Xəbər lenti

Tatyana İvjenko,

“NQ”nin Ukraynadakı xüsusi müxbiri

 

Kiyev “müvəqqəti işğal edilmiş” hesab etdiyi əraziləri güclə geri qaytarmağa cəhd etməyəcək. Bu, ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Kurt Volkerin Ukraynaya sayca yeddinci səfərinin gedişində səsləndirilən başlıca xəbərdir. O, “müharibə bitdikdən, Donetsk və Luqansk Ukrayna nəzarətinə qayıtdıqdan sonra”  oralara da səfər edəcəyinə söz verərək, Donbasın Kiyevin nəzarətində olan rayonlarında və təmas xəttində olub.

Volkerin səfəri Ukrayna tərəfinin Donbasda apardığı əməliyyatın yenidən formatlanması fonunda baş tutub. May ayında 2014-cü ildən bəri davam edən antiterror əməliyyatı (ATƏ) yerinə, Birləşmiş Qüvvələrin Əməliyyatı (BQƏ) elan edilib. Birləşmiş qüvvələrin komandanı general-leytenant Sergey Nayev məlumat verib ki, idarəçilik sistemi və qüvvələrin cəlb edilməsi qaydası da dəyişib.

Bu il qəbul edilən Ukraynanın Donbasdakı fəaliyyət strategiyası haqqında qanuna uyğun olaraq, söhbət terrorçu qrupların neytrallaşdırılmasından deyil, “Rusiyanın silahlı təcavüzünün qarşısının alınmasından və dəf edilməsindən” gedir. O deyib: “Həlledici fərq odur ki, bu, hərbi əməliyyatdır”.

Çərşənbə axşamı Nayev Volkerlə hərbi əməliyyat zonası yaxınlığında görüşüb. Son həftələrdə təmas xəttində vəziyyət yenidən kəskinləşib – bombardmanların sayı sutkada 50-dən yuxarıyadək artıb.

Söhbət Ukrayna Silahlı Qüvvələrinə (USQ) ABŞ hərbi yardımından gedə bilərdi: ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi tank əleyhinə “Javelin” raket komplekslərinin artıq Ukraynaya çatdırılması haqqında informasiyanın verilməsindən həmən sonra gəlib.

Ukrayna Ali Radasının Milli təhlükəsizlik və müdafiə komitəsinin üzvü Dmitri Tımçuk “Apostrof” nəşrinə verdiyi şərhdə qeyd edib ki, “BQƏ və ABŞ komplekslərinin verilməsi haqqındakı məlumatları Rusiyada və qondarma respublikalarda birmənalı qarşılayıblar. İddiaya görə, Kiyevin işğal edilmiş Donbas probleminin güc yolu ilə həlli varinatına hazırlıq prosesi gedir… Bu, elə qəbul edilib ki, guya, Kiyev elə sabah bütün istiqamətlər üzrə hücuma hazırlaşır”.

Onun fikrinə görə, DXR və LXR-də Volkerin səfərini elə bu kontekstdə qiymətləndiriblər.

Görünür, qonağın USQ-nin hücumunun planlaşdırılmadığı haqqındakı bəyanatına məhz elə buna görə bu qədər diqqət ayrılıb. Kurt Volker ənənəvi olaraq qeyd edib ki, o, eləcə də Ukrayna rəhbərliyi şərqdə olan münaqişəni daxili, vətəndaş qarşıdurması hesab etmir. O, artıq öncə səsləndirdiyi mövqeyini təkrar edərək bildirib ki, dörd ildir Donbasda Rusiya ilə Ukrayna arasında müharibə gedir.

Volker, BBC-yə verdiyi şərhdə belə anlayışdan çıxış edərək, qeyd edib ki, Kiyev “artıq Rusiya tərəfindən işğal edilən əraziləri” güclə geri qaytara bilməz, çünki “Rusiya çox güclüdür”. Lakin Qərb Ukraynaya kömək etməyə davam edəcək, axı “əgər Ukrayna mövqelərini saxlaya bilməsə, bu, yeni hücumlar üçün dəvət olacaq”.

Siyasi tənzimləmə yolundan danışarkən, amerikalı məmur deyib ki, “Rusiya üçün təcavüzün qiyməti artacaq”. O, “Rusiya qoşunlarının” çıxarılmasının və Ukrayna-Rusiya sərhədi üzərində beynəlxalq nəzarətin təmin edilməsinin vacibiliyi haqqındakı köhnə tezisini təkrarlayıb. Volkerin sözlərinə görə, bu vəzifələri BMT-nin Beynəlxalq Sülhməramlı Missiyası yerinə yetirə bilər.

Səfər gedişində Rusiyanın BMT TŞ-də veto hüququnun olması haqqında çox danışılıb. Sülhməramlı Missiyanın mandatı haqqındakı Ukrayna baxışı ilə Moskvada razı olmadıqlarına görə, hələlik qərar qəbul edilə bilməz.

ABŞ təmsilçisi “Əgər Rusiya bu münaqişədən çıxmağa qərar verərsə, onda öz qoşunlarını çıxarmalıdır… Əgər Rusiya sülhməramlılar üzrə qərara veto qoyarsa, bu, o demək olacaq ki, o, bu müharibənin bitməsində maraqlı deyil” deyərək, mövqeyini dəqiq ifadə edib.

Çərşənbə günü Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri Vasili Qriçakla görüşü zamanı o, Ukrayna tərəfinin məlumatlarına əsasən, ölkə ərazisində Rusiya qoşunlarının olduğunu təsdiq edən hansısa sübutlar alıb. Volker prezident Pyotr Poroşenko və Ali Rada deputatları ilə Sülhməramlı Missiyanın təşkili, Donbasın humanitar problemləri və saxlanılan şəxslərin mübadiləsi məsələlərini müzakirə edib. Yeri gəlmişkən, Kiyevdə o, əsir və girov adlandırılanların valideyinlərilə də təmasda olub.

Amerikalı qonaq bu gəlişində diqqətini məhz humanitar məsələlərə verib. Öz səfərinə o, Popasnaya ziyarətilə başlayıb, həmçinin Slavyanskda olub. Yerli sakinlərlə təmasda olduqdan sonra “Amerikanın səsi” radiosuna deyib: “Maraqlıdır ki, onların hamısı rusca danışırdı. Bunlar, şübhəsiz, etnik ruslardı. Onların hamısı burada (Donbasda – “NQ”) yaşayır və deyirlər ki, ən başlıcası sülhdür və ərazini Ukraynaya qaytarmaq lazımdır. Onlar bunu çox açıq şəkildə ifadə etdilər”.

“Qaytarmaq” dedikdə, həm Volker, həm də Ukrayna hakimiyyəti DXR və LXR-in ləğv edilməsini nəzərdə tutur. Əvvəllər respublikaların hakimiyyət nümayəndələri etirazlarını bildirirdilər ki, Qərb təmsilçiləri vəziyyəti qeyri-obyektiv olaraq dəyərləndirirlər, çünki DXR və LXR-ə səfər etmirlər.

Volker, belə səfər ehtimalı ilə bağlı verilən suala cavab verərkən qeyd edib ki, Donetsk və Luqanska yalnız müharibə bitdikdən və ərazilər Ukrayna hakimiyyətinin nəzarətinə qaytarıldıqdan sonra gedəcək.

Sonra o, “Amerikanın səsi”nə verdiyi müsahibədə qeyd edib: “Rusiyalılar ukraynalıları və beynəlxalq birliyi oyuncaq rejimlərlə – qondarma Donetsk və Luqansk xalq respublikaları ilə təmas qurmağa məcbur etməyə cəhd edirlər. Amma onlar həqiqətən nəzarətə malik deyillər… Və buna görə də ruslarla danışmaq lazımdır”.

Volker hələ yanvar ayında Rusiyalı həmkarına, RF prezidentinin köməkçisi Vladislav Surkova müəyyən kompromis təklifləri vermişdi. “NQ” mənbələrinin məlumatlarına görə, bu təkliflərdə bütün Donbas ərazisinə (mümkündür ki, mərhələ-mərhələ) sülhməramlıların yeridilməsinin Minsk razılaşmasının maddələrinin yerinə yetirilməsilə əvəzlənməsinin mümkünlüyü haqqında söhbət gedirdi. Sonuncunun(Minsk razılaşmasının maddələrinin yerinə yetirilməsi – tərc.) Kiyevdə təkid edilən ardıcıllıqla – öncə bütün hərbi maddələrin yerinə yetirilməsi, sonra bütün siyasi həllərin olması vacib deyil. Lakin Volkerin sözlərinə görə, Rusiya tərəfinin cavabı hələ ki yoxdur. Kiyevdə isə son günlər amerikalılarla danışıqlarda Surkovun digər RF nümayəndəsilə əvəzlənməsi ehtimalını aktiv müzakirə edirlər.

Beynəlxalq məsələlər üzrə ekspert Andrey Buzarov “Azadlıq” radiosuna verdiyi şərhdə qeyd edib ki, Kurt Volker ötən ildən təkrar edir: “Mahiyyət ondadır ki, rusların istəyi olmalıdı (münaqişəni həqiqətən tənzimləmək üçün – “NQ”)”. Onun fikrincə, bu gün kompromis hazırlığını göstərən bir şey yoxdur, çünki Rusiya tərəfi pauza götürüb, bu da 2019-cu ilin baharında Ukraynada keçiriləcək prezident seçkilərinədək uzana bilər.

“Rusiya pauza götürüb, bu, hamıya aydındır. Nə Surkov-Volker formatı, nə Normand danışıq prosesi, nə də Minsk qrupu çərçivəsində irəliləyiş yoxdur” deyərək, Buzarov qeyd edib ki, Rusiyada münaqişənin tənzimlənməsi üçün “kimin nə təklif edəcəyini” izləyirlər.

Ekspert qeyd edib ki, bugünədək artıq bir neçə təklif açıqlanıb: Yuliya Timoşenko planı, Arsen Avakov planı və s. Onların hamısı BMT sülhməramlılarının yeridilməsini və Minsk razılaşmasının mərhələ-mərhələ yerinə yetirilməsini nəzərdə tutur.

Bugünədək yalnız “Müxalifət bloku”nun nümayəndələri sülhün təsis olunması naminə Donetsk və Luqanskla birbaşa danışıqlar aparmağa hazır olduqlarını bəyan ediblər.

Çərşənbə günü “Müxalifət bloku”nun lideri Yuri Boyko digər parlament fraksiyalarının nümayəndələrilə birlikdə Kurt Volkerlə görüşüb. Görüşdən sonra o, NewsOne  televiziya kanalına deyib ki, “Yalnız münaqişənin bitməsi üçün “yol xəritəsi” olan Minsk razılaşmalarına əsaslanan siyasi həll yolu mümkündür. Birinci mərhələ sülhməramlıların yeridilməsidir…”

Boyko, digər Ukrayna siyasətçiləri kimi, hesab edir ki, Sülhməramlı Missiya tədricən yerləşdirilə bilər: “Birinci mərhələdə atəşkəsi təmin etmək üçün sülhməramlılar təmas xəttində durmalıdır. Sonra qoşunlar çəkilməlidir”.

Yerdə qalan məsələlərdə “Müxalifət bloku” liderinin təklifi digər Ukrayna siyasətçilərinin ideyaları ilə üst-üstə düşmür, çünki Minsk razılaşmasının hərbi və siyasi maddələrinin ardıcıl yerinə yetirilməsini nəzərdə tutur.

Boyko bildirib: “Sonra siyasi məsələlər həll edilməlidir: ağır cinayət törətməyənlər üçün əfv haqqında qanun və ifrastrukturun bərpası üçün bir neçə illiyinə Donbasın xüsusi statusu haqqında qanun qəbul edilməlidi. Ondan sonra, Minsk razılaşmasına əsasən, Ukrayna qanunvericiliyinə uyğun olaraq seçkilər keçirilməlidi. İqtisadi münasibətlər bərpa olunmalıdı. Ukrayna sərhədçiləri Ukrayna-Rusiya sərhəddi üzərində nəzarəti ələ almalıdı”.

O qeyd edib ki, Donbasın problemlərinin həlli üçün dialoq lazımdır: “Hər şeydən öncə söhbət RF-dən və bizim dövlətimizin rəhbərliyindən gedir… Dialoq olmalıdı. Bugünkü hakimiyyətsə ilk növbədə öz reytinqinə görə qorxur. Əgər onlar qorxurlarsa, biz Ukraynada sülhə nail olmaq üçün danışıqlara girməyə hazırıq. Biz öz reytinqimizə görə qorxmuruq. Hərbi münaqişənin bitirilməsi üçün biz birbaşa danışıqlara hazırıq”.

Ekspertlər qeyd edirlər ki, Kurt Volkerin müstəqil qərar qəbul etmək səlahiyyəti yoxdur. O, yenidən hamını dinləyib və çıxardığı nəticələri ABŞ rəhbərliyinə çatdıracaq.

Ukrayna XİN-in sabiq rəhbəri Vladimir Oqrızko “Svoboda” radiosuna deyib ki, Donbas üzrə danışıqlardakı Rusiya pauzasının uzunluğu Amerika tərəfinin hərəkətlərindən asılı ola bilər. Onun sözlərinə görə, ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamenti, “əgər bu iki struktur prezident Trampı inandırarsa”, təsir alətlərinə malikdir.

Tərcümə Strateq.az-ındır

 




Ana səhifəyə qayıt        Baxış: 320          Tarix: 19-05-2018, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma