Xəbər lenti

Rusiyanın Müdafiə Nazirliyi 2014-cü il iyulun 17-də Donbas regionu üzərində Malayziyanın “Boeing” təyyarəsinin vurulmasına “Buk” zenit-raket kompleksinin dəxli olmadığını bildirir.

Sentyabrın 17-də Moskvada keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Baş raket-artilleriya idarəsinin rəhbəri Nikolay Parşin bildirib ki, Rusiya ordusu “Boeing”i vurmuş raketi müəyənləşdirə bilib. Rusiya hərbçisinin deməsinə görə, həmin raket 1986-cı ilin dekabrında Ukraynanın Ternopol vilayətində yerləşən 20152 saylı hərbi hissəyə göndərilib.

Bu hərbi hissənin buraxılmadığı, raketlərin Rusiyaya aparılmadığı iddia olunur. Rusiya tərəfin deməsinə görə, bu hissə hazırda 223 saylı zenit-raket alayı adlanır, Ukraynanın şərqindəki hərbi əməliyyatlarda iştirak edib.

Rusiya hərbçiləri bildirirlər ki, beynəlxalq araşdırma qrupunun Rusiyanın “Buk” kompleksini göstərən videoyazısı saxtalaşdırılıb.

Hərbçilər onlarda ukraynalı hərbçilərin 2016-cı ilə aid audioyazısının da olduğunu bildirirlər. Onların deməsinə görə, bu yazı Ukraynanın “Boeing”in vurulmasına aidiyyatını üzə çıxarır. Guya həmin səsyazısında ukraynalı hərbçi deyir ki, onlar Malayziyanın daha bir “Boeing”ini vura bilərlər. Ancaq bu yazının həqiqiliyinə elə bir dəlil təqdim olunmur.

Niderlandın rəhbərlik etdiyi beynəlxalq araşdırma qrupu isə belə bir qənaətə gəlmişdi ki, 298 nəfərin həlak olduğu hadisə “Buk” zenit-raket kompleksindən buraxılmış raketlə vurulub, həmin kompleks də Rusiya ordusuna məxsusdur, Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan ərazidən buraxılıb.

Təyyarədən sağ çıxan olmamışdı.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 315          Tarix: 17-09-2018, 17:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma