Xəbər lenti

ABŞ prezidenti Donald Tramp-ın seçki kampaniyasının keçmiş meneceri Paul Manafortun biznes tərəfdaşı məhkəmədə şahid kimi ifadə verib. O, Manafortun ukraynalı müştərilərdən əldə etdiyi milyonlarla dolları gizlətməsinə necə kömək etdiyini açıqlayıb.

Riç Qeyts avqustun 6-da məhkəmədə ifadə verib. Onun sözlərinə görə, varlı ukraynalı biznesmenlər Manaforta siyasi konsultasiya işi üçün milyonlarla dollar ödəyiblər. Bu pullar əsasən Manafortun Kiprdə açdığı hesablara köçürülüb.

Prokurorların deməsinə görə, Manafort ukraynalı müştərilərdən aldığı 60 milyon dollardan çox vəsaitin “böyük hissəsi”ndən vergi verməyib.

Qeyts ifadəsində Manafortun ona istifadə etməyi tapşırdığı ödəniş sxemini təsvir edib. Onun sözlərinə görə, ukraynalı biznesmenlər ona ödənişləri üçün Kiprdə hesab açmağı tapşırıblar.

“Cənab Manafortun xahişilə, biz xarici bank hesablarını ABŞ vergi orqanlarına açıqlamadıq”, – Trampın seçki kampaniyasında köməkçisi olmuş Qeyts deyib. O, ilin əvvəlində təqsirini boynuna alıb, cəzasının azaldılmasına ümid edərək prokurorlarla əməkdaşlıq edir.

Qeyts deyib ki, o və Manafort Ukraynadan gələn pulların yatırıldığı xarici bank hesablarına nəzarət edib.

Onun sözlərinə görə, hesablarına nəzarət edən digər şəxs siyasi konsultant, Manafortun yaxın biznes ortağı Konstantin Kilimnik olub. Ona iyunda ittiham irəli sürülüb, Manafort işilə əlaqədar şahidləri qorxutmaqda ittiham olunur.

ABŞ-da xüsusi prokuror Robert Mueller Kilimniki Rusiya kəşfiyyat xidmətilə əlaqələrdə ittiham edir, ancaq özü ittihamı rədd edir.

Qeyts ifadəsində deyib ki, Manafort ona təkcə ukraynalı müştərilərdən gələn pulları Kiprdə bank hesablarına yatırmağı tapşırmayıb, həm də deyib ki, okeanın o tayından gəlirini kredit kimi sənədləşdirsin və buna görə də Manafortun vergi ödəməli olduğu gəlir azalsın.

 

“Şirkətə gəlir gələndə cənab Manafort bunu ya gəlir, ya da kredit kimi sənədləşdirmək göstərişi verirdi”, – Qeyts deyib.

Qazancı kredit kimi sənədləşdirmək ABŞ qanunvericiliyinə görə vergi fırıldağı sayılır.

Mühasib Cynthia Laportadan avqustun 6-da Manafortun guya 2006-cı ildə rusiyalı milyarder Oleq Deripaskadan borc aldığı 10 milyon dollar barədə soruşublar. Mühasib öncəki ifadəsində Manafortla Qeytsin maliyyə bəyanatlarını saxtalaşdırdıqlarını, kreditləri əvvəlki tarixlərlə göstərdiklərini deyirdi.

Deripaska Kremlə bağlı rusiyalı alüminium maqnatıdır. Onun Qeyts və Manafortla müxtəlif biznes sövdələşmələri olub. Bu il o, Kremlə bağlılığına görə Birləşmiş Ştatların sanksiya siyahısına düşüb.

Laporta deyib ki, Manafortun Deripaskadan aldığı “krediti” ödəməsinə dəlil görməyib.

Qeyts  ifadəsində Manaforta maliyyə bəyanatlarını saxtalaşdırmaqda, xarici gəliri gizlətməkdə, vergi məsələsində hakimiyyəti aldatmaqda kömək etdiyini açıqlayıb. Bütün bunlar ABŞ qanunlarına görə cinayət sayılır.

Qeyts onu da deyib ki, Manafortun Vaşinqtonda Ukrayna üçün qeydiyyatdan keçməmiş xarici agent kimi lobbiçilik etməsindən xəbərdar olub. Bu ittiham Manaforta ayrıca irəli sürülüb.

Manafort ittihamlar üzrə özünü təqsirli bilmir. Vəkilləri isə günahı Qeyts yükləməyə çalışır, onu Manafortun milyonlarla dollarını oğurlamaqda ittiham edirlər.

Qeyts avqustun 6-da ifadəsində Manafortdan yüz minlərlə dollar oğurladığını, bunu saxta hesabatlarla etdiyini boynuna alıb. Manafort 2016-cı ilin mayından avqustunadək Trampın seçki kampaniyasının sədri olub. Ukraynanın keçmiş rusiyapərəst prezidenti Viktor Yanukoviç üçün lobbiçilik etdiyi üzə çıxınca istefa verib.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 466          Tarix: 7-08-2018, 15:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma