Xəbər lenti

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Demokratiyanın İnkişafı Problemləri Mərkəzi” İctimai Birliyi “İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan tədbirlərin və esse müsabiqəsinin təşkili” layihəsi çərçivəsində növbəti tədbirini keçirib. İctimai Birliyin sədri Mütəllim Rəhimov tədbiri açaraq deyib ki, İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bu il ölkəmizdə “Nəsimi ili” elan edilmişdir. O, Nəsimi haqqında cəmiyyətdə dolaşan yanlış məlumatların aradan qaldırılması üçün böyük fürsət yarandığını bildirdi. İctimai təşkilatların bundan maksimum bəhrələnərək həqiqətlərin üzə çıxarılmasına çalşmalarının vacibliyini vurğuladı.

 

Daha sonra çıxış edən filologiya üzrə fəlsəfə doktoru, Nəsimişünas alim Səadət Şıxıyeva Nəsiminin indiyədək təhlil edilməmiş və cəmiyyətə səhv təqdim olunmuş həyatı və yaradıcılığı haqqında geniş məlumat verdi. S.Şıxıyeva ilkin olaraq Nəsiminin doğum tarixinin dəqiqləşdirilməsinə ehtiyac olduğunu bildirdi və onun yaşının ən azı 10 il az göstərildiyini qeyd etdi.

O, daha sonra dedi ki, hürufilik və onun ən böyük şəxsiyyəti, təbliğatçısı Nəsimi Sovet ideologiyasının əlində bir alət kimi istifadə olunmağa çalışılıb. Yəni guya Nəsimi Allahı inkar edirmiş. Şairin dünyagörüşü  ateizmlə, materializmlə yaxınlaşdırılırdı. “Lakin Nəsimiyə bu yöndən baxmaqla orta əsrlər fəlsəfəsini izah etmək mümkün deyil. Onunla əlaqəli konfliktləri, ziddiyyətləri, anlaşılmazlıqları çox şişirdirdilər. Guya orta əsrlərdə açıq fikirli olan hürufilik düşüncəsinin daşıyıcısı olan insanları təqib edirdilər, öldürürdülər. Amma hürufiliyin tarixi ilə bağlı illər boyunca aparılan araşdırmalar tamamilə fərqli nəticəni ortaya qoyub. Hürufilər dövrünün hakimləri ilə, iqtidar sahibləri ilə çox yaxşı münasibətdə olublar” – S.Şıxıyeva çıxışı zamanı dedi.

 

Nəsiminin edamı məsələsinə aydınlıq gətirən Səadət Şıxıyeva dedi ki, Misir sultanı Nəsimini nüfuzdan salmaq üçün onun dərisini soymaqla öldürülməsi haqqında dəhşətli edam hökmünü verir.

“Nəsiminin edamında məqsəd onu cəmiyyətdə nüfuzdan salmaq idi. Əvvəla, dərisinin soyulması haqqında verilən fərman təhqiramiz idi və tədqiqatlar göstərir ki, bu qərar siyasi xarakter daşıyıb” – Nəsimişünas alim çıxışına davam edərkən dedi.

  

“Yüksək nüfuz və ali məqam sahibi insan haqqında “dərisi soyulsun” hökmünün verilməsi Şeyx əl-Müəyyədin Nəsimiyə qarşı nə qədər hikkə və qəzəb dolu olduğunu göstərir. Tarixçilər yazır ki, “Sultandan fərman gəldi: boynu vurulsun, dərisi soyulsun”. İnsanın boynunun vurulması artıq onun həyatının sona yetməsi deməkdir. Bəs, nədən dərisinin soyulmasına ehtiyac vardı?… Sadəcə bu fərman Nəsiminin tərəfdarlarına görk verir ki, baxın, mən bu şəxsəm. Bir tərəfdən, düşmənlərini qorxudurdu, ikinci bir tərəfdən, Nəsiminin nüfuzunu kütlə arasında azaldırdı, yəni övliya dediyiniz şəxsə baxın, verdiyim fərmana qarşı çıxa bilmədi və mən onu məhv etdim. Hər bir baxımdan Misir sultanının bu hərəkəti çox düşünülmüş bir siyasi hərəkət idi” – S.Şıxıyeva çıxışı zamanı bildirdi.




Ana səhifəyə qayıt        Baxış: 758          Tarix: 14-11-2019, 18:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma