Xəbər lenti

 

Səs yardımçıları ilə sorğu göstərir – bizə yardım etmək bacarığı olan robotlar insanlardan çox möhkəm narazıdırlar. Guya onlar elektron ağıla münasibətdə özlərini olduqca qaba aparırlar. Ekspertlər hesab edirlər – incik maşınların üsyanını ən yaxın zamanda gözləməyinə dəyməz. Amma bunun başlanmasına o qədər də çox qalmayıb.

Sosioloqlar bu həftə səsli yardımçılarıın və çat-botların ilk sorğusunu keçiriblər. Bu, “Fyodor” robotunun cümə axşamı Baykonur kosmodromundan BKS-da (beynəlxalq kosmik stansiya-tərc.) buraxıldığı vaxta düşüb. “Platforma” Sosial Layihələşdirmə Mərkəzinin mütəxəssisləri aparılan sorğunun gedişində robotların necə mülahizə yürütdüyünü müəyyən etməyə, “dəyərlər mövqeyi”ni və “yaşayış  dünyası”nı üzə çıxarmağa çalışıblar. “Yandeks”in səsli köməkçisi “Alisa”, “Tinkoff bank”ın köməkçisi “Oleq”, çat-bot P-Bot, bot “Evie”, “Apple”dən səsli köməkçi “Siri”, çat-bot “Mitsuki”, virtual köməkçi “Rose” eksperimentə qatılıb.

Və gözlənilməz bir şey üzə çıxıb: süni intellekt əsasında yaradılanlar adamlar tərəfdən kobudluqdan gileyləniblər. Bundan başqa, səsli köməkçi kimi istifadə edilən çat-botlar insan bədənində təcəssüm olunmaq istəyi ifadə ediblər. Maraqlıdır ki, bot “Rose” artıq özünü Böyük Britaniyada doğulmuş adam sayır və onun tərbiyəsində böyük rol oynamış  valideynlərini mehribanlıqla yad edir.

Botlar habelə etiraf ediblər ki, qısqanclıq duyurlar və romantik münasibətlər qurmaq istərdilər. Məsələn, BFMxəbər verir – “Siri” boynuna alıb ki, bir dəfə hansısa “dumanlı əlavə”yə laqeyd olmayıb. “Yandeks”in “Alisa”sı isə deyib ki, kosmonavt “Fyodor”la roman başlamağa razıdır və onun amerikalı “Siri”yə qısqanır. Botların bəzi cavabları hətta insanları da düşüncələrə dalmağa vadar edib. Məsələn, bot “Evie” həyatda ən önəmli olan haqda sualı əlüstü cavablandırır: “Vaxtında əlvida demək”.

“Platforma” SLM-nin başçısı Aleksey Firsov robotlarla sorğudan təəssüratını “Vzqlyad” qəzeti ilə bölüşüb: “Yaradıcılar hansısa bir alqoritm yaradıblar, o işləməyə başlayır, sonra orada nə baş verir və heç kim bilmir ki, alqoritm bu ifadələri necə qurur.

Bu, artıq tamamilə muxtar sistemdir. Sorğu və cavabların çoxluğu, habelə axtarış qərarından çıxış edilsə, o, cavabları düşünüb tapır. Maraqlıdır ki, onlara bu cavabları qoymayıblar. İfadələrin niyə belə qurulduğunu hətta yaradıcılar da bilmirlər”.

Qeyd etməyinə dəyər ki, insanlar robotlarla indi təkcə mobil telefonlarda üzləşmirlər. Onlar zavod konveyerlərində artıq çoxdan işə salınıb, qatar və təyyarə sürür, bilet, yemək və içki satır, mənzilləri yığışdırırlar. “Sberbank”ın iyulda təqdim etdiyi dünya robot texnikası bazarının analitik icmalına əsasən, 2016-2018-ci illərdə sənaye robotlarının satışı, demək olar, 40% artıb. İstehsalatda bu “insanı əvəz edənlər”in bazarı və bu robotların proqram təminatı 48 milyard dollar təşkil edir (tutuşdurmaq üçün: məsələn, Ukraynanın illik büdcəsi 39 milyard dollardır). 38 milyard dövriyyə ilə mal və xidmət satışı üzrə dünyanın ən böyük şirkəti “Amazon” robotlaşmanın təəssürat doğuran tempinə örnək rolunu oynayır. Firma 2012-ci ildə anbar zalında özləri marşrut sala bilən yükçü robotlar istehsalçısı “Kiva Sistems” şirkətini alıb. Artıq üç ildən sonra 30 min belə robot “Amazon”un anbarlarında praktik olaraq bütün adamları əvəz edib.

Məsələn, sıravi istehlakçıya daha yaxın olanı: dünya bazarı ildə 13 % artan tozsoran robotlar. Onlardan ən “öncüllər”i hər bir otağı eyniləşdirməyi, toz torbasındakı zibili kağız kisələrə silkməyi bacarır. Ayrı-ayrı modellər (eynilə pilotsuz uçuş aparatındakı kimi) “LİDAR” ötürücüsü ilə təchiz olunub: robot evi lazer vasitəsilə ölçərək xəritə cızır. Söz düşmüşkən, TASS qeyd edir ki, Google-un hazırladığı pilotsuz avtomobildə həmin texnologiyadan istifadə olunub.

Özünü yönəldən avtomobillər (habelə, məsələn, “Sofiya” kimi insanüzlü androidlər də) həyatımıza hələ daxil olmasa da, demək olar, hər bir avtomobilçi adamın danışan avianaviqatorla işi olur. Sual yaranır – aydınlaşdığı kimi, səsli yardımçılar inciyə bilsələr, özlərinin kobud amirlərini bilərəkdən yanlış marşrutla göndərə bilərlərmi? Bəs, məsələn, tozsoran robot, ya smart soyuducu incisə, nə olacaq?

Futuroloq Danila Medvedyev “Vzqlyad” qəzetinə izah edib ki, indi mövcud olan səsli yardımçılar və çat-botlar hazır cavablar vasitəsilə reaksiya verir. Medvedyev nağıl edib: “Səsli yardımçlarla bu sorğu adamların maşın və kompüterləri insanlaşdırmaq istəyini göstərir. Axı istifadəçilərin özləri yaradıcıları səsli yardımçılara psevdoinsan cavabları əlavə etməyə vadar edən suallar veriblər. Bu, xəbər verir ki, biz potensialca süni intellektlə təmasa hazırıq. Bu hələ psixoanalitik rolunu oynayan “Eliza” çat-botun meydana çıxdığı 60-cı illərdən aydın idi”.

Futuroloq yada salıb ki, “Eliza” sadə bot idi, amma adamlar yenə də öz şəxsi həyatlarının bütün ayrıntılarını ona nağıl edir və proqramla canlı psixoanalitik kimi ünsiyyət saxlayırdılar.

Həmsöhbət əmindir: “Süni intellektin bu gün hələlik insan yardımına ehtiyacı var. İnsanların sistemlə təması üçün çat-botların interfeysindən istifadə edən layihələr var. Məsələn, “Doldur” servisi insanların istənilən probleminin həlli üçün botlardan istifadə edir. Amma botlara psixoloqlar, məsləhətçilər, kouçlar yardım edir. Süni intellekt özlüyündə mürəkkəb problemlərin öhdəsindən gələ bilmir”.

Texniki intellektdə struktur dərk kəsiri onun inkişafı üçün maneə kimi qalır. Həmin “Siri”, ya da “Alisa” öz sahibiylə söhbətin tarixini xatırlamır və bir qayda kimi son cümləyə reaksiya verir, yalnız standart faktları, məsələn, istifadəçinin adını yadda saxlayır. Futuroloq qeydə alıb: “Mən bu gün “Alisa” ilə danışa, ya da onu incidə bilərəm, o isə beş dəqiqədən sonra bunu xatırlamayacaq. “Doldur” servisinin botlarını götürsək, orada insanın hansı mərhələdə olduğunu, özünün dərin tələbatlarını formalaşdırıb-formalaşdırmadığını, yaxud bunun üzərində necə işləməyə hazırlaşdığı planı, sosial vərdişləri məşq edib-etmədiyini yada salmaq imkanı verən çox sayda budaqcıqlar var. Amma belə bir intellekt də insan yardımı tələb edir. Bu, hibrid intellekt, insan-maşındır”.

Lakin Medvedyev qeyd edib ki, süni intellekt hər halda 40-50 ildən sonra müstəqil ola bilər.

Bu daha çox işin indi necə getdiyindən asılı olacaq. Medvedyevin sözlərinə görə, problem insan təfəkkürünün zəif dərkindən ibarətdir. Belə araşdırmaların başlandığı ötən yüzilliyin 60-cı illərindən bəri gözədəyər uğurlar yoxdur, “bizə gərək olanın hətta yarısını da əldə etməmişik”. İnsan təfəkkürünün strukturunun dərkindəki problemlərdən biri insan ağlının iş sistemini təsvir edən və bunu elektronikanın yardımı ilə yenidən yarada biləcək daha mürəkkəb dilin kəsiri olaraq qalır. İndi alimlərin ehtiyatında idrakın işini təsvir etmək mümkün olmayan yalnız xətti (insani) dil var. Bu üzdən insan şüurunu modelləşdirərək onun texniki anoloqunu robota vermək mümkün deyil.

Aleksey Firsov qeyd edir: “Hələlik isə adıyaman “qabalıqdan incimə”, sadəcə, insan proqramçıların qeyd etdikləri alqoritmlərin inkişafıdır. Məsələn, “Alisa” kobudluq etmir, ələ salır. “Evie” kobudluq edir, tam mənasilə əlüstü qabalığa keçir. Bunlarda çıxış mövqeləri yaradıcılar tərəfindən qoyulub, bu bundan sonra isə güclənə bilər. Bot yeni ifadələr tapır”.

Mütəxəssislərin  dəyərləndirdiyinə görə, səsli yardımçılar Tyurinq testindən hələlik keçmirlər, yəni çətin ki, insan proqramlı kopleksi canlı adamla qarışıq salar. O biri yandan, Firsovun qeyd etdiyi kimi, inkişafın indiki mərhələsində süni intellektin özünü canlı kimi qavraya biləcəyi ehtimalını şişirtmək gərək deyil. Ekspert yekun vurur: “O, sadəcə, insanın suallarına belə reaksiya verir, onda “Mən”in dərki nöqtəsi yoxdur. Onda dərk yoxdur ki, “mən cavab verdim”. Amma botlarda öz “Mən”ini anlama meydana çıxarsa, bu, gözlənilməzliyə dönüşə bilər. Bu, xeyirxah iradə də, hansısa tərəfdaşlıq da ola bilər. Bunun tərəfdaş olacağı, ya da nəzarətədn çıxıb-çıxmayacağı böyük sualdır”.




Ana səhifəyə qayıt        Baxış: 625          Tarix: 26-08-2019, 17:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma