Xəbər lenti

Martın ortalarında bir qrup amerikalı senator “Şimal axını” boru kəmərinin ikinci növbəsinin çəkilməsində iştirak edən şirkətlərə qarşı sanksiyalar tətbiq olunmasına çağırıb.

Bu kəmərlə Ukrayna ərazisindən olan marşrutlardan yan keçməklə, Rusiyadan birbaşa Almaniyaya təbii qaz nəql olunmalıdır. AZƏRTAC xəbər verir ki, bu sahədə tanınmış ekspert, Almaniya İqtisadi Araşdırmalar İnstitutunun Energetika, nəqliyyat və ekologiya şöbəsinin rəisi Klaudiya Kemfert bu günlərdə bəyan edib ki, tənqid və hədə-qorxulara baxmayaraq, “Şimal axını” boru kəmərinin ikinci növbəsi çəkiləcək.

Ekspert Amerika siyasi isteblişmentinin və bu ölkənin iqtisadi lobbisinin mövqeyini izah edərək deyib: “ABŞ-ın bu layihə əleyhinə olmasının iki səbəbi var. Əvvələn, o, ölkənin qaz hasilatı sənayesini müdafiə etmək və Avropanı daha çox öz maye qazı ilə təchiz etmək istəyir. Buna görə də “Şimal axını” ona rahatlıq vermir. İkincisi, sırf siyasi səbəblər mövcuddur. Hazırda Qərb ilə Rusiya arasında münasibətlər həqiqətən o qədər də sadə deyildir və planlaşdırılan qaz kəməri siyasi bəyanatlar vermək üçün bəhanədir”.

K.Kemfert hesab edir ki, amerikalılar suyun təsiri ilə layın parçalanması metodu ilə neft və qaz hasilatına arxayındırlar. Onlar dünyanın təbii qaz bazarında öz mövqelərini möhkəmləndirməyə ümid bəsləyirlər. Hazırda ABŞ-ın ixrac imkanları məhdud olsa da, gələcəkdə o, dünya bazarına daha çox maye qaz çıxarmağı düşünür və “Şimal axını”nı tənqid etmək bəhanəsi ilə öz iqtisadi maraqlarını güdür.

Ekspert deyib: “Mən hazırda xüsusən layihəni həyata keçirən firmalara münasibətdə mümkün sanksiyaları real saymıram. Çünki ABŞ-ın özündə siyasi vəziyyət son dərəcə qeyri-sabitdir. Donald Trampın senatorların çağırışını nəzərə alacağı ağlabatan deyildir”.

K.Kemfertin fikrincə, Avropa enerji siyasəti nöqteyi-nəzərindən Ukraynanın mövqelərinin zəifləməsini istəmir. Narahatlıq yaradan budur ki, “Şimal axını”nın genişlənməsi enerji daşıyıcılarının idxal mənbələrini əsla şaxələndirməyə bilər, halbuki Avropa İttifaqı məhz buna can atır. Ekspert deyib: ”Əlbəttə, Avropa Energetika İttifaqı çərçivəsində müəyyən təlimatlar, müəyyən maraqlar var və onları qorumaq lazımdır. Amma unutmaq olmaz ki, “Şimal axını” artıq mövcuddur və işləyir, yəni söhbət mövcud layihəni genişləndirməkdən gedir”.

K.Kemfert əmindir ki, bütövlükdə layihə həyata keçiriləcək, çünki o, razılaşdırmalar mərhələsini çoxdan geridə qoyub. Odur ki, indi onun tamamilə dayandırılacağına ümid bəsləmək müşkül məsələdir. Amma eyni zamanda, yəqin ki, siyasi diskussiyalar üzündən ləngimələr olacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 656          Tarix: 23-03-2018, 17:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma