Xəbər lenti

Birləşmiş Ştatlar bildirir ki, bu ilin əvvəllərində keçmiş Rusiya casusunun İngiltərədə zəhərlənməsi ilə bağlı Moskvaya qarşı yeni sanksiyaların qoyulmasını nəzərdən keçirir.

Dövlət Departamenti noyabrın 6-da bəyan edib ki, Rusiya bu insidentdən sonra ABŞ-ın kimyəvi silahlardan istifadəni qadağan edən 1991-ci il tarixli qanununa uyğun olaraq ona verilmiş üç aylıq müddətə əməl etməyib və buna görə də Rusiya üzərinə yeni sanksiyaların qoyulması məsələsi Konqreslə müzakirə ediləcək.

Birləşmiş Ştatlar və onun müttəfiqləri Rusiya hökumətini, ötən mart ayında Sergey Skripal və onun qızı Yuliyanın İngiltərənin Solsberi şəhərində hərbi təyinatlı kimyəvi maddə ilə zəhərlənməsində əli olmaqda ittiham edirlər. Moskva bu ittihamları rədd etdikdən sonra Rusiya ilə Qərb arasında onsuz da mövcud olan gərginlik daha da artıb. Bundan sonra ABŞ və Qərb Moskvaya qarşı yeni sanksiyalar elan edib və onlarca Rusiya diplomatı Qərb ölkələrindən qovulub.

ABŞ Dövlət Departamenti ötən avqust ayında bildirmişdi ki, Rusiya Skripalların zəhərlənməsi ilə bağlı Kimyəvi və Bioloji Silahlara dair 1991-ci il tarixli ABŞ qanununu pozub. Bununla əlaqədar Rusiyaya xarici yardımı, müdafiə malları ilə ticarəti və təhlükəsizlik avadanlığı sektorlarını, habelə ABŞ-ın Moskvaya hökumət yardımlarını hədəfləyən sanksiyalar elan edilmişdi.

1991-ci il tarixli qanuna görə Rusiya bu qanuna riayət etdiyini 90 gün ərzində isbat etməli idi. Bu müddət ərzində Rusiya heç bir tədbir görmədiyinə görə Moskvanın üzərinə sanksiyaların yeni dövrəsi elan edilməlidir.

Sentyabr ayında Britaniya iki Rusiya vətəndaşına – hərbi kəşfiyyatın zabitləri hesab edilən Anatoli Çepiga və Aleksandr Mişkinə qarşı Skripalların həyatına qəsd ittihamını irəli sürüb.

Britaniya hakimiyyət orqanları bildirir ki, sözü gedən iki şəxs martın 4-də sovet dövründə yaradılmış Noviçok adlı zəhərli maddəni Skripalın Solsberidəki evinin qapısına sürtüblər. Bundan sonra keçmiş rusiyalı casus və onun qızı huşsuz vəziyyətdə skamyanın üstündə aşkar olunaraq xəstəxanaya çatdırılıb.

Onların hər ikisi həftələrlə kritik vəziyyətdə qaldıqdan sonra intensiv müalicə nəticəsində özlərinə gəliblər. Lakin əldəqayırma ətir flakonuna doldurulmuş eyni maddə ilə təmasa girən başqa bir qadın – Daun Sturgess iyul ayında vəfat edib.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 233          Tarix: 7-11-2018, 17:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma