Xəbər lenti

Sentyabrın 18-20-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycan da daxil olmaqla üzv ölkələrin Avropa Məhkəməsinin qərarlarını necə yerinə yetirməsini müzakirəyə çıxaracaq.

Azərbaycanla bağlı “İlqar Məmmədov Azərbaycana qarşı” işi üzrə çıxarılmış qərarın icrası nəzərdən keçiriləcək. Yekun qərar 2014-cü il oktyabrın 13-də çıxarılıb. Bu iş ərizəçinin hökuməti tənqid etdiyinə görə həbsi və barəsində çıxarılmış həbs qətimkan tədbiri barədə idi, 18-ci və 15-ci maddələrin pozulmasından söhbət gedirdi.

Bu qərarın icrasına sonuncu dəfə 2017-ci il dekabrın 5-də baxılıb, Komitə Aralıq Qətnamə qəbul edib. Azərbaycan Respublikasının Konvensiya çərçivəsində götürdüyü öhdəliyi yerinə yetirməməsi məsələsini baxılmaq üçün Avropa Məhkəməsinə göndərməyə qərar verib.

Xatırladaq ki, REAL partiyasının sədri İlqar Məmmədov Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə bu il avqustun 13-də 2 il sınaq müddəti ilə şərti azadlığa buraxılıb.

Onun azadlığa çıxmasından sonra Avropa Şurasının Katibliyi Azərbaycan hakimiyyətinə məktub göndərib, işlə bağlı əlavə izahat istəyib – ərizəçiyə qarşı hökmün müddəti nə vaxt bitəcək, onun şərti cəzası nə vaxt başa çatacaq, hansı şərtlərlə buraxılıb və sairə.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.

AİHM İ.Məmmədovla bağlı ötən ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. AİHM İ.Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.

Bundan sonra Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq, onu təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 477          Tarix: 18-09-2018, 15:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma