Xəbər lenti

Türkiyə və Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanına təzyiqi artırır, ötən həftə İstanbuldakı konsulluğa girən jurnalistin necə yoxa çıxmasının izahatını istəyirlər.

“Frans Pres” agentliyi yazır ki, ABŞ konqresmenləri tərəflərin hərbi əlaqələrinə risk yaranması barədə xəbərdarlıq edirlər.

Prezident Donald Tramp Ər-Riyadla bağlı kəskin danışsa da, Konqresin daha böyük qətiyyət göstərmək çağırışlarını rədd edib, deyib ki, yaxın müttəfiqinə silah satışına təhlükə yaratmaq istəmir.

Səudiyyə vətəndaşı olan Camal Xaşuqci məqalələrində vəliəhd şahzadə Məhəmməd bin Salmanı tənqid edirdi. O, nikahı üçün rəsmi sənədləri əldə etməkdən ötrü İstanbuldakı konsulluğa oktyabrın 2-də girib, sonra onu “gördüm” deyən olmayıb.

Türkiyə rəsmiləri onun Səudiyyədən gəlmiş 15 nəfərlik “sui-qəsd briqadası” tərəfindən öldürüldüyünü deyir, amma Ər-Riyad jurnalistin konsulluqdan sağ-salamat çıxdığını iddia edir. Prezident Ərdogan Səudiyyədən tələb edib ki, iddialarını əsaslandıracaq CCTV kamera görüntülərini yaysın. “Konsulluqda, səfirlikdə kamera sisteminin olmaması mümkündürmü? Sistemlər hətta quş, ağcaqanad uçuşunu belə qeydə almalıydılar…” – prezident türkiyəli jurnalistlərə deyib.

Konsulluq isə həmin gün CCTV kameralarının işləmədiyini iddia edir, qətl iddialarını “əsassız” adlandırıb. Amma “The Washington Post”un yazmasına görə, Türkiyə hökumət rəsmiləri amerikalı həmkarlarına deyiblər ki, Xaşuqcinin konsulluqda “dindirilməsi, ona işgəncə verilməsi və daha sonra qətlə yetirilməsi, bədənin bir neçə yerə parçalanması” barədə onlarda audio və video yazılar var.

“Frans Pres” bu deyilənləri müstəqil təsdiqlədə bilməyib, ABŞ Dövlət Departamenti rəsmilərindən də açıqlama almaq mümkün olmayıb. (Azadlıq Radiosu)

 

 




Ana səhifəyə qayıt        Baxış: 440          Tarix: 12-10-2018, 16:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma