Xəbər lenti

 

Müsəlman üçün öyrənməyə, fikrən yüksəlməyə və inkişaf etməyə Allah tərəfindən yer kürəsinə nazil edilən, Müqəddəs Peyğəmbərimiz tərəfindən dünyaya yayılan sevgili QURANımızın əvəzi, tayı-bərabəri olan ikinci bir kitabı müqayisə etməkdə çətinlik çəkərəm. Bütün dinlərin kitabına hörmət və ehtiramımı ifadə edərək Quranın bəşər sivilasiyasının tərəqqisinə bəxş etdiyi dəyərləri, dərin fəlsəfi baxışları idrak etmək təkcə müsəlman üçün deyil, hər bir insan üçün mənəvi ucalıq, paklıq, xeyirxahlıq, rəhmdillk rəmzidir. Yetər ki, Onu ürəyimizin baş tacı edib yaxşı-yaxşı öyrənə bilək. O zaman pislik, ədalətsizlik, haramçılıq, kimsənin haqqına girmək kimi ağır günahlardan Allah bizləri uzaqda saxlayacaq. Allahın və Quranın buyurmadığı əməllərin arxasınca qaçmağın bədəlini bu dünyada tam ödəyə bilməsək də, əbədi məkanımızda bunun cavabını hər kəsdən soracaqlar. Axıra qədər nə bu dünyanı tutub duran olub, nə də yığdığı sərvəti sonadək kimsə yeyə bilib. Hazırda islama itaət edən dünya müsəlmanlarının sayı 2 milyarda yaxınlaşır. Hindistanın müstəqillik tarixinin banisi Mahamad Qandi deyir ki, islamın bu qədər sürətlə yayılmasının səbəbi qılıncın gücünə deyil, əksinə sadəliyinə və peyğəmbərinin verdiyi sözə əməl etməsinə görədir. Dünyanın böyük mütəfəkkirləri, nəhəng dövlət və içtimai xadimləri islam dininin əxlaq, mənəviyyat və dünya düzəninə gətirdiyi töhvələrdən olduqca maraqlı və ibrətamiz fikirlər söyləmişlər. Napaleonun sözlərinə görə din elə bir qüvvədir ki, hz. Məhəmməd onun vasitəsi ilə dünyaya yeni bir yön verdi. İslam yaranışından barış və sülh dini olub. Qurani-Kərimin bəşər övladı qarşısında qoyduğu sarsılmaz vəzifələrdən və başlıca tələblərdən biri islamın adına yaraşmayan əməl və hərəkətlərin icrasına, dini ayinlərin keçirildiyi zaman islama ümumiyyətlə, aidiyyatı olmayan digər qanlı ayinlərə yer verilməsinə sağlam düşüncəli, azdan-çoxdan islama bələdçiliyi olan hər bir müsəlmanı mübarizəyə səsləməlidir. Adını müsəlman qoyub, lakin islamı hörmətdən salan, ona ləkə gətirən adamlar və qruplar ifşa edilməlidir. Əks-təqdirdə gələcəkdə dinimizin bəşər sivilizasiyasındakı yeri və əhəmiyyəti azalmağa başlayacaqdır. Şükürlər olsun ki, bu il ruhani idarəmizlə dövlətin müvafiq strukturlarının birgə və səmərəli işi nəticəsində Məhərrəm ayının müqəddəs günlərindən hesab olunan Aşura günündə imam Hüseyni yad edən ölkə müsəlmanları heç bir qatmaqatışıqlığa yol açmadılar. Lakin izlədiyim bəzi müsəlman ölkələrində baş verən hadisələri ağrısız və üzüntüsüz qarşılamaq sadəcə mümkün deyil. İraqda Aşurə günü əzadarlıqla bağlı keçirilən dini mərasimdə bir vəhşi atanın 12-13 yaşında oğlunu imam Hüseynə qurban deyərək camaatın gözü qarşısında başını kəsməsi və bu dözülməz acı mənzərənin sosial şəbəkədə yerləşdirilməsi adamı dəhşətə gətirir. Dəhşət azdır, uyğun söz tapmaq mümkün deyil. Bu nə Allahın yoludur, nə Quranımızın, nə də imam Hüseynin. Bu cür müsəlmanın olduğuna böyük şübhəm var. Kimdirsə islama düşməndir və məqsəd də dinimizə yer kürəsində nifrət yaratmaqdır. İsmayıl qurbanının tarixcəsi sübut edir ki, Allah-taalanın özü bu cür əməlləri islam üçün qəbuledilməz hesab edib. İbrahim peyğəmbərin birinci arvadı hz. Saradan övladı olmadığına görə qulluqçu hz. Həcərlə evlənməyi ərinə məsləhət görür. Bu icdivacdan İsmayıl dünyaya gəlir. Bir müddət sonra hz. Sara qısqanmağa başlayır və iş o yerə çatır ki, İbrahim peyğəmbərlə hz. Həcər ayrılırlar. Əri Həcəri və körpə İsmayılı Kəbəyə yaxın bir səhrada buraxıb geri qayıdır. Susuzluqdan və aclıqdan ağlayan İsmayıl dabanı ilə iki dəfə yerə təpik vurur. Ana özünü oda -közə vursa da oğluna bir çimdik su tapa bilmir. İbrahim peyğəmbər gəlib çıxır. Allah yolunda İsmayılı qurban kəsmək istəyəndə körpənin dabanını döydüyü yerdən su qaynayır. Zəm-zəm suyu ( yəni dayan-dayan mənasındsdır) böyük sürətlə axmağa başlayır. Elə bu anda Cəbrayıl peyğəmbər qoynunda Allah-taalanın qurbanlıq üçün göndərdiyi böyük bir qoçu çatdırır və beləliklə, İsmayıl ölümdən xilas olur. İndi necə ola bilər ki, Böyük Yaradanın rəva görmədiyi günah bir işi bəndə bu cür asanlıqla yerinə yetirsin?! Bu hadisə dinimizi baltalamağa və onu yıpratmağa yönəlmiş bir qəsdir. Belə vəhşiliklər lənətlənməlidir.Məhşur fransız pedoqoqu K.Helvetsi dini məsələlərə dəyər verərkən mövhumatın zərərlərini xüsusi olaraq qeyd edir. O, bildirir ki, mövhumata inam insanların sağlam düşüncəsini əlindən alır. Bəlkə burada mövhumat anlayışı törədilən o cinayət müqabilində adi səslənsin. Ancaq bütün bəlaların mövhumatçılıq və xürafatçılıqdan yararlandığını da bir kənara atmaq olmaz. M.F.Axundova ateist damğası vurulsa da o, bütün yaradıcılığı boyu bu zərərli dini tendensiyaların əleyhinə mübarizə aparmışdır. Təkcə "Kəmalüddövlə məktubları" əsərini dərindən hifz edə bilsək o zaman mövhumatın çox təhlükəli cərəyan olduğunu aydınca görərik.

ELDAR SABİROĞLU

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 551          Tarix: 22-09-2018, 19:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma