Xəbər lenti

 

Adətən şənbə və bazar günləri paytaxt sakinləri asudə vaxtlarını səmərəli keçirmək, xoş istirahət etmək üçün parklara və bağlara üz tuturlar. Bir neçə günlük yağışlı, çiskinli, buludlu və küləkli havadan sonra şənbə günü hava xoş olduğundan istirahətimizi Nəsimi Rayon İcra Hakimiyyətinin balansında olan, rayonun Hüseynbala Əliyev küçəsində, "Yeganə" şadlıq evi ilə üzbəüzdə yerləşən "Heydər Parkı"nda keçirməyi qərara aldıq. Amma Ulu Öndərin adını daşıyan istirahət məkanında gördüyümüz dəhşətli mənzərələrdən şoka düşdük. Ürəkağrıdan və acınacaqlı vəziyyətlə bağlı acı təəssüratlarımızı foto-şəkillərlə oxucularımızın diqqətinə çatdırmaq istəyirik.

Parkın girişindəki bərbad səki və zibillər....

Parkın giriş hissəsindəki səkinin iki yerində dərin çökəklik yaranıb. Oradakı metlaxlar sındırlıb. Parkın dairəvi və dolama yolundakı hasarın kənarında dəmir vasitələri, müxtəlif məişət tullantıları, içərisinə qurumuş lavaş, peraşki və çörəklər qoyulmuş kağız qutu da gördük. Orada üfunət iyindən dayanmaq mümkün deyil. Parkda ayaqyolu olmadığından hiss olunur ki, girişdəki hasarın arxa tərəfi pulsuz və ictimai ayaqyoluna döndərilib.

 
Zibil qutuları "caz oynayır"

Parkın avtomobil yolu ilə srhəd hissələrində 4-5 dəmir zibil qutusu qoyulub və onlardan birinin qol hissələri, yəni tutacaq yerləri bərbad gündədir. Bir zibil qutusunun isə dayaq hissəsi sındırılıb. Ona görə də küləkli və yağışlı havalarda sözügedən zibil qutuları sanki "caz oynayırlar".

 
Sındırılmış oturacaqların taxtaları oğurlanıb

Parkın avtomobil yolu ilə srhəd hissələrində düzəldilmiş beton-taxta oturacaqların əksər taxtaları yoxdur. Onların kimlər tərəfindən oğurlandığı isə naməlumdur. Bundan başqa, hər oturacaqdakı taxtaların arasında siqaret kötükləri, yanmış kibritlər, müxtəlif sellafon və kağız materialları da var.

 
Fəvvarəmi, zibillə dolu gölməçəmi?

Parkın avtomobil yolu ilə srhəd hissəsində adı var, özü yox bir fəvvarə var. Əslində onu fəvvarədən çox müxtəlif məişət tullantıları ilə doldurulmuş gölməçə adlandırmaq daha uyğundur.

 
Parkdakı bəzi attraksionlar sındırılıb

"Heydər Parkı"nda cəmisi bir yerdə attraksionlar var. Onlardan bəziləri yayarsız hala düşüb, bəziləri isə sındırılıb.


Pilləkən bərbad haldadır

Attraksionların yanından parkın yuxarı hissəsinə qalxmaq üçün tikilmiş pilləkən də bərbad gündədir. Onun dayaq divarındakı örtüklər isə sındırılıb.
 
"Heydər Parkı" qanunsuz poliqona çevrilib

Parkın bəzi yerlərində, xüsusilə də otların və kolların sıx olduğu yerlərdə sellafon torbalara, siqaret kotüklərinə, boş siqaret qutularına, karton parçalarına, sərinləşdirici və pivə içkilərinin dəmir və plastmas qablarına və sair zibillərə də rast gəldik.
 
Parkmı, yoxsa cəngəllikmi?

Uzun müddətdir baxımsız və nəzarətsiz qalmış parkdakı bəzi ağaclar quruyub, budanmadığından bəzi ağacların budaqları kortəbii böyüyərək şaxələnib, parkın xeyli hissəsində hündürlüyü 0,3-1,5 metrə çatan yabanı otlar bitib. Bəzi yerlərdə qiymətli ağacların ancaq qurumuş kötükləri görünür.

 
Parkdakı işıqlandırma sistemi məhv edilib

"Heydər Parkı"nın Hüseynbala Əliyev küçəsi ilə sərhəd hissələrində işıqlandırma sistemi əməlli-başlı məhv edilib. İşıq dirəklərinin elektrik xətləri, lampaları, patronları və fənər hissələri qırılıb-dağıdılıb.
 
Son söz əvəzi

Reportajımızda təqdim etdiyimiz faktlarla və foto-şəkillərlə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pərvanə Kazımzadənin və icra başçısı Asif Əsgərovun mövqelərini öyrənməyə ehtiyac duymadıq. Çünki görünən kəndə bələdçi lazım deyil. Digər tərəfdən, Nəsimi RİH-in rəhbərliyi "Heydər Parkı"ndakı acınacaqlı vəziyyətdən xəbərdar deyilsə, bu o deməkdir ki, rayona rəhbərlik edənlər "fil qulağında yatıblar". Əgər onların bərbad durumdan xəbərləri varsa və Ümummilli Liderimizin adını daşıyan parkda yaşanan problemlərin həlli üçün tədbir görmürlərsə, bunu Ulu Öndərimizə hörmətsizlik kimi qəbul etmək lazımdır.

Təbriz VƏFALI
Fotolar müəllifindir




Ana səhifəyə qayıt        Baxış: 983          Tarix: 15-10-2017, 20:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma