Xəbər lenti

“Middle East Eye”

 

Türkiyə kəşfiyyatı Səudiyyə Ərəbistanından olan jurnalist Camal Xaşuqcinin öldürülməsi ilə əlaqədar “bütün dəlillər”i Mərkəzi Kəşfiyyat İdarəsi ilə (CIA) paylaşıb. Bu barədə hökumətyönlü türk qəzetləri məlumat verib.

CIA direktoru Cina Haspel İstanbuldakı konsulluqda “Vaşinqton Post” yazarının qətli ilə əlaqədar türk səlahiyyətliləri ilə danışıqlar üçün Ankaranı ziyarət edib. Konsulluqda və konsulun iqamətgahında toplanan video görüntülər, audio tapıntılar, habelə digər dəlillər MİT-dəki görüş zamanı Haspelə verilib.

Audio yazını dinləmiş türk mənbəyi MEE-a deyib ki, Xaşuqci 7 dəqiqədə öldürülüb və onun cəsədi konsulluğun içində parçalara bölünüb.

“Sabah”ın hesabatı ABŞ prezidenti Donald Trampın ilk dəfə Səudiyyə varis şahzadəsi Məhəmməd bin Salmanın (MBS) Xaşuqci cinayəti ilə əlaqəli ola biləcəyinə dair açıqlaması ilə üst-üstə düşüb.

“Wall Street Journal”-a müsahibəsində Tramp deyib: “Şahzadə bu mərhələdə daha çox şey edir. O, prosesi idarə edir və buna görə də, cinayətin təşkilatçısı kimi o, ağla birinci gəlir”.

ABŞ, həmçinin 21 Səudiyyə məmurunu cəzalandırmaq planlarını açıqlayıb, onların vizaları ləğv ediləcək və ya ABŞ-a daxil olmalarına qadağa qoyulacaq. Çünki bu şəxslərin qətlə görə məsuliyyət daşıdıqları iddia olunur.

Eyni zamanda, Türkiyə prezidentinin müşaviri MBS-nin Xaşuqci cinayətində “əlininin qana batdığı”nı söyləyib. “Bu, şahzadə Bin Salmana gedib çatan rüsvayçılıqdır. Qətli icra edən qrupun ən azı beş üzvü Məhəmməd bin Salmanın “sağ əli” və onun məlumatı olmadan hərəkət etməyən insanlardır”, – Ərdoğanın məsləhətçilərindən biri olan İlnur Cevik “Yeni Birlik” qəzetində yazıb.

Cevikin künc yazısında deyilir: “ABŞ prezidenti Tramp Məhəmməd bin Salmanı xilas etsə də, dünyanın gözündə Xaşuqcinin qətlində əli qana batmış şübhəli şəxsdir”.

Çərşənbə axşamı günü həsrətlə gözlənilən çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistin ölümündə Səudiyyə liderlərini günahlandırmayıb.

Bununla bərabər, prezident qətlin Türkiyədə törədildiyini nəzərə alaraq, 15 Səudiyyə şübhəlisinin Türkiyəyə təhvil verilməsinə çağırış edib. “Bu hadisə İstanbulda baş verib, məhkəmə İstanbulda aparılmalıdır və bu, mənim təklifimdir”.

Ərdoğan son üç həftədə Türkiyə mənbələrinin mətbuata sızdıqları təfərrüatları təsdiqləsə də, Xaşuqcinin qalıqlarının olduğu yerin hələ də məlum olmadığını açıqlayıb.

59 yaşlı Camal Xaşuqci boşanma sənədlərini almaq üçün oktyabrın 2-də Səudiyyə diplomatik nümayəndəliyinə girdikdən sonra yoxa çıxıb.

Ərdoğan bildirib ki, Xaşuqcini öldürmək üçün Riyaddan 15 nəfərlik bir qrup İstanbula gəlib və şəhər ətrafında kəşfiyyat apardıqdan sonra onlar konsulluqda təhlükəsizlik kameralarını söndürüblər.

Türk polisi səltənətin İstanbul konsulluğu və konsulun iqamətgahı, eləcə də Belqrad meşəsində axtarış aparıb.

Çərşənbə axşamı polis İstanbulun Sultanqazi məhəlləsində Səudiyyə konsulluğuna aid maşını tapıb.

Xaşuqcinin qətlini 17 gündür inkar etdikdən sonra Səudiyyə rəsmiləri ötən Şənbə günü cinayəti etiraf edib, lakin Səudiyyə rəhbərliyinin bunda iştirakı ilə razılaşmayıblar.

                                        

Tərcümə: Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 365          Tarix: 25-10-2018, 17:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma