Xəbər lenti

 Şair Ələsgər Talıboğlu Böyük şairimiz Mikayıl Müşfiqin həyat və mübarizəsindən bəhs edən "Çılğın dağ çayının nəğməsi" adlı poema yazıb. Ovqat.com həmin poemanı öz oxucularına təqdim edir.

           Proloq

Çox gənc ikən sevdim səni

nəğməsindən doymadığım

yerin yeddi tərkindəncə

axıb gələn budaq kimi..

Yatağına sığışmayan

coşqun selli dağ çayı tək,

o ötdüyün nəğmələrin

ax... necə də həzin,kövrək...

Sevdim səni uc-bucaqsız

mavi donlu göylər kimi.

Sevdim səni ay bənizli

nazlı pərim--o Ay  kimi.

Sevdim səni xoş, əvəzsiz

Tanrı verən bir pay kimi...

Sevdim səni

ürəklərə duyğu səpən

şəfəq kimi,bir nur kimi,

şeir adlı dəfinənin

dünyasından qopub gələn

bir ləl kimi,bir dürr kimi...

Sevdim səni

Leylasını sevənlər tək,

Əslisini sevənlər tək,

Nigarını sevənlər tək,

Həcərini sevənlər tək...

Eşqi böyük sənətkar tək

layiq idin bu sevgiyə...

Durmamışam boş-boşuna

sevməkdəyəm yenə də mən

elə səni öyə-öyə...

 

 

 

 

                    ***

Şeir-sənət dünyamızın

Ən möhtəşəm zirvəsində,

Alilərdən ali oldun

Sən ucalıq cərgəsində.

 

Sərt,yoxuşlu o zirvənin

Əl çatmayan qaşı oldun.

Bu Vətəndə bir şair tək,

Elə məhək daşı oldun.

 

Ömür yolun gödək oldu,

Qısa bir yol qət eylədin.

Kiçik zaman kəsimində

Milyon ürək fəth eylədin.

 

Çağlar qəlbli sənətkar tək,                                           

Hopdun zərif könüllərə.

Hər an  nurlu duyğularla

Hey səslədin xoş səhərə.

 

Ilmə atdın neçə könlə

Şeirinlə,nəfəsinlə.

Naxış saldın hər sözünlə,

Pak eşqinlə,həvəsinlə...

 

Hər hissini tablo kimi

Ürəklərə köçürdün də.

Qələminin gücü ilə

Mey yerinə içirdin də...

 

Gözəlliyin türlü-türlü

Cilvəsini yaratdın sən.

El gözündə pillə-pillə

Elə qalxdın,boy atdın sən.

 

 

 

 

 

 

 

Odur ki,bax,hər könüldə

Topdağıtmaz taxt qurubsan.

Millətinin önündəsə,

Alnıaçıq,saf durubsan.

 

İlhamını aldın elə

Vətənindən,öz elindən.

Onunçün də düşməyirsən

Milyonların, bax, dilindən...

 

                       ***

 

Qaynamadı boş-boşuna

köksün üstə binələnmiş

çağlar gözlü bu bulağın,

şeirdənsə yoğrulubdu

pak mayası,xəmiri də

sən doğulan od,ocağın...

      “Olsun qiblən bir tərəf,

        Durma zülmə bitərəf.

        Şah dikilsə bitərəf,

        Kəyan olmaz,Key olmaz”--

deyən sənin ulu baban

say seçmə bir Aşıq olub,

o da elə sənin kimi

öz yurduna, yuvasına

öz elinə,obasına

vurğun olub,aşiq olub.

El içində ad qazanıb 

öz sənəti,sazı ilə,

min söhbəti,sözü ilə...

Zamanının o sərt, ağır  

dolayları, gədikləri   

sədd olmayıb qarşısına,

imzasını yazdırıbdı

tarixlərin sal daşına...

 

 

                  

 

             ***

 

Səni səndən artıq sevən

atanın da

şeir-sənət meydanında

özünə xas yeri olub,

könüllərdə yuva salmış

ustadlardan biri olub...

İstər yaxın, uzaq olsun

böyük eşqlə,sevgi ilə

taxt qurubdu hər ürəkdə.

O hər kəsi sevdiyi tək

ona qucaq açıb elə

o sevdiyi hər ürək də...

...Qaynamayıb boş-boşuna

köksün üstə binələnmiş

çağlar gözlü eşq bulağın,

şeirdəncə doğulubdu

pak mayası, xəmiri də

sən doğulan o ocağın...

 

                  ***

 

Sən heç də deyildin sıradan biri,

Adın hallansa da, adlar içində.

Sonsuz sevgilərə laiq kəs idin,

Doğmalar içində, yadlar içində...

 

Cavid tək,Cavad tək,bax Şaiq kimi,

Ustadlardan aldın sən öz dərsini.

Öyrəndin həyatda hey addım-addım

Sən sənət dərsini,sən söz dərsini.

 

Bir coşqun çay idin haylı-haraylı,

Kükrəyə-kükrəyə axardın hər an.

Çağlar ilhamınla,çağlar təbinlə

Min-min könülləri yaxardın hər an...

 

 

 

 

 

 

Hər qaynar bulaqdan alıb suyunu
Sən aşıb-daşardın bir dəli çay tək.

Yeni-yeni qüvvə,vüssət verərdi,

Hər insan oğluna səndəki ürək...

 

Məcra tanımazdın, sədd tanımazdın,

Hər zaman qoşardın öz axarınla.

Daima qəlblərə nur çiləyərdin,

Axardın öz axar,öz baxarınla...

 

Bir çılğın nəfəsli dağ çayı kimi,

Salardın hər elə,obaya soraq.

Paslı ürəklərin,paslı qəlblərin

Açardın pasını şəfəq saçaraq...

 

 

                          ***

 

 

Bir parlaq Ay idin...gülərüz bir Ay...

Elə ay kimi də batıb da getdin.

Gah şaqraq, gah kövrək söz lövbərini

Min-min ürəklərdə atıb da getdin...

 

Dərin dəryalarda üzdün qəvvas tək,

Bir kimsə qolunu yora bilmədi.

Gələn sabahların eşqiylə heç vaxt,

Heç kim sənin kimi içdən gülmədi...

 

Hər qəlbə hərarət səpərdin elə,

Günəş tək parlardın göyün üzündə.

Gücünü günəşdən aldığın üçün,

Günəş hərarəti vardır sözündə.

 

 

 

 

 

 

 

Bəzən də selləmə yağış olardın,

Qalın buludlardan yağan bir yağış...

Körük sinələrin yuyub ahını,

Yerində salardın sən incə naxış.

 

Nəfəsindən xalqın iyi gələrdi,

Hər sözün çalardı,bax,min bir rəngə...

Axardı hər qəlbdən-qəlbə saf su tək,

Odur ki,vuruldum bu xoş ahəngə...

 

Sənin ilhamına qanad taxdıran

Könlündən sellənən şux duyğun idi.

Vətən torpağına olan bu sevgin

Böyük məhəbbətin,bil,sayqın idi.

 

Sənət göylərinin fatehi oldun,

Dolaşdın qartal tək əngin zirvədə.

Təbinin önündə baş əydi, ustad,

Səndən “öndə” duran hər bir “zirvə”də.

 

Üfüqdən-üfüqə səni səsləyən,

Doğan sabahların şaqraq səsiydi.

Könlündən axanı sapa düzməksə,

Sənətə vurğunluq həvəsiniydi...

 

                          ***

 

Paxıl bəbəklərə sancılaydı ox,

Xəbis ürəkləri tarmar olaydı.

Xeyirxah,bil,nəcib insanları da

Həyatda daima həmvar olaydı.

 

Gözü götürmədi paxıl “dostların”,

Bir olub verdilər səni güdaza.

Haqqında min cürə böhtanlar dolu,

Gizlincə danoslar hey yaza-yaza...

 

 

 

 

 

Çatdılar köksündə bir qızmar ocaq,

Hətda körüklə də körüklədilər.

Sənə,bax,elçilik edən “dostların”

Bilərək ölümə sürüklədilər...

 

“Ah,mən gündən-gündə bu gözəlləşən,

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan,göylə əlləşən,

Dostdan,aşinadan necə əl çəkim?..”

 

Səninsə əl çəkmək istəmədiyin

Dostların bildinmi nələr etdilər?..

Zülmətə bələnən yay gecəsində,

Bax,gedər-gəlməzə səni “itdilər”...

 

Aldılar əlindən “sona Dilbəri”,

Yurdunu dağıdıb viran qoydular.

Sənə əl çəkdirib “təbi-valadan”,

Ruhunu başdanca tamam soydular.

 

İndi bir məzarın yoxdur ki, belə,

Üstünə tər-təzə çiçəklər səpək.

Ziyarət anında çöküb qarşında

Qara baş daşından,de,hərdən öpək...

 

Namərd  gülləsinə tuş gəldin,atam,

Qanından rəng aldı Nargin adası.

Yağının əliylə çəkildi tətik,

Hələ də qulaqdan getmir sədası...

 

Deyirlər Xəzərə atılıb nəşin,

Demək ki,göy Xəzər olub məzarın.

Bu doğru deyildir--əbədi yurdun,

Yalnız ürəklərdə sən tək yazarın.

 

 

 

 

 

 

Xəzərlə bil,birgə anılır adın,

Ruhun dolaşmaqda Xəzərin üstə...

Eləcə Xəzərdir ən son kitabın,

Eləcə Xəzərdir sonuncu bəstən.

 

Xəbislik hissinin oldun qurbanı,

Həyatdan heyif ki,getdin çox erkən.

Səni zor gücünə məhv eylədilər,

Dünyaya bu qədər sən bağlı ikən...

 

                      Epiloq

 

Sənin söz sənətin,söz adlı dünyan

Min-min ürəkləri fəth etdi hər  an.

Mən də vurğunuyam,bax,şeirinin,

Ey böyük nəğməkar, ey böyük insan!..

 

“Yenə o bağ olaydı...” kəlmələri

milyonların bitdi elə dilində.

“Arzuya bax sevgilim...”misraları

Lövbər atdı hər bir kəsin könlündə.

 

Ürək tellərini çaldın saz kimi,

Təbinin qüdrəti zirvələr aşdı.

Sənət meydanında çaldığın zəfər

Sənə şan gətirdi,ellər dolaşdı.

 

Ruhunun önündə səcdə edirəm,

Hər adın gəzəndə dodaqda-dildə.

Köksümü qabardır sevgi hisslərim,

Adın çəkiləndə ülfətlə eldə...

 

Mənə elə gəlir sən ölməmisən,

İlahi bir varlıq sanıram səni.

Övlad atasını yad eyləyən tək,

Eşqlə, məhəbbətlə anıram səni.

 

 

 

 

 

Gəzir nəğmələrin dildə-ağızda,

Demək ki,həyatda hələ də varsan.

Adın könüllərdə yuva tapıbsa,

Ay ustad, nə xoşbəxt,nə bəxtiyarsan...

 

...Sənin söz sənətin,söz adlı dünyan,

Min-min ürəkləri ram etdi hər an.

Mən də vurğunuyam,bax,şeirinin,

Ey böyük nəğməkar, ey böyük insan!..

                               Yanvar-Oktyabr 2017-ci il.

                               

 




Ana səhifəyə qayıt        Baxış: 795          Tarix: 16-05-2018, 21:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma