Xəbər lenti

Ovqat.com AZƏRTAC-a istinadən xəbər verir ki,Pekində Çin İctimai Elmlər Akademiyasının təşkilatçılığı ilə “Dəyişən dünya kontekstində Çinin inkişafı” mövzusunda beynəlxalq elmi simpozium keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nümayəndə heyəti təmsil edib.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Pekin Xarici Dillər Universitetində (PXDU) keçirilən görüşdə iki ölkənin elm və təhsil əlaqələrindən söz açılıb, Azərbaycanda Çin dilinin, Çində isə Azərbaycan dilinin tədrisinin münasibətlərimizin dərinləşməsinə töhfə verdiyi vurğulanıb.

PXDU-nun prorektoru Sun Youcun bildirib ki, əsasən xarici dillər üzrə kadrların hazırlanması ilə məşğul olan bu ali təhsil ocağında hazırda 80 xarici dil tədris olunur. Bu ilin fevralından Azərbaycan dilinin ikinci dili kimi tədrisinə başlanıldığını söyləyən prorektor növbəti tədris ilində Azərbaycan dili ixtisası üzrə tələbə qəbulunun planlaşdırıldığını diqqətə çatdırıb.

Professor S.Youcun PXDU-da Azərbaycan dilinin tədrisi prosesinə Azərbaycanın ali təhsil ocaqlarının, xüsusən Bakı Dövlət Universitetinin verdiyi dəstəyi xüsusi vurğulayıb, ölkənin digər ali təhsil ocaqları, eləcə də AMEA ilə əlaqələrin qurulmasını arzulayıb.

Akademik İ.Həbibbəyli PXDU-ya Azərbaycan dilinin və ədəbiyyatının tədrisi, tədqiqatı ilə bağlı hər cür dəstək verməyə hazır olduğunu deyib, bu istiqamətdə müəllim mübadiləsi, birgə konfransların təşkili (o cümlədən videokonfranslar), universitet üçün lazımi ədəbiyyatın təmin olunması, elmi jurnallarda qarşılıqlı olaraq məqalələrin çapını təklif edib.

AMEA-nın vitse-prezidenti PXDU-da Azərbaycan guşəsinin yaradılmasına da lazımi dəstək veriləcəyini bildirib.




Ana səhifəyə qayıt        Baxış: 1 119          Tarix: 20-11-2017, 22:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma