Xəbər lenti

Birləşmiş Ştatların Almaniyadakı səfiri “Bloomberg News”a deyib ki, “Volksvagen” avtomobil şirkəti ABŞ sanksiyalarına əməl etməyə, İrandakı əməliyyatlarının çoxunu dayandırmağa razılaşıb.

“Bu qərardan məmnunuq, çünki İran iqtisadi resurslarını əhalidən yayındırır, dünyada zorakılıq və sabitsizlik yayır”, – səfir Riçard Grenell sentyabrın 19-da deyib.

“Bloomberg VW” rəsmilərinin şərh vermək xahişlərini cavablandırmadığını yazır. “Reuters” isə Ağ evdən şərh ala bilməyib. Grenellin dediyinə görə, ABŞ rəsmiləri və VW sentyabrın 18-də İrandan çıxmaqla bağlı sazişi yekunlaşdırıblar. Səfir deyib ki, bu alman şirkətinə humanitar əsasda istisna kimi İranda müəyyən biznesini saxlamağa icazə veriləcək.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp mayda İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu bildirib. Həmin saziş Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Tramp deyirdi ki, bu saziş İranın nüvə silahı hazırlamaq qabiliyyətini önləmir. O, İranın sazişin ruhunu pozduğunu, regionda yaraqlıların fəaliyyətini dəstəklədiyini iddia edirdi. Tehran isə bu iddiaları rədd edib.

Sanksiyaların bərpası İran iqtisadiyyatını zəiflədib. Milli valyuta rial son aylar digər valyutalara nisbətən kəskin ucuzlaşıb. Britaniya, Fransa, eləcə də Avropanın digər ölkələri İranda biznes qurmuş Avropa şirkətlərini qorumaq istədiklərini deyiblər.

Amma Fransanın “Total” neft şirkəti, Almaniyanın Daimler avtomobil şirkəti və Deutsche Telekom artıq İrandan çıxıblar. Onlar sanksiyaların təsirinə məruz qalmamaq üçün belə bir qərar veriblər.

 




Ana səhifəyə qayıt        Baxış: 343          Tarix: 20-09-2018, 14:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma