Xəbər lenti

Tacikistanın Xatlon vilayətinin sakinləri içməli su dalınca gedirlər

 

Aleksandr Rıbin

fergananews.com, 31.05.2018

 

Keçən qış Pamir və Hindukuş dağlarına az miqdarda düşən qar indi Tacikistan, Əfqanıstan, Özbəkistan və İran əhalisi üçün ciddi problemlərdə əks olunur. Qıtlıq, ərzaq, içməli su problemləri və hətta hərbi əməliyyatlar – hədsiz dərəcədə günəşli və qarsız qış günlərinin nəticəsi bu cürdür.

 

Tacikistan

 

Tacikistan prezidenti Emoməli Rəhmon mayın ortalarında bildirib ki, ölkə çaylarının su ehtiyatı həcmi  keçənilki normayla müqayisədə dörd-beş dəfə azalıb. Rəhmon qeyd edib: “Payız və qışda yağıntının az miqdarı və indiki yazın isti havası, yəni quraqlıq xüsusən də qida məhsullarının ən böyük istehsalçısı Xatlon vilayətində, habelə başqa bölgə və rayonlarda  kənd təsərrüfatı bitkilərinə, heyvandarlıq sahəsinə də təsir edəcək”.

Tacikistan prezidentinin xatırlatdığı və ölkənin güneyində yerləşməklə Əfqanıstana bitişik Xatlon vilayətində hazırda yüzlərlə hektar sahə və otlağı gün yandırıb. Yerli sakinlər son dəfə haçan taxıl məhsullarını – buğdanı, arpanı və kətanı məhv edən bu cür quraqlıq hava olduğunu yada sala bilmirlər. Qeyd etməyinə dəyər ki, Xatlon Tacikistanın  ümumiyyətlə ən isti bölgəsi sayılır. Yayda vilayətin cənubunda havanın hərarəti Selsi üzrə +50 dərəcəyə çata bilər.

Emoməli Rəhmon Xatlon vilayətində meyvə təsərrüfatına baş çəkərkən

Bundan başqa, görünür, Tacikistanda olduqca quru və günəşli hava sel axınlarının gəlməsində öz rolunu oynayıb. Dağ yamaclarında isti havada torpağın aşınması tez-tez baş verir, buna görə də hətta qısa leysan yağışları da  selin gəlməyinə səbəb olur. Sel axınları mayın birinci yarısında yetərincə yüksək dağ silsilələrinin yerləşdiyi Soqdi vilayətinin ayrı-ayrı rayonlarına əsaslı ziyan vurub. Xüsusən də Pəncikənt rayonu ərazisində üç hektar əkin torpağı, Ruziobnok kəndində kəndarası 800 metrlik yol örtüyü və yerli sakinlərin on həyətyanı sahəsi korlanıb. Güclü sel Tacikistan paytaxtı Düşənbənin yaxınlığındakı Kanibadam və Vəhdət şəhərlərinə də ziyan vurub.

 

Özbəkistan

 

Özbəkistanın cənubunda Tacikistanla həmsərhəd və yaxud sərhədin yanında yerləşən rayonlarda sellərin cəmləşməsi insan qurbanına və yüzlərlə evi sel basmağa səbəb olub. Məsələn, Çirakçi rayonunda sel axınları qovuşarkən beş nəfər həlak olub. Həmin vilayətin Kitab rayonunda iki yüzdən çox evi sel basıb. Sellər vilayətdə körpüləri dağıdıb, yüz başdan çox davarı aparıb, habelə bəzi sakinlər nəqliyyat vasitələrinin itdiyini bildiriblər. Surxandərya vilayətinin Kumkurqan rayonunda evləri sel basdığından 800-ə yaxın yerli sakin təxliyə olunub. Quraqlığın kənd təsərrüfatı üçün nəticələrinə gəlincə,  Özbəkistan hökuməti artıq bildirib ki, bu il su qıtlığından düyü əkini 40%  – 162 min hektardan 94 min hektaradək azalacaq. Ümumiyyətlə, Səmərqənd vilayətində düyünün də aid olduğu təkrar bitki əkini 42 min hektar, Kaşkadarda 30 min hektar, Buxarada 20 min  hektar, Navoidə 14 min hektar, Qaraqalpaqstanda 10 min hektar azalacaq. Boş sahələrdə suya o qədər də tələbkar olmayan başqa bitkilər, məsələn, maş və paxla, həmçinin yem bitkiləri səpmək planlaşdırılır.

Özbəkistanda bazarda düyü satışı

Özbəkistan hökuməti qida ərzaqlarının qiymətinin kəskin sıçrayışını önləmək üçün fevraldan mayadək ərzağın ayrı-ayrı növlərinin ehtiyatını yaradıb. Ehtiyatda xüsusən də 57,4 min ton düyü saxlanıb. Amma görülən tədbirlər kömək etməyib. Özbəkistan Mərkəzi Bankının məlumatına görə, ölkədə mayda düyü 16,7% bahalaşıb. MB analitikləri səbəblərin içində gözlənilən quraqlıq ili, əkinlərin suvarılmasıyla bağlı problemlər və əkin sahələrinin azalmasını sadalayıblar.

 

Əfqanıstan

 

Qışda başlanan və indi də davam edən quraqlıq Əfqanıstan sakinləri üçün ərzaqla bağlı ən ciddi problemlər yaradıb. BMT məlumatına görə, Əfqanıstanın qərb və şimal rayonlarının iki milyona yaxın sakini aclıq təhlükəsi altına düşüb. Bu rayonlardakı quraqlıq üzündən buğda əkinini təxirə salmaq, ya da əkin sahələrini xeyli azaltmaq lazım gəlib. BMT Ərzaq və kənd təsərrüfatı proqramının təmsilçisi Əbdül Məcid durumu şərh edib: “Fermerlər bir çox hallarda toxumun necə quruduğunu seyr etməkdən savayı heç nə edə bilməyiblər… Quraqlıq 2017/2018-ci il qış kənd təsərrüfatı mövsümünə artıq mənfi və dönməzcəsinə təsir edib və gözlənildiyi kimi, 2018-ci ilin yaz-yay kənd təsərrüfatı mövsümünə də bundan az təsir etməyəcək. Son məhsul tamamilə əldən çıxıb”.

Qərbdəki Baqdis və Qor əyalətlərinin iyirmi mindən çox sakini artıq öz evini tərk etməyə və başqa, quraqlıqdan daha az ziyan çəkən rayonlara köçməyə məcbur olub. Əfqanıstanın şimali-şərq vilayətlərində Tacikistanla sərhədin yaxınlığında 1000 kəndən 600-ü artıq su qıtlığıyla üzləşib. Çay və irmaqlarda su azlığı məntiqi şəkildə ev heyvanları üçün örüşlərin qurumasına da gətirib çıxardır. Bu, köçəri heyvandar camaat üçün xüsusən ciddi problemlər doğurur. Mal-qaranın vəziyyəti pisləşib, sağım həcmi azalıb ki, bu da ev heyvanlarının qiymətdən düşməsinə gətirib.  Məsələn, qoyunun qiyməti ölkənin bütün ərazisində 25-40% düşüb, yemin qiyməti isə, əksinə, ikiqat artıb.

Qunduz əyalətinin kənd təsərrüfatı idarəsinin rəisi Məcidi izah edib: “Heyvanlar Bədəşxandakı həmişəki (mövsümi) otlaqlara gedib çatmaqdan yana dedikcə zəif düşüb. Çobanlar buna görə də heyvanları ora daşımaq üçün yük maşını tutmalı olurlar”.

Əfqanıstanın qurumuş otlağındakı keçilər

Artıq humanitar təşkilatlar quraqlıqdan daha çox əziyyət çəkən 1,4 milyon əfqanıstanlını ərzaqla təmin etmək üzərində işləyir. BMT humanitar məsələlərin koordinasiyası İdarəsinin dəyərləndirməsinə görə, ərzaq yardımı, habelə içməli suya normal çıxışı olmayan əfqanıstanlılara kömək üçün hazırda 115 milyon $ tələb olunur. Bu durum Əfqanıstan üçün heç də unikal deyil. 2008-ci ildə tam beş milyon əfqanıstanlı ərzaq qıtlığıyla üzləşib. Özü də donor ölkələrin ərzaq probleminin həllinə ayırdığı 404 milyon $-dan yalnız iyirmi faizi mənimsənilib. Bu, ərzaq yardımı proqramının gerçəkləşdirilməsi üçün ixtisaslı kadrların çatışmazlığıyla izah olunub. Qeyd edək ki, o zaman ölkədə durum indikindən xeyli sakit idi. Bu gün quraqlığın törətdiyi problemlər indiki anda Əfqanıstan əyalətlərinin, demək olar, yarısına toxunan müntəzəm hərbi əməliyyatlarla ağırlaşır.

Məsələn, Gilmənd əyalətində yaraqlılara tabe olan kəndlərin ağsaqqalları hökumətin nəzarətindəki rayonların bazarlarına yollanmaq üçün bu yaraqlılardan özəl icazə almalıdırlar. Uruzqan əyalətində adamlar çox vaxt hərbi əməliyyatlar və şəhərə aparan yollarda təhlükəsizliyin olmaması üzündən əyalətin inzibati mərkəzi Tarinkot şəhərindəki bazara gedə bilmirlər. Hərbi əməliyyatlara görə qonşu Qəndəhar əyalətinə yolun müvəqqəti bağlanmasından sonra Tarinkotun özündə buğdanın qiyməti 50%, təzə tərəvəzin qiyməti isə bir neçə gün müddətində dörd dəfə  qalxıb.

Əfqanıstan müdafiə naziri Tarik Şah Bəhraminin sözlərinə görə, Fərəh əyalətində taliblərin mayın ortalarında həyata keçirdikləri cəmləşmiş hücumu da “su resursları uğrunda mübarizə”dən törəmişdi (taliblər o zaman əyalətin inzibati mərkəzini, demək olar, ələ keçirməyə nail olublar). Bu həmlə yerli bəndlərdən birində – Səlmada işin başa çatmasıyla üst-üstə düşüb. Nazir həmlənin “su astarı”ndan danışarkən  suyla bağlı ciddi problemi olan və bu səbəbdən “Taliban”ın yardımıyla Əfqanıstanın su resurslarına çıxış əldə etməkdən ötrü onu dəstəkləməyə hazır olan “əlaqədar qonşular”ı xatırladıb. Yəqin ki, Bəhrami birbaşa Fərəh əyalətinə bitişik İranı nəzərdə tutub.

 

İran

 

Hazırda ABŞ-ın İranla nüvə sazişindən çıxması mövzusu İran xəbərlərində əsas yer tutur. Buna qədər ən çox müzakirə edilən mövzulardan biri ölkədə su təchizatıyla bağlı çoxalan problem idi. İranda son 50 ildə yağıntıların ümumi miqdarı hər il 1 millimetr azalır. Bunula yanaşı, havanın orta illik hərarəti hər on ildənbir 2 dərəcə yüksəlir.

İran əyalətlərindən birində qurumuş ağaclar

Qış həm Mərkəzi Asiya dövlətlərində, həm də İranda yağıntı düşməsində əsas mövsümdür. Qış yağıntılarının göstəriciləri suyla bağlı sıradakı durumu proqnozlaşdırmaq üçün əsasdır. Arxada qalan qış İran üçün son 50 ildə ən quraqlıq qış olub. İran ərazisinin artıq 96%-i müxtəlif miqyaslı quraqlıqlardan əziyyət çəkir. Ölkənin cənubi-qərbində Xuzistan ostanında (vilayətində) yağıntıların miqdarı yerindən asılı olaraq 30-80% azalıb. Su təchizatı problemləri  hökuməti kənd yerində limit tətbiq etməyə məcbur edib, amma bu, kəndlilər arasında anlayışla qarşılanmayıb. Bir sıra əyalətlərdə etiraz aksiyaları keçirilib. Özü də yerli məmurlar bəzi çıxışların qaşısını almaq üçün özəl polis bölmələrini cəlb etməli olublar.

Davamlı quraqlığın təkrarlanan, şiddətli yağışlarla əvəzlənən  dövriliyi İranın bir çox rayonlarında istisnadan daha çox bir qaydadır; qəfil daşqınlar isə belə hadisələrin təbii nəticəsi olur. Bu cür hava hələ xeyli əsr qabaq farsları zəruri suyu saxlamaqdan ötrü bərkə və kanat icad etməyə məcbur edib. Lakin bu gün bunların vasitəsilə su problemi həll olunmur. İran əhalisi, demək olar, 80 milyon nəfərdir. Bunun 12 milyona yaxını ölkədə adambaşına ən yüksək su məsrəfi göstəricisi olan Tehranda yaşayır.

Hələ 2012-də məlumat meydana çıxıb ki, İran Tacikistandan su almaq niyyətindədir. Bu mövzu 2014-də İslam Respublikasında növbəti quraqlıq baş qaldıranda yenidən böyüdülüb. Amma indiyədək bu yöndə gerçək addımlar atılmayıb.

 

Su uğrunda müharibə

 

“Fərqanə” İA hələ 2016-cı ildə su resurslarına görə Mərkəzi Asiyada silahlı münaqişələrin nə dərəcədə mümkünlüyü mülahizəsilə material dərc edib. Məqalədə xüsusən də “Oxfam” beynəlxalq xeyriyyə cəmiyyətinin Tacikistanda quraqlıq, qıtlıq, daşqın təhlükəsi və sel axınları haqda hələ 2012-də etdiyi xəbərdarlıqlar xatırladılır. Təşkilat ekspertlərinin iddia etdikləri kimi, buzlaqların 30%-ə qədəri 2050-ci ilə doğru qismən əriyəcək, ya da tamamilə yox olacaq. Məqalədə Orta Asiyada su problemini ağırlaşdıran daha bir sıra amillər sadalanaraq bundan son dərəcə acınacaqlı nəticə çıxarılıb.

İki il qabaqkı material bu cür bitir: “Bölgədə 60 milyondan çox adam (yarısı Özbəkistanda) yaşayır və altıda biri 2000-ci ildən sonra dünyaya gəlib. Bir neçə milyon özbək, qırğız və tacik Rusiya və Qazaxıstanda işləyir və bunun böyük qismi əhalisi sıx və susuz qalmış ucqar kəndlərin sakinləridir. Su təchizatı problemi hətta bölgənin iqtisadi lokomotivi Qazaxıstanda da yetişir. Azsulu, oraqvari, şortəmli və içməli su hissələrinə bölünən Balxaş gölü hövzəsi cənubi-şərqi Qazaxıstanın üç vilayəti, o cümlədən Alma-Ata üçün su qaynağıdır. Böyüklüyünə görə dünyanın on dördüncü gölü Balxaş Tyan-Şanın Çin hissəsindən qaynaqlanan İli çayının suyundan qidalanır. Çin bir neçə il qabaq İli suyunun bir hissəsini Çinin ağlasığmaz dərəcədə quraqlıq, hind-avropalılaırn haçansa ən şərq dövlətinin var olduğu, Böyük İpək yolunun keçdiyi, indi isə böyük neft və qaz yataqlarının aşkarlandığı vilayəti olan Tarim çökəkliyinə götürəcək kanalın inşasına başlayıb. Balxaşın səviyyəsi son dörd ildə yarım metr düşüb və gölə artıq Aral dənizinin taleyini vəd edirlər.

Bu cür öncədeyimlər işığında bölgədə silahlı münaqişələr imkanı böyükdürmü? İsveçrə professoru Marinotti hesab edir: “Cavab birmənalıdır: bəli!””

Bu gün nə görürük? Bir tərəfdən, Özbəkistanla qonşuları – birinci növbədə Tacikistan və Qırğızıstan arasındakı münasibətlərdə önəmli mülayimləşmə baş verib. Bu, müəyyən qədər ümid verir ki, bu yöndə sonrakı iş Özbəkistanın – Mərkəzi Asiyanın sovetsonrası ən sıx əhalsi olan respublikasının su problemlərini çözməyə şərait yaradacaq.

Başqa yandan, Əfqanıstanda durumun psiləşməsi davam edir. Ölkənin başqa rayonları içində şimaldakı Qunduz, Bədəxşan, Cauzcan, Fəryab və Təhar şimal əyalətlərində ayrı-ayrı qəzalar taliblərin və İŞİD deyilən qurumun dayağına çevrilib. Və bu əyalətlərdə və bütünlükdə Əfqanıstanda su və qida ərzağıyla bağlı prioblem artacaqsa, onda aydındır ki, Tacikistan, Özbəkistan və Türkməınistan sərhədlərində on müinlərlə, bəlkə də, yüz minlərlə qaçqın toplaşmağa başlayacaq.

Su resurslarıyla bağlı böhran iqtisadi əlaqələri qaçılmaz şəkildə qəlizləşdirəcək və “qara su bazarı”, “su qaçaqmalçılığı” və “su korrupsiyası” kimi hadisələr törədəcək. İranda su korrupsiyası halları artıq baş verir: orada bəzi bələdiyyələrin məmurları rüşvətə görə başqa bələdiyyələrə su aparmaq imkanı verirlər.

Tərcümə Strateq.az-ındır.

 




Ana səhifəyə qayıt        Baxış: 1 067          Tarix: 2-06-2018, 13:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma