Xəbər lenti

Rusiyada əslən Azərbaycandan olan Xabarovsk sakini Anar Əliyar oğlu Allahverdiyev beynəlxalq axtarışa verilib və barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. O, pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevin ölümünə səbəb olmaqda ittiham edilir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Xabarovsk vilayəti üzrə İstintaq İdarəsi məlumat yayıb.

Allahverdiyev bundan əvvəl federal axtarışa verilib.

Avqustun 20-si səhər saatlarında Xabarovskun mərkəzində yerləşən "Qalereya" kafesi qarşısında Draçev və idmanın döyüş növləri ilə peşəkar məşğul olan Allahverdiyev arasında münaqişə baş verib. Dava nəticəsində Draçev zərbə alıb və yerə yıxılaraq huşunu itirib. O, xəstəxanaya aparılsa da, orada, ilkin məlumatlara görə, kəllə-beyin travmasından keçinib. Hadisənin digər iştirakçısı isə qaçıb.

Faktla bağlı "adam öldürmə" maddəsi üzrə cinayət işi başlanıb. Şübhəli şəxsi 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. Allahverdiyevin yeri barədə xəbər verənə 8670 ABŞ dolları (500 min rubl) məbləğində mükafat vəd olunub.




Ana səhifəyə qayıt        Baxış: 880          Tarix: 14-09-2017, 12:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma