardaşları əleyhinə ifadə verib. Onun ifadəsi əsasında bir neçə ay əvvəl T.İsmayılovun qardaşı Rafiq həbs olunub, digər qardaşı Vaqif isə axtarışa verilib. Maraqlıdır ki, istintaqın əlində M.Kərimovun ifadəsindən başqa heç bir dəlil-sübut yoxdur. Bəlkə elə buna görə T.İsmayılov mətbuata açıqlamasında “mən ömrüm boyu bir dəfə də olsun cinayət törətməmişəm” deyir: “Doqquz illik informasiya terroru müddətində məni nələrdə ittiham etmədilər ki...  Amma bunların heç biri təsdiqini tapmadı. İndi isə ölüm işini uydurublar. Hər şeyi gizlin ediblər: gizlincə ittiham irəli sürüblər, gizlincə həbs ediblər. Mən elə indi öz günahsızlığımı isbatlamağa hazıram!”

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 1 068          Tarix: 15-01-2018, 13:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma