Xəbər lenti

Hasan Basri Yalçın

“Sabah”, Türkiyə, 18 oktyabr 2018-ci il

 

Mövqelər müəyyənləşməyə başlayıb. Səudiyyə Ərəbistanının qaçmağa yeri qalmayıb. ABŞ xərac almaq üçün yola çıxıb. Uyğun bir qiymət qarşılığında baş verənləri görməməzlikdən gələ biləcəyini hiss etdirib.

Pompeonun səfərilə müzakirələr başlayıb.  Əgər Səudiyyə Ərəbistanı və ABŞ normal şərtlərdə baş-başa qalsaydı, indiyədək bir anlaşma əldə edilərdi və Xaşuqci hadisəsinin üstü çoxdan örtülərdi. Həriri məsələsinin üstünün necə qapadıldığına bir baxın. Kral ailəsinə olanlara baxın.

Ancaq bu dəfə üçüncü bir göz var. Və ikisi baş-başa qala bilməyib. Türkiyə Səudiyyə Ərəbistanını cinayət üstündə yaxalayıb. Əlində ciddi dəlillər var. ABŞ təkbaşına hadisənin üstünü örtə bilməz. Türkiyə dəlilləri ortaya qoyduğu andan etibarən, Tramp administrasiyası da çətin vəziyyətdə qala bilər.

Pompeo da bu üzdən yola çıxıb. Nəbz tutmağa gəlib. Səudiyyə Ərəbistanının özünü müdafiəsini və təklifini dinləyib. Şahzadə isə puluna güvənir. Məsələnin üstünün qapadıla biləcəyini düşünür. Ancaq bu dəfə qiymət yüksək olacaq. Önəmli olanı nə qədər yüksək olacağıdır. Çox yüksəyə çıxarsa, Şahzadə özünəinamın dozasını itirə bilər. Onsuz da bunun işarələrini verir. Məsələn, Səudiyyə Ərəbistanı Pompeonun səfəri öncəsi təhdid dilindən istifadə etməyə başladı. Dünya iqtisadiyyatını çətinə sala biləcəyinə və neft qiymətlərini yüksəldə biləcəyinə eyham vurdu.Bunda həqiqət payı var. Əgər Səudiyyə Ərəbistanı bu tədbirləri almağa başlayarsa, ABŞ-ın və dünya iqtisadiyyatının canını yandıra bilər. Amma öldürə bilməz.

Lakin bunun sonu onun özü üçün ölüm olar. Çünki Şahzadə ancaq ABŞ-a pul ödədiyi müddətcə qiymətlidir. Əgər təhdid etməyə başlayarsa, yerinə yenisini gətirərlər. O da pul ödəyər. Həm də daha çox ödəyər. Sadəcə bir az zamana və cəhdə ehtiyac olar. Bu üzdən Şahzadənin öz şansını çox da zorlamayacağını düşünürəm. Təhdid edər, ancaq günün sonunda təşviqedici təklif edər.

Ancaq Şahzadənin başqa bir dərdi – Türkiyə var. Şahzadə ABŞ-la iş görməyə alışıb, lakin Türkiyə ilə indiyədək elə də isti davranmadığı ortadadır. Normal şərtlər altında belə bir kəşfiyyat fəaliyyətini Türkiyənin üstünə yıxmağı sınaya bilərdilər. Ancaq Türkiyə çox hazırlıqlı çıxdı. Səudiyyə Ərəbistanı cinayət üstündə yaxalanınca, Türkiyənin əleyhinə ola biləcək bir hadisə Ər-Riyadı Ankaranın cənginə keçirdi.

Diqqət edirsinizsə, Türkiyə əlində olanları tez-tələsik ortaya tökmür. Həm əlini möhkəmləndirir, həm də öncə qarşı tərəfin hərəkətə keçməsini gözləyir. Müşahidə edəcək və ona əsasən bir mövqe tutacaq. Pompeonun səfəri bu işin birinci turudur. Başqa, fərqli səfərlər də görəcəyik. Bu arada Türkiyə istintaqı dərinləşdirəcək.

Ancaq belə iddialar da səsləndirilir ki, Türkiyə bir fürsət yaxalayıb və bundan istifadə etməlidir. Məlumat və sənədləri tez-tələsik ortaya tökərək, işi beynəlxalq məhkəməyə verməyi təklif edənlər var. Bunlar son dərəcə yanlış fikirlərdir. Hirslə hərəkət etməməliyik. Salmanın bizə düşmənçilik etdiyini bilirik. Ancaq intiqam hissi ilə hərəkət etmək olmaz. Təbii, əlimizdə bir fürsət varsa, bundan istifadə etməliyik, lakin onun yolu beynəlxalq məhkəməyə müraciət etmək deyil. Əksinə, işin belə bir quruma verilməsi hesab soruşmaq şansının əlimizdən alınması anlamına gəlir.

Türkiyə bu işdə ən əlverişli durumda olan tərəfə çevrilib. Bunu fürsətə çevirərək, həm ədaləti, həm də milli maraqlarını təkbaşına, öz gücü və səlahiyyətilə müdafiə edəcəkdir. Diplomatik müzakirələrdə açıq olmaq faydalıdır. Ancaq sonadək beynəlxalq qurumlardan qaçınmaq lazımdır.

Tərcümə Strateq.az-ındır

 




Ana səhifəyə qayıt        Baxış: 277          Tarix: 19-10-2018, 14:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma