Xəbər lenti

 

Amulsar qızıl mədəninin işlənməsi məsələsi Ermənistanın ən böyük problemlərindən biri olaraq qalır. Artıq mədənin işlənməsinin böyük ekoloji problemlərə səbəb olacağından narahat olan kütlələr Yerevanda etiraz aksiyası keçirirlər. Ermənistan KİV-ləri Cermux və Qndevazda da etirazların artdığını yazır.

“Amulsar mədəninin işlənməsi mövzusu bu gün Ermənistanın həyatında siyasi-iqtisadi rolu oynayır”, - bunu Oxu.Az-a politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə əsasən, Ermənistanda keçirilən və davam edən etiraz aksiyaları da Amulsar mədəni ilə bağlıdır.

“Bu aksiyalar problemin kəskin olduğundan xəbər verir. Çünki söhbət mədənin yaxınlığındakı yaşayış məntəqələrində yaşayan on minlərlə yerli sakinin həyatından gedir. Onlar bu mədənin işlənməsinin qurbanları sayılırlar. Səbəb isə mədənin ciddi ekoloji ziyanlara səbəb olmasıdır”, - deyə politoloq qeyd edib.

Digər tərəfdən, ekspert bildirib ki, münaqişənin  ciddi siyasi sətraltı mənası var.

“Bu problem Ermənistan rəhbərliyinin siyasətindəki ziddiyyətləri növbəti dəfə nümayiş etdirir. Vaxtilə Paşinyan və onun silahdaşlarının əksəriyyəti yatağın işlənməsi məsələsində kifayət qədər tənqidi fikirlər səsləndirmişdilər.

Onun tərəfdarları Amulsar yatağının işlənməsi barədə müqaviləni dayandırmağı tələb etmişdilər. Bu, Paşinyan hakimiyyətə gələnə qədər belə idi”, - Vəlizadə bildirib.

Politoloq qeyd edib ki, bu gün vəziyyət 180 dərəcə dəyişib.

“Bu, Paşinyanın öz hərəkətlərində məntiqsiz davrandığını üzə çıxarır. Vaxtilə Nikol Ermənistanın Avropa İqtisadi Birliyindən çıxmasını tələb edirdi. Sonradan isə Ermənistanın bu qurumda qalmasının tərəfdarlarından birinə çevrildi.

Təbii ki, yerli sakinlərin Paşinyana müəyyən sualları ortaya çıxır. Əgər Baş nazir müntəzəm olaraq fikrini dəyişəcəksə, daha prinsipial məsələlərin həllində Paşinyandan hansı mövqeni gözləmək olar?”, - politoloq qeyd edib.

İlqar Vəlizadənin fikrincə, Amulsar məsələsindən Ermənistanın müxalif qüvvələri istifadə edə bilər.

“Bu mitinqlər Paşinyanın siyasətinə skeptik yanaşmanı üzə çıxarır. Digər tərəfdən, bundan istifadə edərək tərəfdarlarının sayını artırmaq istəyən müxalifətə siqnal verir”, - Vəlizadə qeyd edib.

O qeyd edib ki, ermənilərin etiraz aksiyaları həm də xarici qüvvələrin əlinə oynayır.

“Söhbət Amulsar mədəninin ABŞ şirkətləri tərəfindən işlənməsində maraqlı olmayan xarici qüvvələrdən gedir. Bu mədən niyə vacib xarici siyasət roluna malikdir? Çünki bu mədəni işləmək istəyən ABŞ şirkətləri və investorları erməni bazarında uzun müddət qala bilərlər.

Ermənistanın siyasi rəhbərliyinə də müəyyən suallar vermək olar. Mən düşünürəm ki, Avrasiya İqtisadi Birliyi səviyyəsində bu suallar verilir. Oktyabr ayında Yerevanda Avrasiya İqtisadi Birliyinin sammiti keçiriləcək.

Bu sammit Ermənistanda qurumun xətti ilə həyata keçirilməsi nəzərdə tutulan investisiya layihələrini dayandırır. Qərb ölkələrinin xətti ilə layihələr aktiv şəkildə reallaşdırılır”, - deyə Vəlizadə bildirib.




Ana səhifəyə qayıt        Baxış: 328          Tarix: 21-09-2019, 12:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma