Xəbər lenti

 

Bu gün Azərbaycan ədəbiyyatının təşəkkülündə və milli mənlik şüurunun inkişafında danılmaz yeri olan dramaturq, nasir, akademik, Beynəlxalq Nehru mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Yazıçılar Birliyinin sədri Mirzə İbrahimovun anadan olduğu gündür.

Teleqraf.com yazıçının bioqrafiyasını təqdim edir.

Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Eyvaq kəndində doğulub. Heç 3 yaşı olmamış anasını itirən Mirzə evin sonbeşiyi idi.

1918-ci ildə atası Əcdər kişi iki körpə uşağı ilə Bakıya pənah gətirirlər. O dövrlərdə aclıq baş alıb gedirdi. Mirzənin doğulduğu İranda “Məşrutə” inqilabının məğlubiyyətindən sonra iqtisadi gerilik hökm sürürdü. Hətta Əcdar kişi bir qızını da itirmişdi.

1919-cu ildə Mirzə İbrahimov ağır iş rejimindən atasını da itirərək yetim qalır. O, bir tikə çörək qazanmaq üçün Balaxanıda və bir neçə yerdə muzdur kimi çalışır.

Qısa zaman içində Mirzə neft mədənində işləyən dayısını tapır. Dayısı onu öz himayəsinə götürür.

1920-ci ildə Bakıda bolşevik ordusunun əli ilə qurulan sovet hakimiyyəti möhkəmləndi. Bu hadisə Mirzənin gələcək taleyini dəyişdi və onu Azərbaycan xalqının rəhbər şəxslərindən birinə çevirdi.

O, çətinlik ucbatından ibtidai təhsilə də 11 yaşında başlayır. Həmin dövrdə fəhlə uşaqları üçün nəzərdə tutulmuş “Ümid əmək məktəbi” fəaliyyət göstərirdi. Mirzə məktəbdə böyük həvəslə oxuyurdu. Onun təhsil aldığı dönəm bolşeviklərin apardığı mədəni inqilab illərinə təsadüf edir. Mirzə İbrahimov çox fəal idi. O, 15 yaşında komsomola yazıldı. 19 yaşında isə bolşevik partiyasının üzvü oldu.

1928–1930-cu illərdə indiki Balaxanıda fəhlə kitabxanası vardı. Həmin kitabxanada ədəbiyyat dərnəyi görkəmli yazıçı Seyid Hüseynin təşəbbüsü ilə aparılırdı. Dərnək həftədə bir dəfə yığılır, müxtəlif əsərləri müzakirə edir və yeni yazılan ədəbi nümunələrin oxunuşunu təşkil edirdi.

Təcrübəli mətbəə fəhləsi olan Seyid Hüseyn dərnəyin çap üsulu ilə aylıq ədəbiyyat vərəqəsini buraxırdı. Mirzənin dərnək yoldaşlarının ilk şeirləri də bu vərəqədə çap olunmuşdu. Dünənki fəhlə uşaqları öz yazılarını çap olunmuş formada görəndə ədəbiyyata daha artıq bağlanırdılar.

Mirzə orta məktəbi bitirib Sabunçuda gündüz 6-cı mədəndə işləyir, gecələr isə Neft Texnikumunda təhsilini davam etdirirdi.

1930-cu ildə 19 yaşlı Mirzənin dərnəkdə oxuduğu “Zəhra” adlı hekayəsi diqqəti cəlb etdi. Seyid Hüseyn hekayəyə əl gəzdirib “Şərq qadını” jurnalında çap etdirdi. Yazıçının ilk hekayəsi qadın azadlığı mövzusu ilə bağlı idi. 1930-cu ildə “İnqilab və mədəniyyət” jurnalında gənc ədibin eyni mövzuda ikinci “Mələk” adlı hekayəsi işıq üzü gördü.

Seyid Hüseynin tövsiyəsi ilə Mirzə İbrahimov təhsilini davam etdirərək Elmi Tədqiqat İnstitutunun hazırlıq şöbəsinə daxil oldu. O, Naxçıvanda aztirajlı “Sürət” jurnalına baş redaktor təyin edildi.

Mirzə İbrahimovun 1935-ci ildə qələmə aldığı “Həyat” pyesi də qadınlarla bağlı idi. Pyes qadınların kolxoz quruculuğundakı iştirakına həsr olunmuşdu.

Həmin ildə əsər tamaşaya qoyulur. Böyük Vətən müharibəsi başlanan kimi Mirzə İbrahimov siyasi işçi kimi orduya çağırılır və 1941-ci ilin yayında İran ərazisinə daxil olan Qızıl ordu hissələri tərkibində mayor rütbəsində Təbrizə gəlir. O, sovet əsgərləri üçün buraxılan “Vətən yolunda” qəzetinə redaktor təyin olunur. Əslində isə bu qəzet vasitəsilə cənubda sovetlərə meylli olan siyasi-mədəni hərəkat yaratmaq tapşırılmışdı.

Milli hökumət ana dilində məktəblər, teatr və filarmoniya açdı, ana dilində kitab çapı başlandı. 1941–1946-cı illərdə Sovet məfkurəsinə meylli olan böyük ədəbi hərəkat formalaşmışdı. Bu hərəkatın mənəvi rəhbəri Mirzə İbrahimov idi.

Cənubda Milli Muxtar Hökumətin yaranmasında və taleyində iştirak Mirzə İbrahimovun həyata baxışlarını, ədəbiyyata münasibətini də dəyişdi. Böyük Vətən Müharibəsinə qədər Mirzə İbrahimov tipik sovet yazıçısı idi və partiyanın tələb etdiyi mövzuları qələmə alırdı. Qadın azadlığı, kolxoz quruculuğu, mədəni inqilab kimi məsələlər o zaman sifarişli mövzular idi.

Lakin müharibə başlanandan sonra yazıçı vətən və onun müqəddəsliyi barədə əvvəlcə şeirlər, sonra isə “Gələcək gün” romanını yazdı. Bu əsərlə və ondan sonra Azərbaycan xalqının tarixi taleyi məsələsi onun əsərlərinin əsas mövzusu oldu.

Bu roman Azərbaycanın ilk siyasi romanı hesab olunur.

Mirzə İbrahimov ədəbi fəaliyyətə başladığı dövrdən ana dilimizin təmizliyi və dövlət dili kimi işlənməsi uğrunda mübarizə aparıb. Canlı danışıq dilinə əsaslanan xəlqi ədəbi dil uğrunda çalışmalarında o, “Molla Nəsrəddin” jurnalında Cəlil Məmmədquluzadənin apardığı ədəbi dil siyasətinin davamçısı idi.

1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təşkil ediləndə Üzeyir Hacıbəyov, Səməd Vurğun və Mirzə İbrahimov ilk akademiklər seçildilər.

Mirzə İbrahimov ədəbiyyatımızın bütün əsas klassikləri haqqında əsərlər yazıb. Azərbaycan aşıq yaradıcılığı, ədəbiyyat və xalq həyatı, Nizami, Füzuli, M.F.Axundov, N.Nərimanov, C.Məmmədquluzadə, Sabir, C.Cabbarlı, S.Vurğun onun ən çox sevdiyi və qiymətləndirdiyi yazıçı və şairlər idi.

Ədib N.Q.Çernışevskinin “Nə etməli”, Şərəf Rəşidovun “Qaliblər” romanlarını ana dilimizə tərcümə edib.

Yorulmaz ədib dünya dramaturgiyasından da tərcümələr edib. Vilyam Şekspirin “Kral Lir”, “On ikinci gecə”, A.P.Çexovun “Üç bacı” pyeslərini, M.Şatrovun “İnqilab naminə” dramını ana dilimizə o çevirib.

Mirzə İbrahimov 1993-cü il dekabrın 17-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.




Ana səhifəyə qayıt        Baxış: 513          Tarix: 28-10-2019, 15:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma