Xəbər lenti

“Azərbaycan Tərcümə Mərkəzinin keçən ilin sonlarında nəşr olunmuş “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”ü mütəxəssislər arasında həm böyük maraq doğurmuş, təqdirlə qarşılanmış, həm də müəyyən mübahisələrə rəvac vermişdir ki, bu, tamamilə təbiidir… Əlbəttə, əsas “anlaşılmazlıq” ondan ibarətdir ki, lüğət tərtibi sahəsində kifayət qədər təcrübəsi olan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun ənənəvi fəaliyyət sferasına nə üçün başqa bir qurum müdaxilə etmişdir”.

Bunu deputat,  Dövlət Dil Komissiyasının üzvü, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün redaktoru Nizami Cəfərov “Kim Tərcümə Mərkəzinin “Sözlüy”ünü “plagiat” sayırsa, çox böyük səhv eləyir” adlı məqaləsində bildirib.

N.Cəfərov daha sonra əlavə edib: “Ancaq məsələ burasındadır (və “Sözlüy”ü görməmiş onun “tənqid”inə qalxanların mülahizələrinin əsassızlığı onda ifadə olunur) ki, hər hansı lüğət, o cümlədən orfoqrafiya lüğəti və ya sözlüyü peşəkar yaradıcılıq işidir, hansısa təşkilatın monopoliyasında deyil. Ona görə də son günlər ara-sıra səsləndirilən belə bir fikir təəssüf doğurur ki, guya Dilçilik İnstitutunun nəşr etdirdiyi orfoqrafiya lüğətlərindən başqa, bütün digər müvafiq lüğət və sözlüklər bu və ya digər dərəcədə “köçürmə”dir… Yəqin ki, heç kəs İnstitutun bu sahədə gördüyü işlərə (və qazanılmış təcrübəyə) nihilist yanaşa bilməz. Bununla belə, Azərbaycan dilinin (və dilçiliyinin) müasir inkişaf səviyyəsi tələb edir ki, lüğətlərin, eləcə də orfoqrafiya lüğətinin tərtibi işinə elmi əsaslarla, intellektual məsuliyyətlə yanaşılsın. Ənənənin qorunması vacibdir, ancaq bu, o demək deyil ki, Azərbaycan dilinin ilk orfoqrafiya (imla) lüğətinin tərtibi prinsiplərindən kənara çıxmayıb hər yeni nəşri kəmiyyətcə “zənginləşdirəsən”.

Opponentlər belə bir yanlış təsəvvür yaratmağa çalışırlar ki, guya “Sözlük” tez-tələsik hazırlanıb nəşr edilmişdir. Halbuki bu əsər neçə illərin ardıcıl araşdırmalarının məhsuludur. Və görülən işlər barədə mətbuatda vaxtaşırı məlumat da verilmişdir… Lakin nədənsə o zaman ciddi tənqidə məruz qalan lüğətin müəllifləri “müdrikcəsinə” susurdular.

Fakt isə faktlığında qalır ki, Tərcümə Mərkəzini yeni orfoqrafiya sözlüyü tərtib etməyə hər hansı bir ambisiya deyil, mövcud lüğətlərin çoxsaylı prinsipial qüsurları təhrik etmişdir ki, bu barədə “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün “Ön söz”ündə müxtəsər (lakin konkret maddələrlə) bəhs olunduğuna görə təfsilata varmaq istəmirik.

Fikrimizcə, ən böyük qüsur ondan ibarətdir ki, lüğətin tərtibçiləri iltisaqi quruluşlu Azərbaycan dilində söz anlayışını düzgün müəyyən etməkdə çətinlik çəkmişlər.

İltisaqi dillər həm morfoloji, həm də sintaktik yolla geniş söz yaradıcılığı imkanlarına malikdir. Və bu imkanları gerçəkləşdirən – xalqın ümumi (kütləvi) dil təfəkkürüdür. Odur ki, mövcud imkanlardan sui-istifadə edib süni sözlər yaratmağa (və bunları lüğətlərdə təsbit etməyə) heç kimin ixtiyarı yoxdur.

Azərbaycan lüğətçiliyində keçən əsrin 50-ci illərindən qaynaqlanan belə bir yanlış “təcrübə” hökm sürür ki, guya bədii, elmi, publisistik və s. mətnlərdə hər hansı bir söz işlənibsə lüğətə daxil edilə bilər… Halbuki nəzərə almaq lazımdır ki, həmin mətnləri təqdim edənlər içərisində çox sayda elə müəlliflər vardır ki, fərdi nitq zövqü (və mədəniyyəti) olduqca impulsiv, şübhəli, hətta hər cür normativlikdən uzaqdır.

Ən təhlükəli məqam odur ki, AMEA Nəsimi adına Dilçilik İnstitutu Tətbiqi dilçilik şöbəsinin bəzi əməkdaşları “Sözlüy”ün təcrübəsini öyrənmək əvəzinə, müxtəlif mətbuat səhifələrində kəmsavad yazılarla çıxış edib onu (“Sözlüy”ü) gözdən salmağa çalışırlar. Həmin əməkdaşlardan biri Tərcümə Mərkəzinin təşəbbüsünə münasibət bildirərkən Mərkəzin “araşdırmaları” (dırnaqda!) ifadəsini işlədərək guya görülən işlərə öz aləmində rişxənd edir… Və bununla da, kifayətlənməyib özündə “Sözlüy”ün tərtibçisinə dərs vermək cəsarəti tapır:

“Hər bir elmi sahədə müəyyən qayda-qanunlar gözlənildiyi kimi, leksikoqrafiyanın da öz qanunları vardır. Azərbaycan leksikoqrafiyasının nəzəri cəhətdən işlənməsi ilk dəfə professor Əliheydər Orucov tərəfindən 1965-ci ildə “Azərbaycan dilinin filoloji izahlı lüğətinin nəzəri əsasları” əsərində işlənmiş və burada izahlı lüğətə sözlərin daxiledilmə prinsipləri müəyyənləşdirilmişdir. Sonralar çox təəssüf ki, nəyə görəsə, Azərbaycanda leksikoqrafiya nəzəriyyəsi kifayət qədər inkişaf etməmiş, digər dünya universitetlərindən fərqli olaraq, bizim ali məktəblərdə lüğətçiliyə aid maarifləndirici bir fənn tədris edilməmişdir. Bəlkə də, bu səbəbdəndir ki, sözlərin lüğətə daxil edilməsi ilə bağlı lüğətçilikdən bixəbər bu qədər yazılarla üzləşirik”.

“Sözlüy”ü “plagiat” adlandıranlara şəxsən öz adından və çalışdığı şöbədəki “bütün lüğətçilər adından” təşəkkür edən müəllifin yazısından misal gətirdiyimiz yuxarıdakı mətnin elə bir cümləsi yoxdur ki, ən azı iki-üç sual doğurmaya… Adamdan soruşmazlarmı ki, ay “lüğətçi”, camaata “leksikoqrafiya dərsi” keçirsən, ancaq leksikoqrafiyanın nə tarixindən xəbərin var, nə nəzəriyyəsindən, nə də təcrübəsindən… Sənin özünü (və nəinki lüğətçiliyin, ümumən dilçiliyin nə olduğunu elə sənin qədər bilən şöbə əməkdaşlarını) uzunmüddətli kursa göndərib maarifləndirmək lazımdır ki, cümlənin bitmiş fikir ifadə elədiyini, cümlələr arasında ideya-məzmunca əlaqənin nədən ibarət olduğunu öyrənəsən…

İzahlı lüğət öz yerində, Tərcümə Mərkəzi hələ ki, orfoqrafiya sözlüyü tərtib edib. Və tamamilə təbiidir ki, həmin “Sözlüy”ün tərtibində mövcud təcrübələrə, xüsusən də “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin təxminən yüz illik təcrübəsinə əsalanıb…

Buna “plagiat” deyirsinizsə, Vəli Xüluflunun “İmla lüğəti” hələ bir yana, Əliheydər Orucovdan sonra (və get-gedə korlanaraq!) ortaya çıxan müvafiq nəşrlərin adı nədir?…

Maraqlı və Azərbaycan dili orfoqrafiya lüğətçiliyi tarixi üçün “ibrətamiz”dir ki, “lüğət”in son nəşrinin tərtibçilərindən biri öz məqaləsində hamımızın bildiyi həmin tarixi bir daha yadımıza saldıqdan sonra “Sözlük”lə yanaşı, hətta “Məktəblinin orfoqrafiya lüğəti”ni də “plagiat” hesab edir… Bizim “lüğətçilər” doğrudanmı bilmirlər, yaxud “Sözlüy”ün nəşri onları o qədər çaşdırıb, bilmək istəmirlər ki, hər bir orfoqrafiya lüğəti və ya sözlüyü bu və ya başqa məqsədlə, məhz rəsmi olaraq təsdiq edilmiş orfoqrafiya qaydaları əsasında hazırlanır. Həmin lüğətin və ya sözlüyün dəyəri qaydalara əməl etməsində deyil, çünki bu, normativ (!) şərtdir. Və “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin son nəşrinin əsas qüsuru ondadır ki, müasir Azərbaycan ədəbi dilinin “söz”ü barədəki kifayət qədər mükəmməl elmi, nəzəri, (və təcrübi) təsəvvür və ya prinsipləri pozub!.. Yəni “Azərbaycan dilinin işlək orfoqrafiq sözlüyü”nün “Ön söz”ündə deyildiyi (və “Sözlük”də əməl olunduğu) kimi, həddindən artıq arxaik sözlər, dialektizmlər, yalnız ayrı-ayrı mütəxəssislərə məlum olan terminlər, ümumiyyətlə, “söz” anlayışından kənara çıxan qrammatik “törəmələr” və s. orfoqrafiya lüğətinə düşə bilməz…

Əyri oturaq, düz danışaq… Necə ola bilər ki, “lüğət”in bir belə qüsurlarını aradan qaldıran “Sözlük” “plagiat” hesab edilsin?.. “Sözlük” “lüğət”i əvəz edə bilməz” nə deməkdir?.. Səbəb nədir ki, “lüğətçilər” həm deyirlər ki, professor Əliheydər Orucovdan sonra “çox təəssüf ki, nəyə görəsə, Azərbaycanda leksikoqrafiya nəzəriyyəsi kifayət qədər inkişaf etməmiş”dir, həm “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin qüsurlarını ört-basdır eləməyə çalışırlar, həm də iş görənə qara yaxıb öz adlarını başqasının üstünə qoyurlar?…

Tərcümə Mərkəzi sözlə işləyən, ən incə məna çalarlarından başlamış yazılış qaydasına qədər sözə ciddi diqqət yetirən (və bu sahədə çox tez-tez, eyni zamanda tamamilə təbii olaraq, müxtəlif problemlərlə üz-üzə gələn), başlıcası isə istər milli, istərsə də beynəlmiləl miqyasda canlı nitq (və dil təfəkkürü) proseslərinin içində olan bir qurumdur. Ona Afaq Məsud kimi böyük novator yazıçı (söz ustası!) rəhbərlik edir… “Sözlük” isə eyni zamanda “kifayət qədər inkişaf etməmiş” “leksikoqrafiya nəzəriyyəsi” “mütəxəssislər”i üçün vaxtında tərtib olunmuş elə bir orijinal (və uğurlu) dərslikdir ki, xırda “mənəm-mənəmlik” hisslərindən yox, bu gün Azərbaycanda inamla həyata keçirilən dövlət dil siyasəti qarşısında elmi, intellektual, mədəni məsuliyyətdən, ana dilinə hörmət və ehtiramdan yaranmışdır. Və ümid edirik ki, “Sözlük” hazırlanarkən Azərbaycan orfoqrafiya lüğətçiliyinin təcrübəsinə istinad olunduğu kimi, Nəsimi adına Dilçilik İnstitutunun lüğətçiləri də dedi-qodunu bir tərəfə atıb, gələcək işlərində “Sözlüy”ün təcrübəsindən faydalanmağa üstünlük verəcəklər.

O ki qaldı “arxada” dayanaraq ara qarışdırıb ziddiyyət yaratmaqla öz nüfuzlarını qoruyub saxlamağa çalışanlara, belələrinin də aqibəti irəlicədən hər kəsə məlumdur…”.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla sim-sim.az saytına müsahibəsində Tərcümə Mərkəzinin “Sözlüy”ünü “plagiat” adlandırıb: “Sözlük əməlli-başlı, yumşaq desək (bircə Afaq Məsud faktoru olmasaydı tam kəskinliyi ilə hələ nələri ortaya qoymaq olardı) plagiatdır”/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 980          Tarix: 16-04-2018, 13:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma