Xəbər lenti

 Aləm Kəngərli

 

Uşaqlıq çağımda yıxılanda deyərdin ki, ağlayıb, ürəyimi dağlama, kişi  də heç ağlayarmı?! Mən o vaxtdan, ağlayanda yalnız içimə ağladım. Göz yaşlarımı boğub, yaşamağa qoymadım! Hönkürtümü uddum ki,canın sızlamasın, ana!

 

Amma bu gün... Amma bu gün fəryadım yadları da ağlatdı! Məndən incimə, ana, göz yaşlarıma gücüm çatmadı.

 

Yemək yeməyəndəməndən küsərdin ki, adam da anasının sözündən çıxarmı? Bu gün heç nə keçmədi boğazımdan, məndən küsmə, nə olar!

 

Üstümdə əsib, can deməkdən, canını qurban deməkdən usanmadın. Payız gələndə deyərdin ki, əynini qalın eylə, fikrim yanında qalmasın. Bəs, bu sazaqlı havada,bu əyin-başla hara gedirsən, ana?! Sənə soyuq olmazmı?

Olmaya, atam üçün darıxmısan?

Deyirdin ki, sənsiz qala bilmərəm. Yalvardım ki, məni qoyub getmə, bəs, niyə getdin, ana? Axı, heç vaxt sözümdən çıxmazdın.

 

Ürəyin sıxılmasın deyə, həmişə səliqə-sahmanlı olardım. Bu gün üst-başım torpaqlı, üzüm qara idi yanında. Səni ala bilmədim ölümün pəncəsindən.

Məni bağışla, ana!

30 oktyabr 2017




Ana səhifəyə qayıt        Baxış: 1 852          Tarix: 29-11-2017, 11:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma