Xəbər lenti

İrandan neft idxal edən ölkələr Vaşinqton ilin sonunda Tehrana sanksiyaları bərpa edənədək cərimələrdən yaxa qurtara bilərlər. Bundan ötrü onlar idxalda “əməlli ixtisarlar” etməlidirlər. Bunu Birləşmiş Ştatların aparıcı rəsmiləri deyib.

“Adamların neft alışını sıfıra endirməsini istəyirik, ancaq müəyyən hallarda bunu bir gecəyə edə bilmirlərsə, istisnalar nəzərdə tutacağıq”, – ABŞ-ın maliyyə naziri Steven Mnuçin iyulun 16-da yayılmış bəyanatında deyib.

İranın əsasən Asiyada olan alıcıları, məsələn, Yaponiya və Hindistan bildiriblər ki, Tehrandan idxalı öz iqtisadiyyatlarına ziyan vurmadan, dərhal dayandıra bilməzlər.

Mnuçin və dövlət katibi Mayk Pompeonun bildirdiyinə görə, İran neftindən asılı ölkələrə qarşı yumşaq mövqe tutmalarına baxmayaraq, prezident Donald Tramp administrasiyası İrana mümkün qədər sərt sanksiyaların qoyulmasına qərarlıdır.

Mnuçin deyib ki, Vaşinqton müttəfiqlərinin də İrana sanksiyaları qüvvəyə mindirməsinə gözləyir, “amma xüsusi şərait tələb edirsə, dinləməyə açığıq”. O, heç bir güzəşt edilməyəcəyini, ancaq enerji bazarlarında adamlara vaxt veriləcəyini vurğulayıb.

“Bu barədə yanlış fikrə düşməyin. Sanksiyaları qlobal miqyasda, geniş şəkildə tətbiq etməyə qərarlıyıq”, – Pompeo bildirib. Tramp dəfələrlə İranı Yaxın Şərqdə sabitsizlik yaradan qüvvə adlandırıb, Tehranın Suriyada, İraqda, Yəməndə dəstək göstərdiyi şiə yaraqlı qrupları misal çəkib.

Pompeonun sözlərinə görə, sanksiyaların məqsədi İranın “dünyada terrorçuluğu qızışdırması, ziyanlı fəaliyyəti üçün” pul mənbəyini kəsməkdir.

Missiyanın hədəfi İranı normal ölkəyə çevirmək, onun adamları öldürməsini, dünyanın müxtəlif yerlərində raket atmasını önləməkdir”, – Pompeo söyləyib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif  isə iyulun 16-da tvitində yazıb ki, İran Birləşmiş Ştatların bərpa etdiyi sanksiyalarla bağlı Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb.

Zərif sanksiyaların beynəlxalq hüququ pozduğunu vurğulayıb, Vaşinqtonu “diplomatiya və hüquqi öhdəliklərə sayqısızlıq”da ittiham edib.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 531          Tarix: 17-07-2018, 15:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma