Xəbər lenti

Əbülhəsən ABBASOV

AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru, professor, Rusiya Pyotr Akademiyasının və “Dünya professorları sülh uğrunda” Beynəlxalq Təşkilatın üzvü

 

Görkəmli şəxsiyyətlərin adları ilə bağlı olan möhtəşəm ictimai rekonstruksiyalar və islahatlar təcrübəsi böyük bir məktəbdir ki, öz gələcəyini düşünən hər bir xalq ondan yararlana, qaneedici inkişafını təmin edəcək meqatrendini müəyyənləşdirməkdə uğur qazana bilər. Bu müstəvidə düşünərkən, ümumbəşəri sərvət sayıla biləcək nümunələr, nadir hadisələr olsa da, az deyil. Sadəcə, onları görmək, araşdırmaq və öyrənmək lazımdır.

Əfsuslar ki, bu cəhətdən biz ləng tərpənənlər sırasındayıq, ağır işin qulpundan yapışaraq fəallıq və fədakarlıq göstərmək, zəhmətə qatlaşmaq əvəzinə, asan başa gələn “iş”lə məşğul oluruq, əsas məqsəddən yayınaraq şüarçılığa, yalançı vətənpərvərliyə və millətsevərliyə meydan veririk, əfsanəvi obrazları, siyasi ştampları, dini ehkamları, mövhumatı başlıca və bəzən də yeganə idraki elementlərə çeviririk. Bu, idraki ətalətin bir növüdür ki, son nəticədə fərdi və ictimai həyatımıza kifayət qədər ziyan yetirir.

Tutduğum iradın, nəticə etibarilə, bir faydası olsun deyə, hörmətli oxucuların diqqətini ayrı-ayrı tarixi şəxsiyyətlərə və onların dəyərli nəzəri-praktiki təcrübəsinə yönəltmək istəyirəm. Bu məqalədə söhbət böyük islahatçı, nəzəriyyəçi-praktik, konfutsian kapitalizmin banisi Sibusava Eydzidən(1840-1932) gedəcək.

Heyranedici elmi-texniki-texnoloji möcüzələrinə, habelə mənəvi-əxlaqi təfərrüatlarına görə müasir Yaponiya bir sıra görkəmli şəxsiyyətlərinə borcludur. Bu sırada Sibusava Eydzinin xüsusi yeri və rolu var.

Sibusavanın ailəsi yapon kapitalizminin ən ilkin mərhələsində bizneslə məşğul olub, kənd təsərrüfatçılığını sənaye və bank işi ilə uzlaşdırıb. İlk uşaqlıq yaşlarından atası ona Çin dilini öyrədib, 7 yaşında isə Sibusavanı özəl konfutsian məktəbinə verib. Burada o, “Lun yuy”u və “Men-tszı”nı öyrənib. 1853-cü ildə (13 yaşında!) atası onu Avropaya, biznesin təşkili ilə tanış olmağa və dünyagörüşünü zənginləşdirməyə göndərib.

Avropadakı illər onun üçün olduqca səmərəli, faydalı keçib. O dövrün bir çox mütəfəkkirlərinin, xüsusən də Maks Veberin yaradıcılığı ilə yaxından tanışlıq ona bir sıra mətləbləri aşkarlayıb dərk etməyə, gizli mahiyyətlərə varmağa imkan verib. Əvvəldən də daxilində dolaşan bir ideya daha da dolğunlaşıb və qətiləşib, onu orijinal, misilsiz bir yaradıcılıq fədakarlığına səsləyib.

Həmin ideyanın məğzi bundan ibarət idi: xalqın mənəviyyatı, etik dəyərləri, dini inancları, milli-irsi kodu ilə uzlaşmayan iqtisadiyyatın, biznes və işgüzarlığın gələcəyi ola bilməz; hər bir iqtisadiyyat o vaxt səmərəli və perspektivli ola bilər ki, xalqı əsrlər boyunca yaşatmış əhəmiyyətli dəyərlərdən, əxlaqi-mənəvi xəzinədən qidalansın, bu xəzinəyə münasibətdə özgələşməsin. “Yalnız hiyləyə və fırıldağa, maddiyatçılığa əsaslanan əxlaqsız-mənəviyyatsız işgüzarlıq, kommersiya fəaliyyəti – diletantizmdir!”– belə qəti qənaətə gəlir gənc Sibusava. Əmin olur ki, doğma Vətəni üçün, ən azından, Maks Veberin Avropa üçün gördüyü işləri (qərarlaşan kapitalizmi etika ilə, mütərəqqi dini elementlərlə üzlaşdırmaq, bir üzvi vəhdətə gətirmək!) həyata keçirmək lazımdır. Onu da, məntiqi olaraq, yəqin edir ki, Yaponiya nümunəsi üçün M. Veberin təlimində əhəmiyyətli yer tutan protestant etikası yararlı ola bilməz; vacibdir ki, mütləq doğma ruhi aləmə, mənəvi areala, fəlsəfi-etik baxışlar sisteminə müraciət edilsin.

Beləliklə də, Yaponiyada sağlam biznesin, tərəqqiyə yol açan iqtisadiyyatın təşkili məqsədilə, ən yaxşı fəlsəfi-etik zəmin kimi, nəzər-diqqətini konfutsian etikaya yönəldir. Kiçik yaşlarından kanonik traktatları böyük səylə mənimsəmiş Eydzi belə bir nəticəyə gəlir ki, Konfutsinin əxlaqi-etik təlimi Yaponiyada sənət və ticarətin inkişafına, əməyin səmərəli təşkilinə cavab verir və olduqca müvafiqdir.

1868-ci ildə Sibusava Eydzi Yaponiyaya qayıdır və dövlət səviyyəsində imperator Meydzinin həyata keçirdiyi islahatlarda fəal iştirak edir.Maliyyə nazirinin birinci müavini və vergilər idarəsinin rəisi olaraq, 1872-ci ildə maliyyə və bank islahatlarının həyata keçirilməsində aparıcı şəxs qismində çalışır. 1874-cü ildə hökumətdaxili mübahisələrlə əlaqədar olaraq, maliyyə naziri ilə birgə, numayişkarcasına tutduğu vəzifəni tərk edir. O vaxtdan həyatının sonuna qədər Sibusava ömrünü Yaponiyanın ən məhsuldar modernləşmə modelinin hazırlanmasına həsr edir və öz praktiki fəaliyyətində (50-yə yaxın biznes növlərinin sahibi kimi!) təşəbbüs-müddəalarını sınaqdan keçirir.

Beləliklə, Konfutsinin “Lun yuy” əsərinin reinterpetasiyası üzərində ölkənin modernləşməsi və menecmentin təşkili nəzəriyyəsini – konfutsian kapitalizm nəzəriyyəsini yaradır. 

Eydzi anlayırdı ki, müasir biznes üçün kamil, yararlı insan formalaşdırmaq başlıca vəzifələrdəndir. Vacib idi ki, ilkin mərhələdə hakimiyyətlə yenicə qərarlaşan kapital arasında mövcud olan ziyanlı stereotipləri dəf edəsən, buxovlayıcı amilləri aradan götürəsən. Sibusava qeyd edirdi: “Biznesmenlərə münasibət onların sosial statusları ilə müəyyənləşirdi, hələ ki, onlar azad insanlar deyildi. Hökümət məmurları qarşısında ifratcasına baş əyir, biliklərin hansı təsirə malik olduqları barədə düşünmürdülər. Onlar heç vaxt biznesin yenidən təşkili və tənzimlənməsi üçün nəyin zəruri olduğu barədə fikirləşmirdilər”.

Konfutsinin kimliyi dəyərli oxuculara bəllidir və mən bu barədə geniş məlumat vermək fikrində deyiləm. Sadəcə, onu bildirim ki, məhz mütəfəkkirin yaşadığı dövrdə yeddi knyazlıqdan ibarət Çində siyasi və hüquqi mədəniyyət formalaşmış, dərin və hərtərəfli bilgilərdən bəhrələnmək dövlət idarəetməsinin ənənəvi prinsipinə çevrilmişdir. Ölkədaxili ziddiyyətlərdən və xarici qarşıdurmalardan yaranan problemlər Konfutsi kimi şəxslərə böyük ehtiyac yaradırdı. İntellektual kapital daşıyıcıları olan bu nadir insanlar dövlət və cəmiyyətin optimal təşkili, dövlət-cəmiyyət-şəxs, dövlət-xalq münasibət­ləri məsələləri ilə məşğul olur, müxtəlif nəzəriyyə və modellər işləyib hazırlayırlarmış. Bu məsələlərin çözülməsi ilə əsasən iki məktəb məşğul olub – leqistlər və konfutsiançılar.

S. Eydzi də, öz ölkəsinin və xalqının rifahı naminə, konfutsian ənənəsinə söykənən bu zəngin intellektual sərvətdən bəhrələnib. O, konfutsian iqtisadiyyat nəzəriyyəsinin banisi olmaqla yanaşı, öz ideyalarını uğurla həyata keçirmiş praktik, işgüzar adam, təsərrüfatçı və menecer kimi də tanınıb. Biznesin əlli növünə (bank işi, daşınmaz əmlakla bağlı əməliyyatlar, sığorta, dəmir yolları və s.) sahiblik edib. Tam əsaslı olaraq, Yaponiyada “ölkə sənayesinin və banklarının atası” adını daşıyır.

S. Eydzi habelə, konfutsian kapitalizmə dair mühazirələrlə dünyanın müxtəlif ölkə və şəhərlərində çıxış edib, bilik və təcrübəsini paylaşıb.

Qeyd edim ki, Sibusava Eydzi regionun başqa bir böyük islahatçısının – filosof, konstitusiyalı monarxiyanın apologeti, Çin millətçiliyi nəzəriyyəçilərinin ilkinlərindən biri Kan Yuveyin (1858-1927) müasiri olub. Lakin Kan Yuveyin 1898-ci il islahatları, Yaponiyanın gələcəyə sıçrayışına yardımçı olmuş Sibusava islahatlarından fərqli olaraq, müsbət nəticələr verməyib. Belə ki, Çini feodal məngənələrdən azad edə bilməyib və ölkənin mütərəqqi inkişafına elə də müsbət təsir göstərməyib, onu hərcmərclik, nizamsızlıq, haqsızlıq torundan çıxarmağa müvəffəq olmayıb. Şübhəsiz, uğursuzluğun öz səbəbləri olub və bu barədə ayrı-ayrı mütəxəssislər indi də müxtəlif fikirlər söyləməkdədirlər. Bəziləri əsas səbəb kimi Kan Yuveyin öz islahatları ilə siyasi sistemi dəyişmək, onu yenidən qurmaq cəhdini göstərirlər.

Qeyd edim ki, Kan Yuveyin islahatları barədə ətraflı məlumat tanınmış alim, akademik S.L. Tixvinskinin əsərlərində verilir. Ümumiyyətlə isə onun sosial və siyasi ideyaları heç vaxt lazəmınca praktikada reallaşmayıb.

Özünün məşhur “Lun yuy və mühasibat hesabatı” əsərində Sibusava Eydzi hər bir fəaliyyət sahəsində, biznesdə və idarəçilikdə əxlaqi tələblərin əhəmiyyətini vurğulayır. Onun qəti mövqeyi belədir: ictimai həyatın hər bir sahəsində əxlaqa söykənməyən, hiyləyə və fəndgirliyə arxalanan fəaliyyət yalnız ziyan gətirə bilər, cəmiyyəti tükəndirər; alicənab insan üçün var-dövlət və şan-şöhrət yox, əxlaqi prinsiplər birincilik təşkil edir; konfutsiançılara və samuraylara məxsus əxlaqi meyarlar müasir sənayeçinin və sahibkarın mənəvi fundamenti olmalıdır.

Sibusava Konfutsinin “Lun yuy”unu həm kommersiya istedadının inkişafı, həm də işgüzarlıq fəaliyyətinin əxlaqlılığı üçün zəruri mənbə sayırdı.

“Lun yuy və mühasibat hesabatı” əsəri bu gün də Uzaq Şərq iş adamları və kompaniyaları üçün “biznesin etikası” üzrə dərslik sayılır. Konfutsinin “alicənab kişi”sinə məxsus ləyaqətlər cəmi Yaponiyanın işgüzar adamlar modelinin əsasını təşkil edir. Ənənə elə fəzilətli adam obrazı formalaşdırıb ki, o, hər bir həyat sahəsində və hər zaman ümumi əxlaq qanunlarına müvafiq hərəkət edir, habelə, cəmiyyətdə öz yerini və rolunu bilir, ölçü meyarlarını tanıyır, qayda-qanunları ciddi surətdə gözləyir. Burada milli simanı, milli xarakteri formalaşdıran ləyaqət, şərəf haqqında təsəvvürlər, sanki, daxili imperativlər-ideal olaraq, sarsılmaz gücə malikdir və böyük rol oynayır.

İndiki qeyri-konfutsian arealda, xüsusən də Qərb ənənəsində, qlobal fəlsəfi həqiqətlərin gerçək həyatın problemlərinə elə də aidiyyəti yoxdur. Bu, həm də, xeyli dərəcədə tarixi irs, ənənə və müasirlik arasında qarşılıqlı əlaqələrin, dinamikanın zəifliyinə dəlalət edir, “dünən”in bugün və gələcək üçün faydasızlığını şərtləndirmiş olur. Eyni zamanda, hər bir tarixi dövr üçün mövcudluq və fəaliyyət paradiqmalarının zəruri zəminlərinin mütləq mənada yenidən işlənib ortaya qoyulmasını qaçılmaz edir. Belə olduqda, yaşanmış tarix, keçmiş, adət-ənənə, milli irs, nəsildən-nəsilə toplanmış potensial, mənəvi sərvət get-gedə daha çox “tarixi arxiv” materialına, yaxud da mənasız və faydasız qürrələnmə mənbəyinə çevrilir. Nəticə olaraq, tarixi irsin elementləri müasir həyatda, istər-istəməz, yalnız ştamplar, ehkamlar, müqəvva və heykəllər qismində “fəaliyyət” göstərirlər. Tədricən, aydındır ki, yalnız deklarativ surətdə və yaxud zahiri görünüş naminə keçmişə, tarixi köklərə “söykənən” cəmiyyət qidaverici və ruhlandırıcı mənbədən məhrum olur, onilliklər boyunca lazımsız bir yük kimi daşıdığı müqəvva-heykəllər onun ruhunu tükəndirir, haqq və ölçü hissini kütləşdirir, deməli, həqiqətləri üzünə bağlayır, onu tənəzzüldən tənəzzülə sürünməyə, ziyanlı şüar və baxışlarla mənasız mövcudluğa vadar edir.

Etiraf edək ki, tarix və müasirliyin bu cür qeyri-qənaətbəxş təması, səthi-primitiv uzlaşması bizim müsəlman cəmiyyətləri üçün də xarakterikdir.Azərbaycana gəldikdə, vəziyyət xeyli tündləşir, çünki vaxtilə bizim həqiqi tariximiz başqa xalqların xeyirinə saxtalaşdırılıb, daha doğrusu, oğurlanıb. Bu mənada kerçək tariximizin qaytarılması və adekvat mənimsənilməsi məsələsinin özü taleyüklü bir zəruri işdir. Digər tərəfdən, bu zəruri iş görülməzsə, biz öz kimliyimizi, milli struktur elementlətini və onların mürəkkəb əlaqələrini düzgün-dürüst öyrənə bilmərik və deməli, özünəməxsusluq səciyyələrini aşkarlayıb dərk etməkdə aciz qalarıq. Özünəməxsusluq səciyyələrini bilmədən isə nə milli maraqları ümumən ifadə edən kamil və işlək milli ideologiya, nə də müasirliyə cavab verən, gələcəyə etibarlı zəmin ola biləcək iqtisadiyyat qurmaq mümkün deyil. Güclü iqtisadiyyat özünü yaxşı tanıyan, öz haqqını və şərəfini qoruya bilən xalqlara yaraşır! 

Konfutsian təsərrüfat sisteminə daxil olan Yaponiya və Cənubi Koreyada, Çin və Vyetnamda, Tayvan və Sinqapurda keçmişə, ənənəyə, qədim fəlsəfi mətnlərə, mədəni irsə münasibət tamamilə başqadır. Bu münasibət qətiyyən zahiri görünüşə, ədəbli və vətənpərvər kimi özünü təqdim etmək cəhdinə hesablanmayıb. Əksinə, daxilən insani məzmun-mahiyyəti artırmaq, milli bütövlüyün üzvi hissəsi olmaq hüququnu və imkanını gücləndirmək, sağlam ailə ənənələrini qorumaq ideyasına xidmət edir. O hədəflərə ki, onlar xalqın bu gününü səadətə qovuşdurur və gələcəyini işıqlı, etibarlı edir. Bütün bunlar isə Dao yoluna sadiqlikdən keçir.

Bu yerdə Konfutsinin bəzi fikirlərini diqqət önünə gətirmək istərdim. O deyirdi:

“Bəlağətli danışmağa və həddən ziyadə ədəbli görünməyə cəhd edən insan mənəviyyatsız adamdır”.

“Balaca adam tarazlığının itirilməsinin səbəbini yalnız başqalarında görər”.

“Uğursuzluğunun səbəbini yalnız başqalarında axtaran adamın daxilini heç vaxt qəzəb və nifrət tərk etməz”.

“Şikayət və sızlamaların əlindən əsl hədəf görünmür”.

“Alicənab kişi özü ilə səmimidir, çünki başqalarından yox, özündən utanandır”.

“Balaca adamın əxlaqı başqalarından utanmaq üzərində qurulub, alicənab adamın isə əxlaqı özündən utanmaq üzərində”.

“İnsanilik yolçuluğunda bütün əngəllər cəhalət sədləridir və bütün sədlər də elmlə, öyrənməklə aşılır bu yolda”.

“Öyrənməyə ən doğru səfərbər olunan insan – səhvlərini azaltmaq üçün öyrənəndir”.

“Sülhsevərlik və ədalətlilik insana kənardan deyil, daxili kamilliklə gəlir”.

“İnsan özünü dəyişməyə və kamilləşməyə qadirdirsə, çıxış yolunu tapa bilər”.

“Alicənab kişi bütün nəcib keyfiyyətlərdən yararlanır, lakin onları istismar etmir”.

“Alicənab kişi ona görə nəcibdir ki, onun ürəyində yalnız ədalət və mərhəmət qayğıları qonaq ola bilir, yarınmaq, yaltaqlanmaq, qeyri-səmimi və yalan danışmaq kimi motivlər üçün onun ürəyinin qapıları bağlıdır”.

“İnsanilik ürəyin xoşbəxt olduğu yeganə iqlimdir və onu qorumaq çox çətin bir vəzifədir”.

“Müdriklik – ürəyini insanilikdə bərqərar etməyin sirrlərinə sahib olmaqdır”.

“Göydə – Günəşdə, Yerdə isə İnsanilikdə bərqərar olmuş ürəklər dünyanı nurlandırır”.

“Daima inciyənlər – incidərlər. İncimək – ummaqla bağlıdır. Alicənab kişilərin dünyaya verəsi şeyləri var, dünyadan nəsə almaq üçün yaşamırlar”.

“Alicənab kişi necə görünəcəyindən narahat olmur, necə olduğundan narahat olur”…

Konfutsinin bu kəlamlarını mən misal olaraq təqdim etdim ki, insanlarımızda bu böyük mütəfəkkirə, onun dərin və faydalı fikirlərinə maraq-diqqət daha da artsın, imkan düşdükcə, tükənməz xəzinədən bəhrələnsinlər. Mütəfəkkirin müdriklik məbədi olduqca zəngindir və hər bir xalq yaponlar, çinlilər, koreyalılar kimi, bu məbədə müraciət edərsə, yalnız uğur qazana, bugününü və gələcəyini daha yaxşı qura bilər. Düşünürəm ki, optimal meqatrendin müəyyənləşdirilməsi məsələsinin həlli də xeyli dərəcədə Konfutsinin hikmətlər xəzinəsinə, bütövlükdə, onun təliminə sayğılı və yaradıcı yanaşmadan asılıdır.

Əslində, bu, sadəcə, mənim düşündüyüm deyil, böyük bir arzu-istəyimdir ki, 80-ci illərin ortalarından indiyə kimi, vaxtaşırı səsləndirirəm. Bu arzumda israrlıyam və nikbinəm. Sibusava Edziyə, Den Syaopin, Tszən Tszinqo  kimi dahi tarixi şəxsiyyətlərə, onların nəzəri-praktiki təcrübəsinə öz əsərlərimdə tez-tez qayıdışım da bu motivlərlə bağlıdır.

Arzu-istəklərim istiqamətində, hörmətli oxuculara yardımçı olsun deyə, şəxsiyyətinə və elminə dərin hörmət bəslədiyim bir azərbaycanlı müəllifin – filosof Müşfiq Ötgünün (Müşviq Yarəhməd oğlu Şükürovun) “Tanımadığımız Konfutsi” adlı kitabının əhəmiyyətini vurğulamağı özümə borc bilirəm. Yuxarıda Konfutsinin kəlamlarından nümunələr gətirərkən, mən bu mənbədən də istifadə etmişəm. Qeyd edim ki, Müşviq Ötgün Xəlil Cübranın “Peyğəmbər” əsərinin (2009), Buddanın “Dhammapada”sının (2013) tərcüməçisidir.

Müşfiq Ötgünün “Tanımadığımız Konfutsi” kitabında təqdirəlayiq, orijinal, elmi yenilik elementləri ilə zəngin müəllif fikirləri çoxdur. Məsələn, onun gəldiyi nəticəyə görə, Konfutsinin “alicənab kişi” anlayışı Buddanın “brahman”ı ilə identiklik təşkil edir: “Konfutsinin nəcib kişi dediyi Buddanın brahman dediyidir”.

Qeyd edim ki, M. Ötgün “alicənab kişi” anlayışı qismində “nəcib kişi” ifadəsindən istifadə edir. O, “Dhammapada”dan belə bir iqtibas gətirir: “Dolaşıq saçlara, əsil-nəcabətə, yaxud doğuluşuna görə brahman olmurlar. Həqiqət və dhamma kimdədirsə, o, xoşbəxtdir və o, brahmandır”.

Burada pali dilində “dhamma” sözü M. Ötgün tərəfindən “ayə”, “hikmət”, “qanun” kimi təqdim olunur.

M. Ötgünün təqdimatında Konfutsinin və Buddanın natiqliyə münasibətləri də maraqlıdır. Hər ikisi də natiqliyi zahiri bir əlamət, bilavasitə müdrikliyə dəlalət etməyən xüsusiyyət kimi şərh edirlər. Konfutsiyə görə, özünü natiqliklə müdafiə etmək insanlarda ikrah yaradır, insanın içi boşdursa, natiqliyi onun rüsvayçılığını daha da artırmış olur. Budda da deyirdi:“Çox danışdığına görə deyil ki, o – müdrikdir”.

Fikir verin, böyük mütəfəkkirlərin natiqlik bacarığına sərgilədikləri ehtiyatlı münasibət bugünümüz üçün nə qədər aktual və əhəmiyyətlidir. Şəxsi və qrup maraqlarından, eqoizm, kin, nifrət və aqressiyadan qaynaqlanan natiqliklə, bəlağətli sözlərlə, kütlə psixologiyasına hesablanmış məftunedici şüarlarla xalqımızın başına nə qədər bəlalar gətirilib, faciələrə yol açılıb!? Ümumiyyətlə, zahiri cəlbediciliyə, görüntüyə, başqalarını ovsunlamağa və insanların gözündə özünü ədəbli, alicənab, ağıllı və ədalətli adam kimi təqdim etməyə hesablanmış davranış, o cümlədən, natiqlik heç bir vaxt və heç bir yerdə Xeyirə xidmət etməyib. Əksinə, ümumi işin gedişinə, cəmiyyətin və insanların mənəviyyatına, ictimai həyat nizamına yalnız ziyan gətirib. Görünür, elə bu səbəblər üzündən Konfutsi deyirmiş ki, bəlağətli danışan və ədəbli görünməyə çalışan adam – mənəviyyatsız kiçik adamdır.

Yox, heç kim gözəl, sərrast danışığın, natiqlik qabiliyyəti və nitq mədəniyyətinin əleyhinə deyil. Nizamlı, ölçülü-biçili, məna-məzmun yüklü, məntiq tələblərini ödəyən, yaradıcı fəallığa və əmələ təkan verən, xeyirxah məqsədlərə xidmət edən nitq – böyük bir nemətdir! Və bu nemətin formalaşması üçün cəmiyyət, dövlət var gücü ilə çalışmalı, xüsusən də böyüməkdə olan nəslin, yeniyetmə və gənclərin təlim-tərbiyəsində nitq mədəniyyətinin formalaşmasına önəmli yer verməlidir. Əlbəttə ki, bu istiqamətdə uğurların qazanılması xeyli dərəcədə sosial institutlardan, ilk növbədə, ailədən, valideynlərin məsələyə ciddi və yaradıcı münasibətindən asılıdır. Təkzibolunmaz həqiqətdir ki, valideynlərin, böyüklərin vaxtı boşa vermələri, onların məsələyə laqeydliyi, qeyri-ciddi yanaşması, son nəticədə, fəsadlara gətirib çıxarır. Özləri, demək olar ki, öz uşaqlarını şikəst edirlər. Belə ki, nitqin yuxarıda qeyd etdiyim meyarlara cavab verməsi, eyni zamanda, insanda normal psixikanın, şüur potensialının formalaşması deməkdir. Kamil nitq – kamil psixikanın, yaradıcı şüurun, məntiqi təfəkkürün məhsuludur. Yüksək dəyərə malik nitq və yazı qabiliyyəti yalnız hissi təfəkkür formaları zəminində formalaşa bilməz.

Ən vacib məqamlardan biri odur ki, yalnız normal psixika, şüur, məntiqi-rasional təfəkkür fəaliyyət göstərdiyi halda insanın öz-özünə tənqidi yanaşmasından, öz-özünü tənzimləməsindən, ictimai borc və ümumi xeyir naminə (zəruri və mümkün olan qədər) özünü məhdudlaşdırmasından bəhs etmək olar. Bu cəhətlər həm də özünükamilləşdirmənin başlıca şərtidir. Özünükamilləş­dir­məyə qadir olmayan şəxs cəmiyyətin və bəşəriyyətin kamilləşməsi istiqamətində heç bir müsbət nəticəli iş görə bilməz. Bu iddiada, yəni, özündən xaricdə olan məkanı yaxşılaşdırmaq cəhdində kimsə bulunarsa, bəlağətli-populust danışığına baxmayaraq, ictimai mühitə yalnız qəbahətlər, ziyan, hərcmərclik, xaos və faciələr gətirə bilər.

Müəyyən qədər açıqladığım bu “tərbiyə incəlikləri”ni, görünür, Sibusava Eydzinin atası yaxşı bilirmiş və təsadüfi deyildir ki, anadangəlmə fitri istedada malik oğlunun intellektual tərbiyəsinə maksimum diqqət yetirirmiş. Məhz bu diqqət və qayğı hesabına Sibusavada hələ gənc yaşlarından millyonlarla insana xas olmayan bir mühüm keyfiyyət də formalaşıb: ən yaxşı olanı duymaq, görmək, anlamaq və bəşəri sərvət qismində çıxış edəni nəzəri-praktiki mətləblər müstəvisində ciddi təhlildən keçirmək, müqayisə və ümumiləşdirmələr aparmaq; bu zəmində təqdirəlayiq, nümunə olandan heç bir sui-istifadələrə və haramçılığa yol vermədən, halallıqla bəhrələnmək, bəhrələnərək də yeni bilik, yeni yaradıcılıq nümunəsi ortaya qoymaq və bu yeni nümunənin yayılması, qərarlaşması üçün ağır zəhmətə qatlaşmaq. Baxın, bundadır əslində Sibusava Eydzinin mahiyyəti, onun fövqəladə  müdrikliyinin məğzi!

Elə bu qənaəti rəhbər tutaraq da, Sibusava Eydzi ilə bağlı olduqca vacib bir məsələyə öz münasibətimi bildirmək istəyirəm. Mövzuya aidiyyəti olan mütəxəssislər Çin mənşəli tanınmış sovet və Rusiya alimi L.C. Perelomovun 1998-ci ildə (“Конфуций: «Лунь юй»”) söylədiyi bir fikri öz əsərlərində təkrar-təkrar verirlər: “Protestant etikası ilə tanışlıq Sibusavanı belə nəticəyə gətirib çıxarır ki, o, Yaponiyanın modernləşməsi üçün yaramır”.

Hörmətli mütəxəssislər inciməsin, bu fikir kökündən səhvdir və əslində, Sibusavanın bir böyük reformator və şəxsiyyət kimi kimliyini alt-üst edir. Əks fikir söyləmək daha ədalətli və həqiqətə uyğun olardı. Maks Veber nümunəsi, həqiqətdə, Sibusava üçün bir ilhamverici mənbə, məktəb olub.

Belə ki, güclü müşahidə və təhlil qabiliyyətinə malik Sibusava, Avropada olarkən, qısa bir zamanda protestant etikasının mahiyyətini və onun Qərb dünyasında işgüzar-sivil kapitalizmin formalaşıb inkişaf etməsində  əhəmiyyətli rolunu çox gözəl anlayıb və dəyərləndirib. Dəyərləndirərək də ondan bir nümunə kimi faydalanmağı, öz vətəni Yaponiyanın modernləşməsində istifadə etməyi qarşısına məqsəd qoyub – ancaq yaradıcı, halal, ağıllı yolla! Sibusava, təbiətcə ağıllı, vicdanlı və ədalətli şəxsiyyət olaraq, bu imperativi də gözəl dərk edib: başqalarına məxsus olanı kor-koranə, zəhmət çəkmədən, yeni bilik ortaya qoymadan mənimsəmək və ondan faydalanmaq mümkün deyil, çünki İlahi Qüvvə buna izn verməz; Tanrı haramçılıqla ev tikməyi sevmir! O, qəti surətdə yəqin edib ki, Yaponiyanın tarixi irsini, mədəni-fəlsəfi ənənəsini, əxlaq və düşüncə kodlarını, keçmiş və müasir həyatının səciyyələr kompleksini nəzərə almadan, hərtərəfli və dərin təhlildən keçirmədən, nəhayət, halallıq qazanmadan müsbət nəticələrə sahiblənmək cəhdi – düzgün olmayan, mənasız işdir.

O, Avropada kapitalizmin qərarlaşıb inkişaf etməsində görkəmli fikir sahibi Maks Veberin misilsiz fədakarlığını möhtəşəm intellektual təcrübə-nümunə kimi yüksək dəyərləndirib, həmin nümunənin vətəni Yaponiyada yaradıcı formada, məxsusi cəhətlər nəzərə alınmaqla gerçəkləşməsini bir zəruri vəzifə olaraq öz qarşısına qoyub. Bu yolda da böyük tarixi nailiyyətə imza atıb. Yaponiyada, ümumiyyətlə, Uzaq Şərq mədəni-mənəvi mühitinə xas olan əxlaqın, tarixi-milli kodların, sosial dəyərlərin (yenidən baxışı və sintezi əsasında!) biznesə inkorporasiyasını həyata keçirib. Əxlaqın biznesə inkorpo­rasiyasında buddizmə və sintoizmə xas olan elementlərə konfutsian etikanın sistem tələbləri çərçivəsində yer və rol ayırıb. Belə də deyə bilərik: Sibusava “Lun yuy”u, ona “yeni həyat” verməklə, müasir biznesin etik dərsliyinə çevirib. Bu gün artıq bir həqiqətdir ki, bir çox Uzaq Şərq ölkələri iqtisadiyyatının əsasında konfutsian əxlaq dayanır.

Sibusava biznesdə (özü və başqaları üçün) Konfutsinin təlimində aşılanan belə bir kredonu vacib bilir və təbliğ edirdi: ağılla əldə olunmuş insaniliklə möhkəmləndirilməli və ləyaqətlə idarə olunmalıdır, əks halda hər şeyi itirmək və nüfuzdan düşmək təhlükəsi qaçılmazdır. Onun insanların səhvlərinə münasibəti də bizim refleksiya səviyyəmizə xas olandan ciddi fərqlənir və bu münasibətin kökündə də Konfutsi yanaşması durur: hər bir bəndə səhvdən sığortalanmayıb, ancaq buraxılan səhvə görə nifrət hissini alovlandıraraq amansızlığa və qəddarlığa əl atmaq düzgün deyil; əgər buraxılan səhv düzəldilmirsə, əsl səhv elə onda buraxılır. Eyni səhvi ikinci dəfə təkrarlamamaq – ağıla dəlalət edir, bunun üçün isə ən əvvəl gərək buraxdığın səhvi anlayasan. Səhvini anlamaq və etiraf etmək – axmaqlara xas əlamət deyil. Konfutsi deyərmiş: “Yalnız ən müdriklər və axmaqlar dəyişmirlər; müdriklər həqiqəti tərk edə bilmədikləri üçün dəyişmirlər, axmaqlar – özlərini”. Ümumiyyətlə, axmaqlığı psixi pozğunluğun bir qabarıq əlaməti kimi də qələmə versək, qətiyyən səhv etmərik. Yalan, yaltaqlıq, kin və aqressiya, amansızlıq və qəddarlıq, acgözlük və talançılıq özünü dəyişdirə bilməyən axmaq adamın mövcudluq üsuludur. Yalnız axmaqlar bir adamda bütün fəzilətlərin olmasını tələb edir.

Çox vaxtlar elə olur ki, hikmətli sözlər, dəyərli fikirlər söylənilsə də, cəmiyyətin və dövlətin təşkilinə, onların idarə edilməsinə dair orijinal nəzəriyyələr irəli sürülsə də, ictimai praktikada həmin ideya-nəzəri sərvəti reallaşdırmaq mümkünsüz olur, çünki bu sərvətə “xüsusi subyektivlik” üzündən ehtiyacsızlıq sindromu yaradılır, hansısa dəyərli baxışların real həyatda tətbiqinin qarşısı məqsədyönlü surətdə alınır. Görkəmli zəka sahiblərinə nəinki ictimai praktikada fikirlərini gerçəkləşdirmək imkanı verilir, hətta onların yeni fikir generasiyası qarşısında sədlər çəkilir, hər cür maneələr yaradılır. Bunlar da yetərli olmayanda, daha qəddar və amansız üsullara əl atılır.

Hakim mövqeyə yiyələnmiş “xüsusi subyektivlik” (bunun nə olduğu barədə artıq açıqlama vermişəm!) elə bir inadkarlıq və qəddarlıqla yeni sözün-fikrin qarşısını alır ki, hətta cəmiyyəti və dövləti də, son nəticədə, qurban verir – SSRİ-nin, bir çox müsəlman ölkələrinin acı aqibəti buna əyani sübutdur. Alim sözü, mütəfəkkir fikri söndürülürsə, cəmiyyət yaşaya bilməz, ən yaxşı halda, səfalət içində çırpına-çırpına sürünər, yadelli xarici qüvvələrin istismar və qarət obyektinə çevrilər. Gerçəkliyin istehzasına baxın ki, çox vaxt utanıb-qızarmadan xüsusi subyektivliyin daşıyıcıları belə rəzil vəziyyəti “müstəqilliyin təntənəsi” kimi qələmə verməyə çalışırlar.

Sibusava Eydzinin bəxti həm də onda gətirmişdir ki, yeni və ağıllı sözə daha həssas mühitdə, arealda və dövlətdə yaşayırdı. O yerdə ki, xüsusi subyektivliyin həcmi və dərəcəsi xalqın ümumi maraqları ilə, milli mənafenin tələbləri ilə məhdudlaşdırılırdı və Yapon imperatorluğunun üsuli-idarəsi rasional modernləşməyə ehtiyaclı və hazır olduğunu əməldə nümayiş etdirirdi. Konkret olaraq, artıq “Meydzi epoxası” adlanan yeni tarixi dövr başlamışdı. Bu mərhələ 1868-ci ilin 23 oktyabrından 1912-ci ilin 30 iyuluna qədər davam etmiş və imperator Mutsuxitonun adı ilə bağlıdır. Epoxanın adı o dövrün idarəçilik devizindən yaranmışdır: “Meydzi” ifadəsi “maarifçi idarəçilik” və yaxud da “işıqlı idarəçilik” deməkdir (yaponca “mey” – “işıq”, “bilik”; “dzi” – “idarəçilik” mənasındadır). Bu dövr Yaponiyanın özünütəcriddən imtina etməsi və dünya səltənətinə çevrilməsi ilə əlamətdar olmuşdur.

İmperator Mutsuxitonun 1869-cu ildə irəli sürdüyü siyasi məramnamə (andiçmə vədi) aşağıdakı prinsipləri ehtiva edirdi:

– demokratizm (dövlət işlərinin həllində ictimai rəyin nəzərə alınması) – (1-ci bənd);

– milli maraqların üstünlüyü (2-ci bənd);

– fəaliyyət azadlığı (3-cü bənd);

– məhkəmənin müstəqilliyi (4-cü bənd);

– biliklərin, bəşəri nailiyyətlərin səmərəli istifadəsi (5-ci bənd).

Bütün bu bəndlərin həyata keçirilməsi Yaponiyanın tərəqqisinə və möhkəmlənməsinə hesablanmışdı. Meydzi restavrasiyası ilə feodal struktur-quruluşa son qoyulmuş və Yaponiya kapitalist inkişaf yoluna qədəm qoymuşdur. XIX əsrin sonunda ölkənin iqtisadi gücünün əsasını təşkil edən spesifik bank və industrial birliklər (dzaybatsular) yaranmışdır.

Həqiqət ondan ibarətdir ki, modernləşmə nəticəsində Yaponiya olduqca mürəkkəb bir tarixi dövrdə təsirli iqtisadi və hərbi gücə malik imperatorluğa çevrilmişdir. Bəli, Meydzi hökuməti ekspansionist siyasət aparırdı, lakin bütün savaşlardan qalib çıxmışdır. Bu sırada Yapon-Çin müharibəsini (1894-1895), Tayvanın anneksiyasını (1895), rus-yapon müharibəsini (1904-1905), Koreyanın anneksiyasını (1910) göstərə bilərik.

Tam əsala deyə bilərik ki, 300 illik Romanovlar sülaləsinin tarixi sonluğunun baş verməsində də Meydzi modernləşməsinin təsirli rolu olmuşdur. Belə ki, 1904-1905 –ci illərin savaşında ağır məğlubiyyətə uğramış çar Rusiyası həm ölkədaxili ictimai rəydə, həm də dünya çapında əvvəlki nüfuzunu sürətlə itirməyə başlamış və daha da mürəkkəb, ziddiyyətli duruma düşmüşdür. Çar üsul-idarəsi artıq şübhə altına alınmışdır. Hətta hakim siyasi elitanın içində bu şübhələr sürətlə yayılmaqda idi. Əlbəttə ki, Rusiyanın geosiyasi rəqibləri belə fürsəti əldən verə bilməzdilər. Rus çarizminin yeniləşmə zərurətinə olduqca qeyri-həssas, ləng və qeyri-adekvat münasibəti onun qaçılmaz süqutu ilə yekunlaşmışdır.

Sibusava Eydzinin həyat və yaradıcılığı, onun biznesin təşkilinə və idarə olunmasına dair baxışları, sivil kapitalizmin inkişafı üçün verdiyi töhfə, əlbəttə ki, hərtərəfli və dərindən öyrənilməlidir. Azərbaycan elmi bu mövzuya biganə qala bilməz və qalmamalıdır. Sibusava nümunəsindən biz çox şey əxz edə bilərik. Keçmişi, müasirliyi və gələcəyi daha mükəmməl tərzdə uzlaşdıra, ictimai həyat sahələrinin üzvi inteqrasiyasını yüksək formada həyata keçirə bilərik. Nəticə olaraq, tamamilə yeni bir iqtisadi təfəkkür tipi formalaşdıra bilərik ki, həm milli-dini dəyərlərimizlə, həm də müasir bəşəri tələblərlə, yaradıcı elmi fikirlərlə səsləşər, ahəngliyin və sinergizmin pərvazlanmasına xidmət edər.

Düşünürəm ki, ilk növbədə, istedadlı gənclər bu istiqamətdə məqsədyönlü elmi-tədqiqat işlərinə cəlb olunmalı, dissertasiya mövzuları üzərində çalışmalıdırlar. Əlbəttə ki, müsbət nəticələrin alınması üçün ciddi təşkilati işlər aparılmalı və maliyyə dəstəyi olmalıdır.

Yalnız Sibusava və Yapon təcrübəsini dərindən öyrənməyə və ondan yaradıcı surətdə bəhrələnməyə biz ehtiyaclı və borclu deyilik, bütövlükdə dünyanın ayrı-ayrı ölkələrində ortaya qoyulmuş nümunələrə, müsbət nəticəli ictimai rekonstruksiyalara, görkəmli şəxsiyyətlərin reallaşdırdıqları möhtəşəm layihə və proqramlara olduqca həssas olmalıyıq. Zəruri mənbələr, faydalı əsərlər öz dilimizə tərcümə edilməli, burada irəli sürülən ideya və prinsiplər təbliğ olunmalı, yeni-yeni özəl fikirlərə zəmin yaradılmalıdır. Bu, həqiqi vətənpərvərliyin və millətsevərliyin danılmaz tələbidir!

Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 1 102          Tarix: 28-04-2018, 16:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma