Xəbər lenti
15-10-2019, 20:29
15-10-2019, 20:09

    Sən bir dağ çayı idin, Sabir Bəşirov! Sahillərin gül-çiçək, ən dərin qatların da görünürdü aynatək!

Səninlə və dostumuz Nəriman Əbdürrəhmanlı ilə məni nəsrimizin “bir udum dağ havası” olan dostumuz Əlabbas tanış etmişdi—düz on iki il bundan əvvəl.

   Və bu on iki il içərisində bizim hər bayramlarda, əlamətdar günlərdə telefon təbriklərimizi nəzərə almasaq, təkcə bir dəfə yenə də hamımıza ana kimi geniş qucağını və ürəyini açan doğma Bakımızda görüşdük—Nərimanla birlikdə--il yarım bundan qabaq. Çünki Sən Yardımlının ucqar dağ kəndi Peştəsərdə, mən də Naxçıvanda yaşayırdıq.

 Sən Bakıda olanda mən, mən Bakıda olanda da Sən olmurdun. Ancaq vədələşmişdik ki, bu ilin—2018-ci ilin avqustunun sonunda da dostlarla birlikdə yenə də Bakıda görüşək. Amma Sənin dogma övladının toyu ilə bağlı olaraq vədələşməyimiz gerçəkləşmədi. Bu da fələyin qisməti imiş. Biz yenə də telefon dalğalarında “görüşdük”, Sənin ata sevincinə, fərəhinə uzaqdan-uzağa olsa da bir dostun, əməl qardaşın kimi şərik çıxdıq...Və nəhayət sentyabr ayının 20- də Sənin qəfildən,kimsənin, heç özünün də, doğmalarının da gözləmədiyi halda öz əlinlə əbədiyyət qapısını açaraq bu astarı üzündən baha dünyaya xəbərsiz-ətərsiz əlvida demək səssizliyini mənə Nərimanın heç vaxt yaddaşımdan silinməyən, qulağımdan getməyən dərin hüzünlü, yaslı səsindən eşitdim. Və o andaca Sənin ölümündən iki ay əvvəl yazdığım “Tanrı müjdəsi”adlı şeirimdən bir parça yadıma düşdü. ”Kredo” qəzeti səhifələrində(14.06.2018) dostumuz və dəyərli qələmdaş qardaşımız Əlirza Xələflinin ürək açıqlığı və səxavəti ilə mənə ayırdığı bir səhifəlikdə bu şeir də özünə yer tapmışdır. İşə bax ki, bu şeirləri Sən oxuyandan sonra mənə telefon açdın və daha çox “Tanrı müjdəsi” şeiri haqqında düşüncələrini bölüşdün: bilmirəm, bu təsadüf idi, yoxsa Tanrı xəbərdarlığı!..

...Dostlar durna qatarıtək

verib qanad-qanada,

üzləri sulu ikən

köçdülər bu dünyadan.

Bu qəfil köç karvanıyla

mat qoydu bəndəsini

əzəmətli yaradan.

Rəsul Rza demişkən:

“Su oymuş qaya kimi

uçulur dörd bir yanım”,

Onunçün də qaynamır

dünyaya daha qanım...

  Əzizim Sabir,son dörd ildə dünyasını vaxtsız-vədəsiz dəyişən Sənin kimi əvəzsiz, özlərindən sonra yerləri mənimçün həmişəlik boş qalan AMEA-nın müxbir üzvü, tanınmş dilçi alim Adil Bağırovun, professor, dilçi alim Sevindik Vəliyevin, dilçi alim, professor, həm də bir neçə şeir kitabının müəllifi Elbəyi Maqsudovun, tarixçi alim, professor Həmzə Cəfərovun, tarixçi alim, tanınmış şair Vaqif Məmmədovn, gözəl yazıçı, tanınmış folklor tədqiqatçisı , fəlsəfə doktoru Rafiq Babyevin...bir-birinin ardınca qəfil ölümləri bu şeiri mənə yazdıranda mən heç bilməz idim ki, bu tezlikdə bu şeirdə sənin də xatirə payın olacaq. Çünki hər dəfə sənin bayramlarını təbrik edəndə deyirdin: ”Çox demirəm, Allah sənə iyirmi il ömür versin, beləcə zəng vurub məni təbrik edəsən”. Və hər dəfə də keyfini, əhvalını xəbər alanda “pis demək olmaz” deyərək bizləri təskinlədirdin. Sən saydığını say, gör fələk nə sayırmış,qardaşım...

    Sən böyük ürək sahibiydin, əziz qələmdaş dostum. Biz birbirimizi şəxsən tanımaya-tanımaya, imzan müstəsna olmaqla, Sən mənim “Bu da bir nağıldı...”şeir kitabım haqqında “Bu dünya başdan-başa özü boyda kədərdi...” adlı dəyərli bir məqalə yazdın və bu məqaləni“Vətəndaş həmrəyliyi” qəzetinin 26-29 noyabr 2006-cı il tarixli sayında dərc elətdirdin. Mən bu gün də “Vətəndaş həmrəyliyi” qəzetinə minnətdaram ki, qəzet elə Sənin məqalənin ardınca 55 illik yaşımı təbrik edərək yazırdı : ”Yaxın günlərdə Naxçıvanda yaşayan dəyərli ziyalımız,gözəl alim və şair Xanəli Kərimlinin 55 yaşı tamam olur. ”Vətəndaş həmrəyliyi” qəzeti olaraq Xanəli müəllimi təbrik edir, ona cansağlığı və yaradıcılıq uğurları diləyirik. Yubiliyarın qələm dostları Əlabbas, Nəriman Əbdürrəhmanlı da bu təbrikə qoşulur.”

Sən bu alicənablığının təzahüru kimi sonralar 60 illiyimlə bağlı “Xanəli Kərimli:Bir ömrün nağılı” adlı monoqrafiya yazıb 2011-ci ildə “Qnun” nəşriyyatında nəşr etdirdin ki, bu kitabın da “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr olunmuş 15 kitabından” biri kimi təkcə Sənin yaradcılığında deyil, həm də çağdaş elmi-ədəbi mühitdə öz layiqli yerini tutdu.Sənin böyük zəhmət bahasına araya-ərsəyə gətirdiyin və ciddi araşdirma işi olan“60-cı illər nəsrinin etik

problemləri”(2006) kitabınsa illərdir ki, bu sahənin tədqiqatçıları üçün dəyərli qaynaq rolunu oynamaqdadır.

Əzizim Sabir, Sənin Beynəlxalq Rəsul Rza mükafatçısı kimi də elmi-ədəbi mühüti-mizdə öz yerin, öz imzn, öz sözün vardır.

...Qardaşım Sabir, bu sətirlərin müəllifi vaxtilə yazmışdı ki:

Ölüm də həyatın başqa adıdır,

Allahın insana mkafatıdır.

    Təbii ki, bu “mükafat” bir az tez, bir az gec ulu Tanrıdan hamımıza nəsib olan bir “mükafatdır”. Çünki  gələn qonağın getməyi də var—vaxtli, vaxtsız... Birdə ki, Allah dediyimiz o uca qüdrət heç vaxt istəmir ki, sevdiyi bəndəsi günahlarla dolu bu Yer üzündə günah əhli olub onun müqəddəs, pak dərgahına qayıtsın. Biz yaradılanlar Yaradandan çox bilmir ki... Verən də Odur, alan da...

Sən Allahın mələküzlü bəndəsi idin ki, Sabir, Sənə doğulub boya-başa çatdığın doğma Vətənində qəbir qismət oldu...Bu xoşbəxtlik “özünü özündə itirən dünyamızda”

(M.Araz) hər Vətən oğluna nəsib olmur, qardaşım...

... Sənin bizlər üçün də xəbərdarlıq olan qəfil ölüm xəbərinin acı kədərindən doğan aşağıdakı misraları son təsəlli və son əlac kimi Sənə ünvanladım. Bilmirəm, narahat ruhumuz bununla təskinlik tapacaq, ya yox:

...Bir dağ çayı idin,qardaş!..

Səni məhbəs kimi sıxan

qayalarla,sərt dağlarla

vuruşaraq,döyüşərək

durulurdun,saflaşırdın

yavaş-yavaş.

Bilirdin ki,yaşamağın,

vuruşmağın,döyüşməyin

hədər deyil,

Bilirdin ki,vuruşlarda,

döyüşlərdə

hərdən məğlub olmağın da

kədər deyil.

İstəmirdin çoxları tək

dəryalara,ümmanlara

qovuşasan,

istəmirdin!..

İstəyirdin öz adınla,

ünvanınla keçmişini,

bu gününü,sabahını qoruyarq

tarix boyu alnıaçıq,

qəlbitəmiz yaşayasan .

Çox görmüşdün,

azman-azman dağ çayları

ümmanlara,dəryalara

qovuşanda ölüb gedib,

Böyük-böyük arzuların,

amalların ölümləri

bölüb gedib.

Qalmayıbdı nə adları,nə sanları,

silinibdi ünvanları.

Minillik bir ölü kimi

unudulub olanları...

Sənsə axıb çağlayırdın

öz arzunla,öz yolunla

qadağalar sədlərini yara-yara

işıq verdin,həyat verdin

neçə-neçə aydınlara--

nurlu,aydın sabahlara!...

**

...Mən Sənin elmi yardıcılığından, pedaqoji fəaliyyətindən danışmadım. Bu, başqa bir mətləbin , başqa bir ovqatın söhbətidir. Ancaq Sən əzəli və əbədi bir İNSANLIQ mövzusu kimi həmişə, hər zaman mənim və dostların üçün dirisən, əzizim Sabir. Ona görə də bizi Allahın əmri ilə müvəqqəti bir zaman kəsiyi ayırsa da, Sənə“ƏLVİDA”

demirəm, ”GƏLƏN GÖRÜŞLƏRƏ QƏDƏR” deyirəm!..

Allah Səni və bizləri öz uca mərhəmətinə bağışlasın!!..

 Xanəli Kərimli,

filologiya üzrə fəlsəfə doktoru,dosent

15.10.2018.

   




Ana səhifəyə qayıt        Baxış: 484          Tarix: 30-10-2018, 23:03      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent