Xəbər lenti

Amerikanın qlobal liderliyindən dönüşü yolunda bazar ertəsi daha bir mərhələ yaşandı. Tramp administrasiyası elan etdi ki, gələn il qaçqın qəbulunu 30 minə salacaq. 1980-ci ildə hazırkı proqramın əsası qoyulandan bəri bu, ən aşağı həddir… İxtisarı elan edən dövlət katibi Mayk Pompeo deyib ki, bu, Amerikanın dünyada zəif durumda olanlara qarşı öhdəliyinin yeganə barometri kimi yozulmamalıdır”. Bu barədə “The Washington Post” qəzeti redaksiya məqaləsində belə yazır.

“Bu, ədalətli məqamdır. ‘Barometr’ə administrasiyanın miqrantların digər qruplarını qorxutmaq, uzaqlaşdırmaq, əzmək, hədələmək üçün istifadə etdiyi başqa proqramlar salınmalıdır”, – yazan qəzet Mərkəzi Amerikadan minlərlə valideyn və uşağın zorla bir-birindən ayrılmasını misal çəkir. 400 mindən artıq honduraslı, salvadorlu, nikaraqualı və haitili illərdir burada qanuni şəkildə yaşayıb və işləyiblər. Amma administrasiya onların hüquqi statusunu ləğv etdiyini açıqlayıb, ölkələrinə dönmələrini məsləhət görüb.

Məqalədə qeyd olunur ki, 1980-ci ildən bəri Birləşmiş Ştatlar ildə ortalama 80 min qaçqın qəbul edib. Bu il 20 mindən bir az artıq qaçqına yer ayrılıb. Bu göstəricini azalması o deməkdir ki, Birləşmiş Ştatlar digər ölkələrin dünyadakı 25 milyonluq qaçqından daha çoxunu qəbul etməsi üçün diplomatik təzyiq göstərə bilməyəcək, yəni, Amerikanın mənəvi gücü və nüfuzu azalır.

Əsrin geosiyası boşanması

2014-cü ildən bəri Rusiyanın Ukraynanın ixracındakı rolu 24 faizdən 9-a düşüb, Rusiyadan Ukraynaya idxal isə yarıbayarı azalıb. Atlantik Şurasının saytında Peter Dickinson Kiyevin Moskvadan uzaqlaşmasından, bunun ölkənin inkişafına təsirindən yazır.

Müəllif qeyd edir ki, Kiyevlə Moskva arasında iqtisadi əlaqələr boşaldıqca, Ukrayna şirkətləri Rusiyadan sonrakı həyatı kəşf edirlər. Təkcə 2017-ci ildə Ukrayna-Avropa İttifaqı ticarəti 25 faizədək artıb. Hindistan Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracından ötrü ən böyük bazara çevrilib. Ölkə daxilində isə Amerika şirkətləri rusiyalı tərəfdaşları əvəzləməkdədir. Bu yaxınlarda “General Electric”in ilk mühərrikləri Ukraynaya göndərilib.

Artıq sıravi ukraynalılar da gözlərini Rusiyadan çəkirlər. Hətta miqrant fəhlələr belə daha şimala deyil, qərbə üz tuturlar. Əsas seçim məkanı Polşadır, bu ilin birinci rübündə bu ölkədən pul göndərişlərinin həcmi Rusiyakından üç dəfə artıq olub.

Ən pisi də odur ki, Moskva artıq Rusiyanın Ukraynadakı nüfuzunun düşməsini önləməkdə çətinlik çəkir. Kremlə bağlı sosial media platformalarına giriş texniki olaraq ukraynalı izləyicilərə qapadılıb, Ukraynanın media bazarından Rusiya məhsulları sıxışdırılmaqdadır. Artıq Rusiyanın bir çox tanınmışları da Ukraynada xoş qarşılanmır.

Di gəl, Rusiya liderləri bütün bunları inkar etməyə çalışır. Görünür, Moskva Ukraynada gələn il keçiriləcək prezident və parlament seçkilərinə ümid edir. Amma deyəsən, Böyük Dövlət böyük səhv elədiyini boynuna almaq istəmir. Ancaq yəqin, ürəklərində də olsa, Putinin yaxın çevrəsi anlayır ki, Ukrayna siyasətində rusiyapərəst çoxluq artıq çoxdan gedib, – müəllif yazır.

Çexiya iqtisadiyyatı çiçəklənirsə, niyə kasıbıq?

Bu sualı “The Guardian” qəzetindəki məqaləsində Saša Uhlová verir. O, Çexiyada böyük bir xəstəxananın camaşırxanasında aya 11 min krona, yaxud 385 funt sterlinqə çalışan Martanın hekayəsini nəql edir, onun hər axşam övladına nə bişirmək qayığısıyla yaşadığını yazır. Axı, həm indiyədək yığılmış borcunu verir, əlində cəmi 9 min kron qalır. Hələ 20 min CZK kirayə pulu verməlidir. Dövlət ona dulluq pensiyası, övladına görə müavinət və evə görə subsidiya ayırır. Bütün bunlar da kirayə puluna gedir.

Marta günə 11 saat işləyir, amma getdikcə daha çox borclanır. Müəllif Çexiya respublikasında altı ay ərzində müxtəlif azmaaşlı işlərdə çalışıb, məqsədi bu işləri görənlərin hansı şəraitdə işlədiyini müşahidə etmək olub. Bu jurnalist layihəsi “Kapitalist əməyinin qəhrəmanları” idi.

Onun müsahibə almaq istədiyi fəhlələrin çoxu işini itirmək istəmədiyindən danışmayıb, bəziləri “azından işimiz var” deməklə kifayətlənib. Müəllif ölkədə siyasətə güclü inamsızlıq müşahidə etdiyini yazır. Onun layihədəki həmkarlarının heç biri seçkiyə getməyib.

“1989-cu ildə iqtisadiyyatın transformasiyası ucuz əməyə və birbaşa xarici investisiyanın stimullaşdırılmasına söykənib. Bunun gətirdiyi problemləri həll etməyə həvəs olmayıb. Mediada dönə-dönə oxuyuruq ki, adamlar özləri öz qayğılarını çəkməlidirlər, kiminsə onlara kömək etməli olması barədə oxumuruq.

Çexiyanın sosializmdən kapitalizmə keçidi bir uğur sayılır və bu gün bütün iqtisadi göstəricilər ölkənin çiçəkləndiyini göstərir. Ancaq təcrübə başqa şey deyir. Ehtiyacı olanların hekayətləri bütövlükdə cəmiyyətin sistematik problemləri kimi təqdim olunmur”, – müəllif yazır.

“Son illər liberal elita adamlara deyirlər ki, onlar qaçqınlara həmrəylik göstərməlidirlər. Bu, problem yaradıb. Çexlər anlamırdılar ki, niyə Afrikadan gələnə həmrəylik sərgiləməlidirlər, axı, özlərinin problemlərinə indiyədək fikir verən olmayıb”, – məqalədə deyilir.

Müəllif yazır ki, hər bir çex bir şeyi yaxşı bilir – Almaniya, yaxud Avstriyada satıcı Çexiyadakından 3 dəfə çox qazanır. Burada ev, ərzaq da qərbdən ucuz deyil. Maaşa baxan yoxsullar isə getdikcə daha çox ədalətsizlik hissi keçirirlər. İnanırlar ki, onları unudublar.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 206          Tarix: 19-09-2018, 16:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma