Xəbər lenti

Pentaqon 2018-ci il oktyabrın 1-dən başlayacaq 2019-cu maliyyə ilində xüsusi təyinatlı qoşunlara minlərlə əlavə əsgər cəlb etmək niyyətindədir.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qurum bu məqsədlə ABŞ Hərbi Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığının (United States Special Operations Command, SOCOM) fəaliyyəti üçün Konqresdən 13,6 milyard dollar ayrılmasını istəyib. Bu, Amerika xüsusi təyinatlı qüvvələrinin mövcud olduğu dövrdən bəri ən böyük məbləğdir.

“Military Times” qəzetinin məlumatına əsasən, SOCOM-un büdcəsi 2017-ci maliyyə ilində 11,8 milyard dollar, 2018-ci maliyyə ilində isə 12,6 milyard dollar təşkil edib. Komandanlıq rəhbəri general Reymond Tomas fevral ayının ortalarında Konqresin Nümayəndələr Palatasının silahlı qüvvələrin işi üzrə komitəsinin dinləmələrində çıxışı zamanı bütün dünyada ABŞ-ın maraqlarına “təhlükənin artması” səbəbindən xüsusi təyinatlı dəstələrin sayının və müvafiq olaraq büdcəsinin 10 faiz artırılması zərurətindən danışıb.

Hazırda Tomasın sərəncamında ordunun “yaşıl beretləri” və “Delta” döyüşçüləri, həmçinin dəniz diversantları (Navy SEAL) da daxil olmaqla, 70 min xüsusi təyinatlı əsgər var. Bu, 2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtona hücumlardan öncəki dövrlə müqayisədə iki dəfə çoxdur. Generalın sözlərinə görə, 2017-ci ildə ABŞ-ın xüsusi təyinatlı dəstələri dünyanın 149 ölkəsində yerləşdirilib. Son 10 ay ərzində müxtəlif əməliyyatlarda xüsusi təyinatlı 20 əsgər həlak olub, 144-ü isə yaralanıb.

Qərargahı Florida ştatının Tampa şəhəri yaxınlığındakı Makdill aviabazasında yerləşən Xüsusi Əməliyyatlar Komandanlığı 1987-ci ilin aprel ayında formalaşdırılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 642          Tarix: 28-02-2018, 17:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma