Xəbər lenti

BMT dünyada baş verən müharibələr, silahlı münaqişələr və terror aktları nəticəsində təkcə ötən il 43 min nəfərin həlak olduğunu açıqlayıb. Ölənlərin 31 min 904-nün və ya hər dörd nəfərdən birinin mülki şəxs olduğu açıqlanıb.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə İdarəsinin (OHCA) hər il müharibə, münaqişə və təbii fəlakətlər nəticəsində həlak olan insanların və humanitar yardım fəallarının xatirəsinin anıldığı 19 avqust – Dünya Humanitar Yardım Günündən əvvəl ənənəvi olaraq yaydığı açıqlamada son dövrdə mülki şəxslərə qarşı hücumların və zorakılıq hallarının artdığı vurğulanıb. Açıqlamada qeyd olunub ki, humanitar yardım işçilərinə edilən hücumlar nəticəsində 139 nəfər ölüb, 102 nəfər xəsarət alıb, 72 nəfər isə oğurlanıb.

Ötən il mülki şəxslərin və humanitar yardım işçilərinin hədəfə alınmaması üçün Dünya Humanitar Yardım Günü çərçivəsində başladılan #NotATarget kampaniyasına 2 milyondan çox insan dəstək vermişdi. Bu il isə BMT və humanitar yardım təşkilatları mülki şəxslərin və humanitar yardım fəallarının qorunması ilə bağlı dünya liderlərinin konkret addım atmaları üçün “Selfie” kampaniyasına start verib. Kampaniya çərçivəsində çəkilən fotolardan xüsusi sistem vasitəsilə “həmrəylik portreti” hazırlanacaq. Həmin fotolar hər il dövlət və hökumət başçılarının qatıldıqları BMT Baş Məclisində nümayiş etdiriləcək və beləliklə, münaqişə bölgələrində mülki şəxslərin qorunması məsələsi bir daha dünya liderlərinin diqqətinə çatdırılacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 476          Tarix: 17-08-2018, 18:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma