Xəbər lenti

Böyük Britaniyanın Baş naziri Tereza Mey şahzadə Harri və amerikalı aktrisa Meqan Markla toy günü ünvanlandığı müraciətində onlara ən xoş arzularını çatdırıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Britaniya hökumətinin başçısı bəy və gəlinə müraciətini mayın 19-da özünün “Twitter” səhifəsində yerləşdirib. “Şahzadə Harri və Meqan Marklın toy gününə ən xoş arzularla. El şənliyinə, xalq gəzintisinə və digər tədbirlərə qoşulan hər kəsə xoş gün arzulayıram”, – deyə kansler yazıb.

Şahzadə Harri və Meqan Marklın toy mərasimi mayın 19-da Vindzor şəhərciyində keçirilir. Əsas bayram tədbirlərinin məkanı Britaniya monarxlarının şəhərkənarı iqamətgahı – Vindzor qəsri olacaq. Bu binalar kompleksinin şərəfinə 1917-ci ildən bəri Böyük Britaniyanın bütün kral ailəsi Vindzorlar soyadını daşıyır.

Yerli telekanallar toy mərasiminin birbaşa yayımını həyata keçirir.

Qeyd edək ki, Meqan Markl Britaniya şahzadəsinə ərə gedən ilk aktrisa, ilk amerikalı və ilk mulatdır. Toydan sonra gənc cütlük Sasseks hersoqu və hersoginyası titulunu alacaq, lakin Meqan Markl şahzadə olmayacaq. Şahzadə Harri atasından, qardaşından və üç yaxın qohumundan sonra Britaniya taxtına altıncı namizəddir. Amerikalı aktrisa Meqan Markl Kanadanın çoxseriyalı “Fors-majorlar” filmindəki roluna görə məşhurlaşıb. Bu, onun ilk nikahı deyil. Meqan kanadalı kinoprodüseri Trevor Engelsonla 2 il evli olub.

Britaniya KİV-lərinin hesablamalarına görə, gəlinin paltarı kral ailəsinə 350 min avroya, toy tortu isə 57 min avroya başa gəlib. Ümumilikdə isə mərasimə 32 milyon funt sterlinq (43 milyon dollar) xərclənəcək.

Gəlin toydan sonra Amerika vətəndaşlığını Britaniya vətəndaşlığına dəyişəcək.

Toya, həmçinin şahzadə Harrinin keçmiş rəfiqəsi Çelsi Deyvi də dəvət olunub. Gəlinin atası isə mərasimdə iştirak etməyəcək.

İnsan axınının çoxluğu səbəbindən Vindzor istiqamətində əlavə qatarlar və avtobuslar buraxılıb. Kral ailəsinin bir çox pərəstişkarı mərasimdən bir neçə gün öncə ilk cərgələrdə yerlərini tutub və küçədə gecələməli olublar. Ümumilikdə isə bu günlərdə şəhərə 100 min qonağın gələcəyi gözlənilir.

 




Ana səhifəyə qayıt        Baxış: 572          Tarix: 19-05-2018, 16:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma