Xəbər lenti

Dünya boyunca insan haqları qrupları ABŞ-ın BMT-nin İnsan Haqları Şurasından çıxmaq qərarından məyus olublar və bu qərarı tənqid ediblər. Bir çox insan haqları müdafiəçiləri iyunun 19-da ABŞ-ın BMT-dəki səfiri Nikki Haley tərəfindən elan edilmiş qərarı Amerikanın bütün dünyada insan haqlarının müdafiəçisi rolunu tərk etməsi kimi qiymətləndiriblər.

Obama-nın daha bir qərarından geri çəkilmə

“Freedom House”, “CARE” və “Human Rights First” də daxil 12 insan haqları təşkilatının birgə bəyanatında deyilir ki, ABŞ-ın BMT-dəki İnsan Haqları Şurasında öz kürsüsünü tərk etməsi yalnız Çin və Rusiya kimi beynəlxalq oyunçuların mövqelərini möhkəmləndirəcək. Bəyanatda deyilir ki, Vaşinqton Pekin və Moskvanı vaxtaşırı insan haqlarının pozulmasına, dissidentlərin həbsinə və işgəncələrə görə tənqid edir.

ABŞ habelə keçmiş Sovet respublikaları olmuş Azərbyacan, Belarus və Mərkəzi Asiyanın bir neçə ölkəsində insan haqlarının pozulmasından narahatlıq ifadə edir. 12 təşkilatın imzaladığı sənəddə deyilir ki, “ABŞ-ın bu şuradakı yerini tutacaq hər hansı bir ölkə onun diplomatik və siyasi qüdrətinə malik olmayacaq”.

Lakin ABŞ-ın BMT-dəki səfiri İnsan Haqları Şurasını “riyakar və özünə xidmət edən” qurum adlandırıb. Səfir habelə Cenevrədə mənzillənmiş BMT təsisatını “İsrailə qarşı xroniki qərəzkarlıqda” ittiham edib. Vaşinqton bu şura ilk dəfə 2006-cı ildə George W. Buşun prezidentliyi dövründə yaradılanda təsisata üzv olmaqdan imtina etmişdi. Lakin növbəti prezident Barak Obamanın prezidentliyi dövründə ABŞ şuraya üzv olmuşdu.

Beynəlxalq tənqid

Hazırda Avropa Şurasında Xarici Əlaqələr komitəsinə həmsədrlik edən veteran diplomat Carl Bildt şuranın “kamil olmadığını” etiraf etsə də deyib ki, “şuranı tərk etmək qərarı insan haqlarının müdafiəsi sahəsində hətta təşəbbüsdən də əl çəkilməsi deməkdir”.

“Amnesty International” təşkilatının baş katibi Salil Shetty deyib ki, bu qərar przeident Donald Trampın “təməl insan haqlarına hörmətsizliyini nümayiş etdirib”. Baş katib bildirib ki, “ABŞ tarixin yanlış tərəfində qalmaq istəmirsə, bu qərarını mütləq dəyişməlidir”.

Human Rights Watch” (HRW) insan haqları təşkilatı bildirib ki, sözü gedən şurada Çin, Səudiyyə və Venesuela kimi insan haqları pozucularının iştirakına baxmayaraq bu qurum bütün dünya boyunca hələ də ciddi insan haqları pozuntularına qarşı mübarizə aparır.

HRW-nin baş direktoru Kenneth Roth deyib: “Prezident Tramp qərara gəlib ki, “Əvvəlcə Amerika” şüarı Suriyada dinc insanların və Birmadakı etnik azlıqların iztirablarına biganəlik deməkdir”. Lakin ABŞ qərarının ən kəskin tənqidi Rusiyanın BMT missiyasından gəlib. Təmsilçilik bildirib ki, “ABŞ bu qurumu özünün maraqlarını yürütmək üçün müti alətə çevirə bilmədiyinə görə tərk edir”.

Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən və Ukraynanın şərqində separatçı münaqişə yaratdıqdan sonra, 2016-cı ildə BMT İnsan Haqları Şurasındakı kürsüsündən məhrum edilmişdi. Lakin Moskva iyunun 20-də elan edib ki, bu quruma üzv olmaq üçün namizədliyini irəli sürəcək.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 422          Tarix: 21-06-2018, 13:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma