Xəbər lenti

Fotoda: Mustafa Kamal (1919-cu il)

 

Murat Bardakçı

“Habertürk”, Türkiyə, 19 may 2018-ci il

 

Mustafa Kamal Paşanın Samsun səfəri haqqında indiyə qədər çox şey yazılıb və deyilib. Bu gün bu səhifədə Samsun səfəri və səfər sonrası ilə bağlı olan dörd sənəd görürsünüz. Sultan Vəhidəddinin 30 aprel 1919-cu ildə Mustafa Kamal Paşanı Samsundakı 9-cu Ordu Müfəttişliyinə təyin etməsilə əlaqədar olan əmrinin, yəni “iradə”sinin görüntüsü ilə bərabər, digər üç sənəd mətbuatda ilk dəfə nəşr edilir.

Qeyd etdiyim kimi, Mustafa Kamal Paşanın 1919-cu ilin mayında etdiyi Samsun səfəri haqqında bu günə qədər çox şey yazılıb, deyilib və bu səfərin səbəbilə bağlı ortaya müxtəlif iddialar atılıb.

Bu gün bu səhifədə türk mətbuatında ilk dəfə nəşr edilən bu sənədi görürsünüz: Sultan Vəhidəddinin 30 aprel 1919-cu ildə Mustafa Kamal Paşanı Samsundakı 9-cu Ordu Müfəttişliyinə təyin etməsilə əlaqədar olan əmrini, yəni “iradə”sini…

Sol üst tərəfində Padşahın imzası olan sənəddə deyilir: “Ləğv edilmiş İldırım Qrupunun komandanı Mustafa Kamal Paşa 9-cu Ordu Korpuslarının Müfəttişliyinə təyin edilmişdir. Padşah əmrinin icrasına görə Hərbi Nazir (Müharibə Naziri) cavabdehdir”.

Hicri – 22 Rəcəb 1337-ci il, Rumi – 30 aprel 1335-ci il, yəni 1919-cu il tarixli padşah əmrində Sədrəzəm Damad Fərid ilə Hərbi nazir Şakir Paşanın da imzaları vardır.

Bu qərar, imzalanmasından 5 gün sonra – 5 may 1919-cu ildə o dövrün rəsmi qəzeti olan “Takvim-i Vekayî”nin ilk səhifəsində də nəşr edilib qüvvəyə minəcəkdir…

Yaxşı, bəs Sultan Vəhidəddin belə bir qərarı niyə verdi? Hətta daha açıq şəkildə soruşmaq lazımdırsa, Mustafa Kamal Paşa Anadoluya niyə göndərildi?

 

İki təməl səbəb vardı

 

Türkiyədə bir kəsim Paşanın Samsun səfərini Sultan Vəhidəddinin əmri ilə və “məmləkəti qurtarmaq” məqsədilə etdiyinə inanır, bundan çıxış edərək də padşahın “Qurtuluş Müharibəsinin gizli memarı” olması iddiasını irəli sürür.

Lakin o dövrlə bağlı sənədlər və xatirələr ciddi şəkildə araşdırıldıqda, bunun belə olmadığı, Mustafa Kamal Paşanın Samsuna göndərilməsinin arxasında tamamilə başqa düşüncələrin olduğu görünür.

Burada öncəliklə arzu edilən, bölgənin türk və rum sakinləri arasında başlamaq üzrə olan toqquşmaların önlənməsi, Samsunun və 9-cu Ordunun məsuliyyət sahəsində olan digər şəhərlərin, – toqquşmalar bəhanə edilərək və “Mondros Atəşkəs Müqaviləsi”nin müttəfiqlərə təhlükəsizlik səbəblərilə məmləkətin hər hansı bir yerini işğal etmək haqqı tanıyan 7-ci maddəsinə istinad edilərək, – düşmən əsgərlərinin işğalına məruz qalmasının əngəllənməsidir.

Sultan Vəhidəddin eyni zamanda vəzifədə olduğu bölgədə özbaşına hərəkət edərək, silahlı müqavimət təşkil edəcəyindən əmin olduğu Mustafa Kamal Paşanın əmrində olan qüvvələrdən, yeri gəldikdə, istifadə etməyi və yaxın bir gələcəkdə başlayacaq sülh danışıqlarında da arxasında bu gücün varlığını hiss etdirərək, oturmağı arzu etməkdə idi.

Anadoluya göndərilən yeganə səlahiyyətli şəxs Mustafa Kamal Paşa deyildi, digər paşalar da müxtəlif yerlərdə vəzifə almışdılar. Bütün bu təşəbbüslərin səbəbi, bax bu düşüncələr idi, lakin nəticəyə nail olan Mustafa Kamal Paşa olmuşdur.

 

Bir dövlət əməliyyatı

 

Paşanın Samsuna səfər etməsi onsuz da gizli-filan deyil, bir dövlət əməliyyatı olub!

O dövrün padşahı Sultan Vəhidəddin ilə sədrəzəmi Damad Fərid Paşa hazırlıqların hər mərhələsində vəziyyətdən xəbərdar ediliblər, rəsmi yazışmalar gizli deyil, açıqca aparılıb və dövlətin əlindəki ən rahat gəmilərdən biri olan “Bandırma” da bu səfər üçün ayrılıb.

Mustafa Kamal Paşa, Samsun səfərindən illər keçəndən sonra, “Bandırma” gəmisi ilə yola çıxmazdan öncə “Ulduz” sarayında Sultan Vəhidəddini ziyarət etdiyini anladır və xatirələrində görüşlərini belə nəql edir:

“…“Ulduz” sarayının kiçik bir salonundaVəhidəddinlə, demək olar ki, “diz-dizə” deyiləcək qədər yaxın oturduq. Sağında dirsəyini dayamış olduğu bir masa və onun üstündə də bir kitab var. Salonun Boğaziçinə doğru açılan pəncərəsindən gördüyümüz mənzərə budur: bir-birinə paralel xətlər üzərində duran zirehli düşmən gəmiləri! Göyərtələrindəki toplar sanki “Ulduz” sarayına tuşlanmışdır! Mənzərəni görmək üçün oturduğumuz yerlərdən başlarımızı sağa-sola çevirmək yetərli idi.

Vəhidəddin, danışmağa heç unutmayacağım bu sözlərlə başladı:

– Paşa, paşa, indiyə qədər dövlətə çox xidmət etdin. Bunların hamısı artıq bu kitaba girib.

Əlini həmin bəhs etdiyim kitabın üstünə basdı və əlavə etdi:

– Tarixə keçib.

O zaman bunun bir tarix kitabı olduğunu anladım. Diqqətlə və sakitcə dinləyirdim:

– Bunları unudun, – dedi. – Əslində, indi edəcəyin xidmət hamısından mühüm ola bilər. Paşa, dövləti qurtara bilərsən!

… Ona bəsit cavablar verdim:

– Xoş münasibətinizə və etimadınıza görə təşəkkür edirəm. Əlimdən gələn xidməti göstərməkdə qüsur etməyəcəyimə inana bilərsiniz.

… – Dedim ki, narahat olmayın, əfəndim. Düşüncənizi anladım. Əmriniz olursa, həmən hərəkət edəcəyəm və mənə əmr etdiklərinizi unutmayacağam.

Şahanə “Uğur olsun!” xitabını eşitmə şərəfinə nail olduqdan sonra, hüzurundan çıxdım”…

“Samsun əməliyyatı” bax belə başladı, lakin sonrakı aylarda Mustafa Kamal Paşa ilə sarayın və “Babi- ali”nin (hökumət – tərc.) münasibətləri tədricən pozuldu…

Fotoda: Mustafa Kamal Paşa, Samsuna doğru hərəkətindən bir neçə həftə öncə. Uniformasındakı qalın ipək iplər (kord və ya kordon – tərc.) onun Sultan Vəhidəddinin “fəxri yavəri” olduğunu göstərir.

 

Fotoda: Vəhidəddin, 1917-ci ildə vəliəhd olduğu zaman Almaniyaya etdiyi səfərində. Düz arxasında isə səfərə ordu təmsilçisi olaraq qatılan Mustafa Kamal Paşa var. Vəhidəddinlə Mustafa Kamal Paşanın birgə göründüyü yeganə foto şəkil budur.

 

1-ci sənəd: Mustafa Kamal Paşanın 30 aprel 1919-cu ildə Samsundakı 9-cu Ordu Müfəttişliyinə təyin olunması haqqındakı əmrin orijinalı. Sol üst tərəfdə Sultan Vəhidəddinin, altda Sədrəzəm Damad Fərid Paşa ilə Hərbi Nazir Şakir Paşanın imzaları.

 

2-ci sənəd: Mustafa Kamal Paşanın Samsuna çıxmasından qısa bir müddət sonra İstanbulla əlaqələrinin getdikcə pozulmasının ardından, Milli Qüvvələrin güclənməsini önləmək məqsədi ilə Saray ve Babi-alinin (hökumətin-tərc.) aldığı qərarların yenə Sultan Vahidəddinin imzasını daşıyan təsdiq sənədləri. 9 avqust 1919-cu ildə Mustafa Kamal Paşanı ordudan tərxis edib rütbələrini və medallarını alınması haqda əmr (Başbakanlık Osmanlı Arşivleri, İ. DUİT. 178/30-1)

 

3-cü sənəd: 4 Fevral 1920-ci ildə medalların təhvil verilməsi haqda əmr (Başbakanlık Osmanlı Arşivleri, İ. DUİT. 163/31)

 

4-cü sənəd: Mustafa Kamal Paşa ilə silahdaşları haqqında çıxarılan qiyabi edam qərarını 24 May 1920-ci ildə təsdiqləyən digər əmr (Başbakanlık Osmanlı Arşivleri, İ. DUİT. 175/46-1).

 

Tərcümə Strateq.az-ındır

 




Ana səhifəyə qayıt        Baxış: 461          Tarix: 19-05-2018, 16:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma