Xəbər lenti

 

Aqşin Evrən

Zaqatalada Gülər adlı 17 yaşlı qız özünü asıb. Qətiyyən şişirtmirəm: xəbəri oxuyanda boğazımda ip hiss elədim, özümdən asılı olmadan əlimi boğazıma atdım.

Deyilənə görə, Gülər ali təhsil almaq istəyib, valideynləri isə onu özündən 15 yaş böyük bir kişiyə ərə vermək istəyiblər.

Övladının təhsil almasına icazə verməyən valideyn onsuz da onu öldürmüş sayılır. Yəni valideyni Güləri təkcə fiziki olaraq deyil, mənəvi olaraq da öldürüb.

Görəsən, Gülərlə evlənmək istəyən o “qoca” kişi qızın ailəsinə nə vəd edib ki, onu zorla ərə vermək istəyiblər? Görəsən, ata-anası Güləri neçəyə satıb?

Orta əsrlərdə qul bazarlarında qadınları ayaqlarından asıb satırdılar. Gülərin valideynləri də belə ediblər. Bir fərqlə: onu boğazından bağlayıb satmağa çalışıblar, amma qız həyatını itirib.

Övlad dünyaya gətir, əziyyətlə boya-başa çatdır, sonra aparıb əlinlə qəbirə qoy!

Təhsilə bu qədər sevgisi olan Gülər bəlkə də bir neçə ildən sonra ölkənin ən savadlı, faydalı gənclərindən birinə çevriləcəkdi. Bəlkə də mükəmməl həkim olub yüzlərlə can xilas edəcək, müəllim olub onminlərlə uşağa təhsil verəcəkdi.

Belə rəqəmlərlə təxminlər yürüdəndə Gülərin valideynlərinin Azərbaycanda, cəmiyyətimizdə qətliamlar törətdiyini daha yaxşı başa düşmək olur.

Təkcə Gülərin valideynləri yox, cəmiyyətdə minlərlə belə valideyn var. Öz övladlarına lombarda qoyulan qızıl kimi baxırlar.

Bir neçə ay əvvəl Elina ətrafının, məktəbinin ona münasibətinə görə həyatına son qoymuşdu. Elinanın intiharından dərs götürməyən, övladlarına sahib çıxmayan valideynlər “faydasız yeyənlər”dir və belə insanların ölkədə qalması toplum üçün zərərlidir.

Gülərin ölümündə günahı olan hər kəs ən sərt şəkildə cəzalandırılmalıdır.

...Və bir də gənclər, yeniyetmələr başa düşməlidirlər ki, intihardan başqa çıxış yolları da var: öz dərdini bağırmaq və gəncliyi, həmyaşıdlarını, bizi, aidiyyəti qurumları köməyə çağırmaq. Hazırda ünsiyyət, əlaqə yaratmaq daha əlçatandır, sosial şəbəkədə yazın, dərdiniz danışın, kömək istəyin. Biz sizi gözləyirik – birlikdə xilas olmaq üçün.

İndi iki təsvir gözümün önündən getmir:

Özünü məktəbin pəncərəsindən atıb yerə düşən Elina və heç vaxt yerə düşə bilməyən, havadan asılı qalan Gülər




Ana səhifəyə qayıt        Baxış: 696          Tarix: 22-08-2019, 23:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma