Xəbər lenti

“Müstəqillik dövründə isə pambıqçılıq demək olar ki, məhv olub gedirdi. Bunun bir neçə səbəbi var. Əlbəttə, onu etiraf etməliyik ki, müstəqilliyimizin ilk illərində bizim ciddi maddi imkanlarımız yox idi. Azərbaycan çox ağır vəziyyətdə idi. Xüsusilə, antimilli hakimiyyət – AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz demək olar ki, dağılırdı. Həm iqtisadi, həm siyasi, həm hərbi böhran ölkəmizi çətin vəziyyətə salmışdı. Hakimiyyətə gəlmiş təcrübəsiz adamlar, ümumiyyətlə, iqtisadiyyat haqqında heç bir biliyə malik deyildilər, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı heç bir iş görülmürdü. Ümumiyyətlə, Azərbaycanda yaşanan xaos, anarxiya, hərc-mərclik imkan vermirdi ki, ölkəmiz inkişaf etsin.

Strateq.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri prezident İlham Əliyev Bərdədəki Mədəniyyət Mərkəzində keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, yalnız 1993-cü ildən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da inkişaf dövrü başlamış, islahatlar aparılıb: “Eyni zamanda, müstəqilliyimizin ilk illərində ölkə qarşısında o qədər ciddi problemlər durmuşdu ki, əlbəttə, pambıqçılığa həm maddi cəhətdən, həm vaxt baxımından diqqət ayırmaq prioritet məsələ deyildi. Ölkə çox ciddi çağırışlarla üzləşmişdi, böyük təhlükələr mövcud idi. 1990-cı illərdə sabitliyin bərpası, Azərbaycana böyük həcmdə investisiyanın cəlb edilməsi, Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün əsas vasitə kimi neft strategiyamızın uğurla icrası – bütün bunlar idi prioritet məsələlər.

Digər tərəfdən, biz ciddi şəkildə bazar iqtisadiyyatına keçidə başlamışdıq və hesab edilirdi ki, bazar iqtisadiyyatı hər şeyi özü tənzimləyəcək. O cümlədən, kənd təsərrüfatı ilə bağlı olan məsələləri bazar iqtisadiyyatı prinsipləri tənzimləyəcək və həll edəcək. Əlbəttə ki, bu yanaşmada böyük həqiqət var, amma, eyni zamanda, – pambıqçılığın tənəzzülə uğramasının timsalında biz bunu görürük, – əgər ciddi dövlət dəstəyi olmasa kənd təsərrüfatı inkişaf edə bilməz. Nəinki Azərbaycanda, bütün başqa ölkələrdə. Biz bilirik ki, hətta kənd təsərrüfatının inkişafında böyük uğurlar qazanmış aparıcı dövlətlər də kənd təsərrüfatına ciddi subsidiyalar, dotasiyalar verirlər, dövlət dəstəyi göstərilir, bir çox hallarda proteksionist tədbirlər görülür. Hər bir ölkə çalışır ki, öz bazarını qorusun. Əlbəttə, biz də Azərbaycanda kənd təsərrüfatının inkişafına çox ciddi dövlət dəstəyi göstəririk.

 




Ana səhifəyə qayıt        Baxış: 634          Tarix: 26-03-2018, 16:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma