Xəbər lenti

 

Kulis.az Pərvanə Bayramqızının “Mütaliədən bizə qalanlar” yazısını təqdim edir.

Elmi, yazını və kitab çapını kəşf etmək insanların özlərinə etdikləri ən böyük yaxşılıqlardan biridir. Kitab haqqında görkəmli şəxsiyyətlər gözəl fikirlər söyləyiblər. Əbu Turxan onu qiymətli xəzinəyə, eyni zamanda da açara bənzədir. A.İ.Gertsen isə kitabı bir nəslin digər nəslə mənəvi vəsiyyəti kimi qəbul edir. “Kitab bilik mənbəyidir”, “Yaxşı kitab əsl dostdur” və s. kimi bir sürü populyar deyimlər də yazmaq olar, amma yazmıram. (Burda gülücük işarəsi təsəvvür edin) Bəs necə edək ki, adamları ləl-cəvahirat xəzinəsindən çəkindirib iştahalarını kitab xəzinəsinə yönləndirək? Hə, deyəsən işimiz çətin olacaq. Ona görə də yazımda bir mötəbər ziyalı xanımın fikirlərindən faydalanacam. Məqsədim “böyüksüz yerdə oturmamaq”, “Gen olsun deyə məsləhətli don tikməkdir”.

“Uzun, incə bir yoldayıq...” boynumuza kitabsızları kitablı etmək kimi məsuliyyətli və faydalı iş düşüb. Adamlara mütaliə vərdişi aşılayaraq, onların dünyagörüşünün formalaşmasında yardımçı olmaq vətəndaşlıq borcumuzdur. Bununla bir-birimizə, vətənimizə, gələcəyimizə sevgimizi ifadə etmiş oluruq. Bu vəzifəni öhdəmə götürməyə məni bilirsinizmi hansı məqam məcbur etdi? – Kitabxana soruşanda mənə məktəb ləvazimatı satılan dükanı göstərdilər. Onda ayıldım ki, vəziyyət ağırdır, nəsə etmək lazımdır. Bununçün də ötən əsrlərdə xalqının maariflənməsi uğrunda ağır yükü çiyinlərinə götürən ziyalılarmız kimi biz də nəsə bir iş görməliyik. Hələ o zamanın çətinliklərini, cahilliyini nəzərə alanda bizim işimizin maarifpərvərlərimizinkindən asan olduğunu görürük.

Kitabın və mütaliənin təbliğinə həvəslənməyimə məni bir də insanların bir-biriləri ilə mədəni şəkildə müzakirə, mübahisə apara bilməmələridir. Hər kəs bir-birinə qarşı aqressivdir. Ah kitabsızlar! (Necə dəhşətli səslənir!) Beş-on dəqiqə söhbət zamanı psixoloji travma aldığım, kasıb mənəviyyatına yoxsulluğundan çox acıdığım insanların yönlərini kitabxanaya salmaqları üçün ömrümü mütaliənin təbliğinə həsr edəcəyimi qarşıma məqsəd qoymuşam. Bu işdə mənim özümə də mütaliə kömək edir. Hər dəfə yeni kitab oxuyanda indiyəcən çox şeydən xəbərsiz yaşadığımı hiss edirəm. Məndən qat-qat zəngin mütaliəli insanların söhbətlərini dinləmək də mənə zövq verir.

Başlayaq maraqdan. Elmi kitablarda marağı obyektin emosional cazibədarlığına və həyatı əhəmiyyətinə görə insanın ona olan seçimə müsbət münasibəti kimi dəyərləndirirlər. Tələbatı isə insanın konkret həyat şəraitindən asılılığını ifadə edən və onun bu şəraitdə aktivliyini şərtləndirən özünəməxsus psixi halət kimi qəbul edirlər. Fikrimcə maraq nəyədirsə tələbat da ona olur, fərd də seçimi bunlara uyğun edir. Bu yöndən yanaşanda yaxından tanıdığım birinin ədəbiyyat seçimini xatırladım. Elə əsərlər seçir ki, orda obrazlar bir-birilə vuruşub qan töksünlər. İndi bu adamın xarakterini özünüz çözün. Tərifə oxşasa da həmin şəxsi özümlə müqayisə edəcəm. Mənsə Cek Londonun “Martin İden” və “İnsan öldürmək” əsərlərini dəlicəsinə sevir və bu cür mövzularda yazılmış əsərlər oxuyuram. Hər iki əsərə məni bağlayan obrazların zəngin mənəviyyatlarıdır. Yoxsul olanda ondan qaçanlara varlanandan sonra kin bəsləməyən, hətta əl tutan Martin, bir-birinə olan qəzəbləri əsl insan hisslərinə tabe olan oğru və ev sahibinin son addımları məni riqqətə gətirir. Elə əsərlər oxumaq lazımdır ki, yumyumşaq olsun, onu oxuyarkən həlimxasiyyət bir insanla söhbət etdiyini zənn edəsən, kinindən utanasan.

Bu məqamda mövzu ilə bağlı olduğundan uşaqlıq xatirəmi yazmaq istəyirəm.

Qonşuluqda mənlə yaşıd qız vardı. Onunla oynamağı xoşlayırdım. Bu cəhətimdən həmişə yararlanırdı. Könlündən hansısa əşyamı almaq keçəndə oyunun qızğın yerində qaş-qabağını sallayıb evlərinə getmək istədiyini bildirirdi. Getməməsi üçün bacımın əlindən gəlinciyimi alıb ona verirdim. Hətta yemək yeməsə mən də yemirdim. Məni ona bağlayan, bəlkə də, onun həyat tərzi idi. Bacımla məndən fərqli olaraq o, rəftarında, geyimində çox sərbəst idi. Biz isə rejimlə böyüyürdük. Dərəyə, təpəyə gedə, hər uşaqla oynaya bilməzdik. Elə həmin qızla da oyun müddətimiz “limitlə” idi. Qız bizə sataşmağı sevirdi. “Sizin ananız sizi heç yana buraxmır, mənim anamsa icazə verir istədiyim yerə getməyə” deyə bizi qıcıqlandırırdı. Qıza həsədlə baxırdım. İnsafən o, məndən zirək idi, vəziyyətdən çıxmağı bacarırdı. Bəzən ondan kobud ifadələr, mənasını bilmədiyim sözlər eşidəndə təəccüblə üzünə baxıb, “bu nə deməkdir?” deyə soruşurdum. O da bacımla mənim kitablara inamımızdan xəbərdar olduğundan “kitabda yazılıb, siz də öyrənin” deyə bizi aldadırdı. O sözü “leksikonumuza” daxil edib işlədəndə anam sözü az qala dilimiz qarışıq ağzımızdan qoparıb atırdı. Bir gün qız mənə guya maraqlı lətifə söyləyirmiş kimi belə əhvalat danışdı.

- Bir ər-arvad varmış, günlərin birində kişi sərxoş olduğundan gecə yuxuda “loblu-loblu” deyə sayıqlayır. Arvadı da o, yuxudan oyananacan lobya bişirir. Kişi qalxanda onunla savaşır ki, niyə başqa xörək hazırlamamısan, mən lobya xoşlamıram. Arvad da deyir ki, özün lobya istədin.

Qızdan soruşdum ki, budamı kitabda yazılıb? Dedi ki,– hə, kitabdan oxumuşam.

İlk dəfə olaraq ona inanmadım. Belə maraqsız əhvalatın kitabda yazılması mənə inandırıcı görünmədi. Aradan xeyli vaxt ötdü. Böyüdük. Hərə öz mövqeyinə uyğun işlərin dalınca getdi. Sonralar Ə. Haqverdiyevin hekayələrini oxuyarkən anladım ki, qızın söylədiyi, doğrudan da, kitabda varmış. Amma bunu böyüklər onun yanında öz qavradıqları şəkildə söyləmişdilər, qız da əsərin əsas mahiyyətini dərk etməmişdir.

Bir də qohumlarımızdan biri bizə “gülməli nağıl” söyləmişdi. Demişdi ki, guya bir ər pulsuzluqdan bezdiyindən arvadı ilə məsləhətləşir ki, onu yalandan imkanlı bir kişiyə ərə versin pulları ələ keçirdikdən sonra arvad qayıdıb gəlsin, şad-xürrəm yaşasınlar. Belə də edirlər. Amma sonda kişi nə qədər arvada işarə verirsə ki, di gəl qayıt gedək, arvad gəlmir. Təzə əri ilə qalır. Belə bir əhvalatın Azərbaycanda baş verməyinə inanmağım gəlmir. Baş vermiş olsa da folklorun “boynuna ataraq” filologiya elmləri namizədi Şahin Xəlillinin “Fikrimizcə Azərbaycan və ingilis xalqlarının şifahi xalq ədəbiyyatları arasındakı oxşarlığı bu xalqların tarixinin müxtəlif inkişaf mərhələlərində bir-biri ilə çox yaxın mənəvi aləmi, dünyagörüşü və həyata baxışlarının ümumiliyində axtarmaq lazımdır...” fikirlərindən ürəklənib, bunu Cek Londonun “Lit-litin ərə getməyi” hekayəsinə bənzədəcəm. Bəlkə, elə o qohum da bu hekayəni oxuyub yadında qalanları danışanlardan eşitdiyi üçün bu cür təhriflə söyləmişdi. Əxlaqi baxımdan hər ikisi düzgün hal hesab olunmasa da qohumun söylədiyindənsə Cek Londonun hekayəsi abırlıdır. Heç olmasa qız rəsmi qaydada ərə verilir.

Beləcə mütaliədən hərənin beynində bir mövzu ilişib qalır. Hər beyin öz qavrayışına uyğun olanı dərk edir. Bəzən bir əsərdə müəllifin əsas fikri oxucuya aydın olmur. Buna görə də elmi kitablarda oxucuları mütaliə prosesində kitaba passiv, fəal və yaradıcı münasibət bəsləyənlər deyə üç tipə bölürlər.

Yazının “Ziyalı tövsiyəsi” adlandırdığım hissəsinə üçüncü tip oxucunun – oxuduğu kitabların say- hesabını itirən, kitaba yaradıcı münasibət bəsləyən yazıçı, publisist, Əməkdar jurnalist, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın ilk dəfə hansı yaşda mütaliəyə tələbat hiss etdiniz və ilk oxuduğunuz əsər sizdə hansı təəssüratları yaratdı? – sualına verdiyi cavabdan başlayaq.

Jurnalist həmin məqamı dəqiq xatırlamasa da mütaliəyə təxminən 9-10 yaşlarında “Koroğlu” dastanı və ümumilikdə nağıllarla başladığını bildirir və qeyd edir ki, bu proses onunçün maraqlı olub. Təbii ki, mütaliə üçün yaş məhdudiyyəti qoyulmur. Yetər ki, buna tələbat olsun. Onun mütaliəni yüksək dəyərləndirməsi

– İradə Tuncay imzasının parlamasını irsən ötən istedad hesab edir, yoxsa zəngin mütaliənin nəticəsi? – sualına “Ciddi yanaşsaq özün zəhmət çəkməsən irsən ötən heç nəyin xeyri olmaz” deyə verdiyi cavabdan bəllidir. “imzasının parlaması” fikrini də təvəzökarlıqla qarşılayır.”

– Mütaliənin səbəb və məqsədləri bir neçə yerə bölünür; həyat təcrübəsi qazanmaq və özünütəkmilləşdirmə;

İdraki ehtiyac;

Şəxsitəhsil və təcrübi faydalanmaq;

əylənmək. – sadalananlardan İradə Tuncayı mütaliəyə hansı sövq edib?” sualına da gözlədiyimin əksinə cavab verdi. Bildirdi ki, o vaxt uşaq idim, sadalanan amillər haqqında düşünəcək deyildim. O keyfiyyətlər sonradan gəldi. Kitab və mütaliə ilkin olaraq əyləncə olur, idraki nəticələr ardınca gəlir.

“Oxucu təsnifləşdirilməli deyil, o, oxuduqlarını sistemləşdirə bilməlidir.” Bu da yazıçı-publisistin

– “Oxucuların mütaliə etmək tərzləri və motivlərinə, eyni zamanda yaş, peşə, cins sosial faktlara görə təsnifləşdirilməsi problemi ilə də əsasən oxucu psixologiyası elmi məşğul olur” Elmi ədəbiyyatdan gətirilən bu çıxarışla İradə Tuncay razıdırmı? Sizcə buna ehtiyac varmı, bu zəruridirmi? – sualına etirazıdır.

– “Şəxsiyyətin mütaliə vasitəsilə tərbiyə olunması prosesi birinci ailədən başlanır” Yəqin ki, hər kəs bu fikirlə qeyd-şərhsiz razılaşar. Amma əksinə də olur. Tanınmışlardan biri yazısında qeyd edib ki, kitab oxuyurdum deyə döyülürdüm, anam kitabımı yandırırdı. Bu hadisə elmi ədəbiyyatı, insanların təsdiqlədiyi fikri alt-üst etmirmi? Demək, kitabdan uzaq ailədə də bibliofil yetişə bilər.

İradə Tuncay bizim mühitin, cəmiyyətin bu fikri alt-üst etdiyini söyləyir. Haqlı olaraq qeyd edir ki, nəsil dövriliyinə baxsaq bizim maarifçilərin ailələrində, bəlkə də, kitab oxuyan adam olmayıb. Amma onlar özləri bizə kitabı təbliğ ediblər. Necə yanaşaq buna? Əksinə çox kitab oxuyan valideynlərin oxumağa meyli olmayan övladları olur.

Bu cavab məni təsirləndirdi. Uşaqların mütaliəyə marağı oyansın deyə hər dəfə qılıqla, yalvar-yaxarla, nümunələr göstərərək kitab oxutdurmağımı xatırladım.

- Adamları mütaliəsizlik xəstəliyindən sağaldıb həyata döndərmək üçün ilkin tibbi yardım təsiri göstərə biləcək bir neçə əsər adları deyin. Yəni o əsərlər şəxsin irəlidə daha həvəslə mütaliə etməyinə, kitabdan qorxmamasına səbəb olsun?

– Mütaliə və kitab özəl zövqdür. Yemək kimi. Bunun mübahisəsi gedə bilməz. Kimsə detektiv hadisələrə meyllidir, kimsə savaş mövzusuna, kimsə də sevgi və bulvar romanlarına. Əsas olan başlamaqdır. Ondan sonra nəticə gələcək. Nə oxusan da ən azından söz ehtiyatın artacaq, düzgün yazmaq qabiliyyətin olacaq, fikir yürütməyi öyrənəcəksən. Bədii ədəbiyyat sonra səni elmi ədəbiyyata yönləndirəcək.

Bu cümlələr yazını yazma məqsədimə kömək etdi. Faydalı məsləhətdir. Nəzərə alıb əməl etsəniz qazanacaqsınız. Bunlar ağlı kəsəndən yaşadığı evdə qələm adamı, kitab görən, hər kəsin mütaliə etdiyinə şahidlik edən peşəkar jurnalistin tövsiyələridir. Sonda bir daha əmin olduq ki, ötən əsrlərdə olduğu kimi yenə də xalqının maariflənməsi uğrunda çiyinlərini hər cür yükün altına vermək istəyən ziyalılarımız çoxdur.

Baxın sonuncu sualın cavabına!

– Fikirlərimi əsaslandırmaq üçün nümunələr göstərdiyim elmi ədəbiyyatda belə bir fikir var ki “...kitabxanalar öz xətti ilə hər hansı bir radio, yaxud televiziya verilişlərində kitaba maraq oyadan, ədəbi əsərləri və poeziya nümunələrini kütləvi dildə təbliğ edə biləcək daimi rubrikalar apara bilərlər” Vaxtilə ”Kitab köşkü”, “Həftəaşırı” kimi verilişləri göstərirlər. “Otel otağı”, “İtkin gəlin” və s. kimi bədii əsərlərin müəllifi ilə bilavasitə təmas təşkil edən “Həftəaşırı” verilişinin cəmiyyət üzvləri arasında yaratdığı əlaqəni müasir tipli kitabxanalar üçün təcrübi nəticə ola bilər. İradə Tuncay bu gün hər hansı bir kitabxana ilə əməkdaşlığa başlayıb onun işlərini qəzetində işıqlandırmağa hazırdırmı?

– “Buyursunlar. Mən hazıram. Kitabla bağlı hər layihə mənə məqbuldur”

Əlbəttə, başqa hansı cavab olacaqdır ki?

Beləliklə, əzizlərim, kitablar nəşr olunur, kitabxanalar yenilənir, şərait də yaradılır. Sizə qalan nədirsə onu edin – kitab oxuyun. Bir də təyin edin görün hansı tip oxuculardansınız?




Ana səhifəyə qayıt        Baxış: 465          Tarix: 21-08-2019, 00:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma