Xəbər lenti

Vyanaya səfəri zamanı İran prezidenti deyib ki, onun ölkəsinin maraqları razılaşmanı imzalayan ölkələr tərəfindən qorunduqca, Tehran 2015-ci il nüvə sazişində qalacaq.

İyulun 4-də Avstriya prezidenti Van der Bellenlə görüşdən sonra jurnalsitlərin suallarına cavab verən Həsən Ruhani deyib ki, ABŞ-ın bu razılaşmadan çıxması “qanunsuzdur”.

O bildirib ki, nə Birləşmiş Ştatların, nə də başqa ölkələrin sazişdən çıxması onlara fayda gətirməyəcək.

Ruhani buna da işarə edib ki, İran onun neft sənayesinə qarşı hər hansı hədələrə cavab verəcək: “Amerikalılar deyirlər ki, onlar İran neftinin ixracını sıfra endirmək istəyirlər. Bu onu göstərir ki, onlar bunun nəticələri barədə düşünməyiblər”.

Bundan əvvəl, iyulun 3-də Ruhani işarə etmişdi ki, Vaşinqton neft məsələsində İranı sıxışdırmaq hədəsini reallaşdırsa, İran da qonşu ölkələrdən neft daşınmalarını poza bilər.

İran prezidenti bəyanatında bu hədənin detallarını açıqlamasa da, Tehran əvvəllər böyük neft yolu olan Hörmüz körfəzini blokadaya ala biləcəyi ilə hədələyib.

Ruhani və onun xarici işlər naziri Məhammad Cavad Zərif Avstriya liderləri ilə danışıqlardan sonra İsveçrəyə səfər edəcəklər.

İyulun 6-da İranın və nüvə sazişində iştiraklarını davam etdirən 5 ölkənin – Britaniya, Fransa, Rusiya, Almaniya və Çinin xarici işlər nazirləri Vyanada görüşəcək və ABŞ-ın sazişdən çıxması ilə əlaqədar “tarixi razılaşmanı” qoruyub saxlamağın yollarını müzakirə edəcəklər.

Avropa İttifaqının xarici işlər komissarı Federika Mogerini deyib ki, müzakirələrdə məqsəd sazişin icra olunmasının bundan sonra davam etdirilməsini təmin etməkdir.

Özünün Avropa səfər turuna başlamazdan əvvəl Həsən Ruhani iyulun 2-də demişdi ki, “qarşıdan gələn günlərdə” Avropa ölkələri nüvə sazişini qoruyub saxlamaq üçün tədbirlər paketini açıqlayacaqlar.

Azadlıq Radiosu

 




Ana səhifəyə qayıt        Baxış: 402          Tarix: 5-07-2018, 11:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma