Xəbər lenti

Burhanettin Duran,

Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun Baş koordinatoru

“Sabah”, Türkiyə, 19 oktyabr 2018-ci il

 

ABŞ Xarici işlər naziri Pompeo Ər-Riyaddan dönərkən Ankaraya baş çəkdi. Pompeonun Riyad-Ankara xətti üzrə olan səfərinin məqsədi Xaşuqci rüsvayçılığı ilə əlaqədar baş verən hadisələri izləmək idi. Ümumi qənaətə və Ər-Riyaddan yayılan fotokadrlara əsasən, anlaşılan odur ki, Vaşinqton vəliəhd-şahzadə Məhəmməd bin Salmanı Xaşuqci rüsvayçılığından xilas etməyin bir formulunu axtarır.

Bu vəzifənin MKİ-nin sabiq direktoru olan Pompeoya verilməsi də maraqlıdır. ABŞ KİV-lərinin və senatorlarının təzyiqinə rəğmən, Prezident Trampın Səudiyyə Ərəbistanını itirməmək üçün “özbaşına iş görən qatillər” ifadəsindən tutması da bu meyli göstərir. Görünür, Tramp öz qoruyucu mövqeyini sonadək dəyişməyəcək.

Ancaq düşünürəm ki, İstanbuldakı Baş konsulluğa gələn Səudiyyə Ərəbistanı qrupunun içində vəliəhdə yaxın şəxslərin olması nəzərə alınarsa, bu “qurtarma” əməliyyatı çox çətin olacaq. Noyabr seçkilərinədək Vaşinqtonun gündəliyində qalacağı məlum olan Xaşuqci məsələsi aydınlaşdıqca, mübahisə Vəliəhdin siyasi taleyi üzərində cəmləşməyə davam edəcək.

Həlledici sual budur ki, avtoritar davranışları ilə öz legitimliyini itirən Vəliəhdin bu biabırçılıqdan sonra ölkəsini ən azı 40 il daha idarə edəcək bir lider olaraq qalması mümkündürmü?

Səud xanədanı daxilindəki müxaliflərin sərt şəkildə repressiya olunmasının və Vaşinqtondan yaşıl işıq yandırılmayınca, hər hansı bir başqa hərəkətin işə yaramayacağı aşkardır. Vəliəhd mövcud rüsvayçılığı aşmaq üçün sonadək dirənir. Ancaq görünən odur ki, o, ərəb xalqlarının nəzərində uzunmüddətli lider olma legitimliyini indidən itirmişdir.

 

Menbiçdən başlana bilər

 

Pompeonun Branson haqqında qərar verilməsindən sonra Ankaraya gəlməsi Türkiyə-Amerika münasibətləri baxımından da əhəmiyyətli idi.

Xaşuqci rüsvayçılığının da göstərdiyi kimi, ABŞ-ın Orta Şərqdəki bir çox hadisə ilə bağlı Ankarayla yaxın əlaqələrə ehtiyacı var.

Bransonun öz ölkəsinə geri dönməsi mənfi psixoloji bir faktorun ortadan qalxması baxımından həledici idi. İndi Vaşinqton və Ankaranın önündə çətin bir proses dayanır. Həm təməl problemlərdə (Suriya, YPG, FETO, Rusiya ilə əlaqələr və İrana qarşı sanksiyalar), həm də münasibətlərə əlavə yük olan ikinci dərəcəli məsələlərdə məsafə qət edilməsi lazımdır. Türkiyəyə tətbiq edilən sanksiyaların, Hakan Atilla və Xalq Bankı işlərinin sürətlə aradan qaldırılması lazımdır. Bunlar gərgin mühitin yaratdığı və əsas problemlərin üstünə əlavə edilmiş ikinci dərəcəli xüsuslardır. Və ilk müsbət addımların bu istiqamətdə atılması əslində olduqca asan və faydalıdır.

İkitərəfli münasibətlərdə əsl açılım Menbiç razılaşmasının həyata keçirilməsi üzərindən yürüdülə bilər. Menbiçi YPG-dən təmizləmək ABŞ-Türkiyə münasibətlərində etibarı təsis edəcək bir prosesi başlada bilər.

Yeri gəlmişkən, Prezident Ərdoğanla görüşən Pompeonun yanında Trampın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Cefri də vardı. Türkiyənin bu məsələ ilə bağlı tezislərini yaxşı bilən bir şəxs olan Cefri, türk mətbuatına verdiyi açıqlamalarda ABŞ-ın Suriyanın şimalında Türkiyəyə təhdid yaradacaq bir dövlət qurma niyyətində olmadığını söyləyib. Bu açıqlamanın Rusiya Xarici işlər naziri Lavrovun ABŞ-ın Suriyadakı əməllərinə dair söylədiklərinə bir cavab mahiyyətində olduğu aşkardır. Afrin və İdlibdə Ankara ilə birgə işləyə bilmək bacarığı ortaya qoyan Moskvanın söylədiklərinə Vaşinqton tərəfindən konkret addımlarla cavab verilməsi lazımdır. Menbiç razılaşmasının həyata keçirilməsi yaxşı bir model ola bilər.

Sonra bu model Fəratın şərqində, öncə ərəblərin sıx yaşadığı Rakka kimi yerlərdə tətbiq oluna bilər.

Daha sonra isə YPG-nin mövcudluğunu bütünlüklə transformasiya edə biləcək bir formaya salına bilər.

Rusiya Suriyada Türkiyə ilə birgə işləmək üçün zəmin yaradarkən, ABŞ-ın eyni işi görə bilməməsi ciddi uğursuzluqdur. ABŞ Suriyada Türkiyə ilə əməkdaşlıq etmədən nə siyasi həll prosesində baş rol oynaya, nə də İranı məhdudlaşdıra bilər. Ona görə də Türkiyənin hədəfi olan YPG ABŞ üçün davamlı tərəfdaş ola bilməz. Vaşinqtonun YPG-yə dəstəyi davam etdikcə, Türkiyə-ABŞ münasibətlərindəki əsas problemlər də həll edilə bilməz.

Bu durum yeni geopolitik hesabların aparıldığı dünyada müttəfiqləri tamamilə başqa bir məcraya doğru apara bilər.

Tərcümə Strateq.az-ındır

 




Ana səhifəyə qayıt        Baxış: 222          Tarix: 20-10-2018, 13:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma