Xəbər lenti

                                             

  Şəhla Vahid Haciyeva Füzuli rayonunda anadan olub, 7-8 yaşlarımdan şeir yazır.Təxminən 15-16 yaşlarından bu günə qədər şeirləri müxtəlif qəzetlərdə, almanaxlarda,sayıtlarda,jurnallarda mütamadi çap olunur. Sumqayıt poezya evinin üzvüdür, bir dəfə Dünya Türk Gənc Yazarlar Birliyi (DTGYB) tərəfindən Fəxri Fərmanla təltif olunub, həmin birliyin də üzvüdür. 2016-cı ilin yanvar ayında AYB-in (Azərbaycan Yazıçılar Birliyi)nəznindəki GƏM (Gənc Ədiblər Məktəbinə)daxil olub, 2018-ci ilin yanvar ayında oranı bitirib, diplom alıb.Tibb işçisidir, hazırda Səhiyyə sahəsində çalışır.

 OVQAT.COM gənc şairə Şəhla Vahid Hacıyevanın şeirlərindən seçmələri oxucularına təqdim edir.

BiR OVUC XATiRƏYƏM.


Bir ovuc xatirəyəm,iki damla göz yaşı,
Səp torpağa qarışım,ağla gözündən düşüm.
Yox yazığın gəlməsin,yox,yox heç bağışlama,
O qədər qına məni,özüm-özümdən düşüm.

Indi nə mənası var,bəlkənin də,kaşın da,
Ha yüyür nə var axı,gümanın o başında.
Başqa bir ad əzbərlə yadlaşım yaddaşında,
Nə yaxşım,nə pisim var,unut sözündən düşüm.

Hardan qəlbinə düşdüm,mən sənə arzu oldum?
Bir udumluq sevincə hər gün tamarzı oldum.
Bu qədər boyun əydim,bu qədər razı oldum,
Kəs səbrimi Ilahi,kəs ki,dözümdən düşüm.

      *******************

DÖNDƏRƏN.

Öldürür həsrətli baxışı məni,

Qurtarmaz bir elin alğışı məni.

Tutdu gözlərinin qarğışı məni,

Ay məni gözündə yaşa döndərən.

 

Nə vardı apardı il,qucaq-qucaq,

Gülməyən bəxtinə gül qucaq-qucaq.

Qaldı yananlardan kül qucaq-qucaq,

Ağlama ümidin boşa döndərən.

 

Bir Allah amana söykənib hər şey,

Bir vaxta,zamana söykənib hər şey.

Bir quru gümana söykənib hər şey,

Bir ömrü dilində "kaş"a döndərən.     

   ********************             

BU YER ÜZÜNDƏN.


Xoşbəxtliyin özü düşə izinə,
Qəlbinin sevinci çıxa üzünə.
Bəxtəvər deyəsən özün-özünə,
Xoş olub gedəsən,bu yer üzündən.

Bütün fikirləri atıb başından,
Dost-tanışı çıxardasan huşundan,
Hər nə varsa,siləsən yaddaşından,
Boş olub gedəsən,bu yer üzündən.

Sayılıb,seçilib saya düşəsən,
Həyatda ən gözəl paya düşəsən.
Götürüb atalar Aya düşəsən,
Daş olub gedəsən,bu yer üzündən.

 ************************

ÖLÜM GEDiM.


Hisslərində yaşayım,
Özündə ölüm gedim.
Göz yaşında boğulum,
Gözündə ölüm gedim.

Varam olanlarınla,
Yadda qalanlarınla.
Çıxım yalanlarınla,
Düzündə ölüm gedim.

Düş bu eşqin izinə,
Dur bu bəxtin üzünə,
Al başımı dizinə,
Dizində ölüm gedim.

Gedim,əlindən çıxım,
Yansan külündən çıxım,
Son kəs dilindən çıxım,
Sözündə ölüm gedim.

***************

NOĞUL DÜNYA.


Durdun qəsdinə,ağlayır,
Kordu tüstünə ağlayır.
Hamı üstünə ağlayır,
Göz yaşında ki dünya!

Bir şeirlik söz olmusan,
Bir yaralıq duz olmusan.
Nə anaya qız olmusan,
Nə ataya oğul dünya.

Ömrü didilir dizində,
Qanı gül açıb izində.
Bir ac körpənin gözündə,
Nağıl dünya,noğul dünya.

 *******************

ÇiÇƏK VAXTIDI.


Ümid ilə gözlərinə boylanan,
Bir gün gözlərimin yaşına dönmə.
Hələ arzuların çiçək vaxtıdı,
Bahar ürəyimin qışına dönmə.

Nədir sənə doğru çəkib aparan,
Nədir ürəyimi bürüyən bu hiss.
Hər dəfə qəlbimdə haray qoparıb,
Ağlayıb,çırpınıb kiriyən bu hiss.

Tez qaçıb sığınır ovuclarına,
Sığınır əllərim körpə uşaq tək.
Bəzən də bir isti sığalın üçün,
Nazlanır tellərim körpə uşaq tək.

Ilahi,hər görüş nəyə işarə,
Yazılıb yazımız qoşamı yoxsa.
Bəlkə tələsirik xəyal qurmağa,
Yoxsa sevincimiz boşamı,yoxsa. 

                                 

                                     

                                          

 

 

  




Ana səhifəyə qayıt        Baxış: 2 507          Tarix: 21-02-2018, 02:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma