Xəbər lenti

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 26 may 2018-ci il

 

İllər öncə bölgədəki kürd liderlərilə keçirilən görüşdə masa üzərində açılan Kürdüstan dövləti xəritəsinin Pentaqonda mənə necə göstərildiyini yazıb durdum.

Daha sonra önəmli kürd liderləri arasında yer tutacaq bəzi şəxslərlə keçirdiyi toplantıda masa üzərinə açdığı regionda yaradılacaq kürd dövlətinin xəritəsini Klintonun prezidentliyi dövründə burada müxbirlik edərkən mənə göstərən Türkiyə üzrə mütəxəssisi, Pentaqonun mülki əməkdaşını uzun zaman idi ki, burada görə bilmirdim.

Onu ən son ABŞ-ın YPG ilə birlikdə işləmə qərarı verdiyi gün atdığı “Twitter” mesajındakı fotoşəkildə görmüşdüm. Üzərində “Artıq kürd dövləti qurulur” yazılan bir qısaqol köynək vardı.

Müdafiə etdiyi baxışların Vaşinqtona tamamilə hakim olduğu bu günlərdə onun ortada heç görünməməsi mənə qəribə gəlirdi. Hətta bir ara “Yoxsa başına bir şey gəldi?” deyərək, düşünməyə başlamışdım. Çünki o, gizli dünyaların adamıdır və bu işlər də burada heç bəlli olmaz. Neokonların iqtidarı ələ keçirdiyi Vaşinqtonda bu hərəkatın qurucu beyinləri arasında yer alan birinin ətrafda görünməməsi son dərəcə çaşdırıcı idi.

 

Ərdoğana hücum kitabı

 

Sonda Pentaqonda o xəritəni mənə göstərən adam da ortaya çıxdı. Vaşinqtonun yeni güc mərkəzi olan fondda – Demokratiyaların Müdafiəsi Fondunda (Foundation for Defense of Democracies – FDD) xeyli təsirli olan və Türkiyə əleyhinə baxışları ilə tanınan Frenk Qafni (Frank Gaffney)ilə yaxın əlaqəli olaraq, birgə işləyirmiş.

Onu illər sonra, buradakı başqa bir mərkəzin – Təhlükəsizlik Siyasəti Mərkəzinin (Center for Security Policy – CSP) yazdırdığı yeni bir kitabın təqdimat tədbirində Frenk Qafninin Türkiyə haqqında verdiyi aqressiv sualları cavablayarkən, təkrar gördüm və dinlədim.

Dostum, fantaziyası çox geniş olan bir casusdur. Ancaq gəldiyi nəticələri yaxşı əsaslandıracaq çox yaxşı təhsilə sahib olduğuna, türkcə, farsca, ərəbcə daxil olmaqla, bir çox dilləri bildiyinə və illərlə Türkiyəyə gəlib xalqın içinə qarışaraq, onun gündəlik davranışı haqqında məlumat topladığına görə, Vaşinqtonda Türkiyə ilə bağlı işləyən qurum və mütəxəssislər tərəfindən sözü yaxşı eşidilən bir məmurdur.

Əvvəllər mənə dediyinə görə, şərqdə avtobusa minib qərbədək, bəzi şəhərlərdə avtobus dəyişdirərək, səyahət edib xalqla danışırmış. Yaşlandığına görə bunu hələ də edib-etmədiyini bilmirəm.

Təhlükəsizlik Siyasəti Mərkəzi (CSP), Türkiyə haqqında və Ərdoğan Türkiyəsinin dünyaya necə bir təhdid olduğunu izah etmək iddiasında olan bir araşdırma nəşr edib. Bu araşdırma “Artıq müttəfiq deyil: Ərdoğanın yeni türk xilafəti və Qərbə yönəlik yeni cihadçı təhdid” (Ally No More: Erdoğan’s New Turkish Caliphate and the Rising Jihadist Threat to the West) adlanır.

Ona öz yazıları ilə töhfə verənlər arasında İsrail vətəndaşlığı da olan bu neokonun – Daniel Paypsın (Daniel Pipes) adı da var. Kitabın adı belə bu şəxsin fantastik nəticələrə gəlmə meylini əyani bir şəkildə göstərir.

 

Təhlükəli inkişaf

 

Bu cür insanları tanımadan, onların kim olduğunu bilmədən, Vaşinqtonda əslində nə baş verdiyini anlamaq mümkün deyil. Onların etdikləri bizə nə qədər təhrif olunmuş, xəyal məhsulu və mənasız bir şey kimi gəlsə də, bu hərəkətlərin təsiri, əlbəttə, bir müddət sonra ortaya çıxır. Misal üçün, 1992-ci ildə gördüyüm o “kürd xəritəsi” də ogünkü şərtlərdə mənasız gələ bilərdi, amma əslində nə mənaya gəldiyi bu günlərdə artıq məlumdur. Bu son kitab da, sadəcə adından anlaşıla biləcəyi kimi, kinlə və düşməncəsinə yazılmış bir kitabdır və bizə cəfəngiyyat kimi gələcəkdir, ancaq əmin olun, bu görüşlər, təəssüf ki, bu gün burada qərarverici mövqedə olan bəzi insanlara təhlükəli bir şəkildə təsir edir.

Burada həqiqi hisslərimizi basdıraraq, bu insanları dinləməyə və anlamağa məcburuq. Düşünürəm ki, ancaq o zaman Türkiyəyə yönəlik olaraq yaranmaqda olan yeni təhdidləri anlaya bilərik.

İllər sonra, qarşıdakı çərşənbə axşamı bu adamla görüşmə ehtimalı var. Uzun-uzun danışa bilmək üçün onu hətta inancına uyğun qaydalara görə yemək bişirən bir çin yeməkxanasında yenidən qonaq edə bilərəm.

Tərcümə Strateq.az-ındır

 




Ana səhifəyə qayıt        Baxış: 656          Tarix: 26-05-2018, 17:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma