Xəbər lenti

“Middle East Eye”

 

Prezident Donald Tramp bildirib ki, ABŞ ordusunun dəstəyi olmadan Səudiyyə Ərəbistanının kralı Salman hakimiyyətdə “iki həftə də” qala bilməz.

Missisipi ştatının Sauzaven şəhərində keçirilən mitinqdə Tramp deyib: “Səudiyyə Ərəbistanını qoruyuruq, onlar zəngin deyilmi? Mən də padşahı, kral Salmanı sevirəm, amma ona dedim: “Kral, biz sizi qoruyuruq, bizsiz iki həftə də hakimiyyətdə qalmanız mümkün deyil. Odur ki, hərbi xərclərimizi ödəməlisiniz”.

Çərşənbə axşamı çıxışında Tramp Səudiyyə monarxını təhqir edib.

Vaşinqtonun Səudiyyə Ərəbistanı hərbi birliyini “subsidiya” etməsi və NATO ittifaqının avropalı üzvlərini də bənzər şəkildə maliyələşdirməsinə dair Trampın şikayətlərinə hazırda şərhlər gəlməkdədir.

Ötən Şənbə günü də Respublikaçılar Partiyasının yerli namizədləri üçün Qərbi Virciniyada keçirilən mitinqdə prezident eyni mövzuda Yaponiya və Cənubi Koreyanı da tənqid edib.

“Cənubi Koreya, Yaponiya, Səudiyyə Ərəbistanı kimi zəngin ölkələr varsa, niyə biz onların hərbi xidmətlərini subsidiyalaşdırırıq?”

Ticarətdə təcavüzkar “Öncə Amerika” siyasəti yeridən Tramp əlavə edib: “Onlar bizə pul ödəyəcəklər…”

Tramp Şənbə günü Səudiyyə Ərəbistanının kralı Salmanla bu mövzuda danışdığını bildirib.

Sərt sözlərə baxmayaraq, Tramp administrasiyası Səudiyyə Ərəbistanı ilə sıx bir əlaqəyə malikdir. Bu ölkə İranın regiondakı iddialarına qarşı dayaq kimi nəzərdən keçirilir.

Tramp keçən il prezident olaraq ilk xarici səfərini məhz Səudiyyə Ərəbistanına edib.

SPA-nın (Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi) məlumatına görə, Şənbə günü Tramp və kral neft bazarının sabitliyinin və qlobal iqtisadi artımın təmin edilməsinə dair səyləri müzakirə ediblər.

Səudiyyə Ərəbistanı yüksək neft qiymətlərinə görə Trampın tənqid etdiyi dünyanın ən böyük neft ixracatçısı və OPEK-in de-fakto lideridir.

BMT-nin son Baş Assambleyasında çıxış edərkən, Tramp OPEK üzvlərinin “dünyanın qalan hissəsindən ayrıldığını” söyləyib.

Tramp bildirib: “Biz bu ölkələrin bir çoxunu təmənnasız müdafiə edir və sonra onlar yüksək neft qiymətləri ilə bizdən faydalanırlar. Yaxşı deyil, biz qiymətlərin qaldırılmasını dayandırmaq, onların qiymətləri endirməsini istəyirik”.

Tərcümə: Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 313          Tarix: 4-10-2018, 13:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma