Xəbər lenti

zərbaycanın üçrəngli bayrağının tarixini Strateq.az-a tarix üzrə fəlsəfə doktoru Cavid Cabbaroğlu yazır

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Bu, müstəqil Azərbaycanda rəsmən qeyd olunan sayca doqquzuncu Dövlət Bayrağı Günüdür. Belə ki, ölkəmizdə Dövlət Bayrağı Günü rəsmən 2010-cu ildən qeyd olunur.

Bayrağımız necə yarandı?

Azərbaycanın hazırkı dövlət bayrağı – üçrəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yadigarıdır. Amma Türk və İslam dünyasında ilk demokratik respublikanın ilk bayrağı heç də üçrəngli bayraq olmayıb…

1918-ci il mayın 28-də tarixdə sayca 114-cü türk dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Həmin il iyun ayının 21-də Azərbaycan hökuməti dövlətin əsas rəmzi olan bayraq haqqında qərar verdi. Həmin qərarda deyilirdi: “Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin”.

O dövrdə Azərbaycan bayrağı Osmanlı Türkiyəsinin  bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı Türkiyəsinin bayrağında hilalın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi.

İlk bayrağımız haqqında verilən qərar bir çox səbəblərlə izah edilir. Bəzi tədqiqatçıların fikrincə, Azərbaycan Cümhuriyyəti bununla türk xalqı olaraq böyük bir mədəniyyət sisteminə əsaslandığını sübut edir və Azərbaycanın xilasını da qardaş Türkiyənin köməyində görürdü. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk siyasi, diplomatik və hərbi müqaviləsini 1918-ci il iyunun 4-də məhz Osmanlı Türkiyəsi ilə bağlamışdı.

Bakı Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu yazır ki, Gəncəyə gəlmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın ətrafındakı “ilhaqçılar” qrupu bu müqavilə əsasında Azərbaycanın Türkiyəyə birləşməsi ilə bağlı ciddi təbliğat aparırdılar: “Hətta o zaman Nuru Paşanın təkidi ilə Milli Şura fəaliyyətini dayandırmış, Tiflisdə yaradılan 1-ci hökumət kabinəsi buraxılmış, Gəncədə 2-ci hökumət kabinəsi formalaşmışdı. Qırmızı rəngli bayrağımız da məhz həmin gərgin məqamlarda – ikinci hökumət kabinəsi formalaşandan dörd gün sonra qəbul edilmişdi”.

Bu qərarı isə Türkiyə əleyhdarları bəyənmədilər. Hər iki türk dövlətinin – həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də Osmanlı Türkiyəsinin eyni bayrağı qaldırması AXC hökumətinə təzyiqlərin artmasına səbəb oldu. Xüsusilə anti-türk qüvvələr (daşnaklar, bolşeviklər və s.) Azərbaycan Cümhuriyyətini Türkiyənin bir hissəsi olmaqda ittiham edir, onun müstəqilliyinə kölgə salmağa çalışırdılar. Bütün bunların doğru olmadığını sübut etmək üçün Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Cümhuriyyətin qurucuları milli bayrağı yenisi ilə, yəni üçboyalı bayraqla əvəz etməli oldular. 1918-ci il noyabrın 9-da yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan üçrəngli bayraq Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı elan edildi.

Nəsiman Yaqublu bayraq dəyişikliyinin digər mühüm səbəbini də açıqlayır: “1918-ci ilin noyabrında Mudros müqaviləsinin şərtlərinə uyğun olaraq, Osmanlı Türkiyəsi öz qoşunlarını Azərbaycandan çəkmək məcburiyyətində qaldı. İngilislərin ümumi nəzarətinə verilmiş Bakıya gələn general Tomson hələ Ənzəlidə olarkən “Mən Türkiyənin intriqası ilə yaradılan bir dövlət tanımıram” deyərək, Azərbaycanın istiqlalını şübhə altına almışdı. Belə bir vəziyyətdə ingilisləri və general Tomsonu Türkiyənin bayrağının oxşarı olan bir bayraqla qarşılamağa artıq səbəb qalmamışdı. Odur ki, 1918-ci ilin noyabrın 9-da qırmızı rəngli bayrağın yerinə üçrəngli bayrağın yaradılması haqqında Məhəmməd Əmin Rəsulzadənin və onun başçılıq etdiyi Azərbaycan Milli Şurasının təklifi qəbul edildi”. Lakin gözlənilənlərin əksinə olaraq, yeni üçrəngli bayraq özündən əvvəlki təkboyalı al-qırmızı bayrağı nəinki inkar etmədi, əksinə, mənəvi-ideoloji mənada onu tamamladı.

Rənglər nəyi ehtiva edir?

Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. O, 1907-ci ildə iyul ayının 10-da Bakıda özünün nəşr etdiyi “Füyuzat” (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində “Türk hissiyyatlı, İslam etiqadlı, firəng (fransız – C.C.) qafalı olalım” deməklə, bütün türk xalqlarının ortaq məfkurəsinə çevrilən “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” ideyasının təməlini qoymuşdu. Bu fikri sonradan böyük mütəfəkkir Ziya Gökalp belə ifadə etmişdi: “Türk qanlı, İslam imanlı, Avropa mədəniyyətli”. Ə.Hüseynzadənin bu üçlü düsturuna görə, hər müsəlman-türk müasir ruhlu olmalı, milli və dini birlikdən çıxış etməlidir.

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin sözlərinə görə, Ə.Hüseynzadənin ideoloji-fəlsəfi baxışlarında milli və dini kimlik bir yerdə götürülürdü: “Əli bəy Hüseynzadə bunu belə izah edirdi ki, İslam istisna olmaqla türklərin əksəriyyəti baş­qa dinlərə ciddi şəkildə meyl və istedad göstərməmiş, gös­tə­rən­­lər isə öz etnik mənşələrini belə unutmuşlar. Ancaq mü­səl­­man türklər həm İslam aləminin mühüm bir istinadgahına çevrilmiş, həm də öz tayfa və milliyyətlərini qoruyub-sax­lamı­şlar”.

Üçrəngli bayrağın ideya müəllifi Əli bəy Hüseynzadə olsa da, onu müstəqil Azərbaycan-türk dövlətinin bayrağı kimi əbədiləşdirən M.Ə.Rəsulzadə olmuşdu. 1915-ci il oktyabrın 2-də Bakıda nəşrə başlayan “Açıq Söz” qəzetinin ilk sayında baş redaktor M.Ə.Rəsulzadənin “Tutacağımız yol” adlı baş məqaləsi çap edilmişdi. Həmin məqalədə vaxtilə Ə.Hüseynzadənin məşhur üçlü düsturu belə təqdim edilirdi: “Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün 3 əsasa istinad etmək məcburiyyətindədir: Dil, Din və Zaman… Dilcə biz türküz, türklük milliyyətimizdir. Dincə müsəlmanız. Hər bir din inananları arasında məxsusi bir mədəniyyət vücuda gətirmişdir ki, bu mədəniyyət də bir beynəlmiləliyyət səbəbi təşkil edir. Zamanca da biz texnikanın, elm və fənnin möcüzələr yaradan bir dövründəyiz. Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək – ki, zaman bunu tələb ediyor – mütləqa 3 əsasa sarılmalıyız: Türkləşmək, Müasirləşmək və İslamlaşmaq”.

Azərbaycanın böyük dramaturqu Cəfər Cabbarlı 1919-cu ildə “Azərbaycan” qəzetində nəşr olunan “Azərbaycan bayrağına” şeirində isə üç boyalı-üç mənalı Azərbaycan bayrağının fəlsəfi-ideoloji izahını belə verirdi:

Bu ay, yıldız, boyaların qurultayı nə demək?

Bizcə böylə söyləmək!

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı!

Beləliklə, aydın olur ki, Cümhuriyyətin təkboyalı bayrağının üçrəngli bayraqla əvəz olunması müəyyən mənada siyasi amillərlə bağlı olsa da, əslində onun yaranmasında milli-türk və müstəqil Azərbaycan ideyası daha mühüm rol oynamışdı. İkinci bayraqda al-qırmızı boya və ayparalı səkkizguşəli ulduzla yanaşı, türklüyü və islamlığı ifadə edən göy və yaşıl rənglərin öz ifadəsini tapması ilə milli bayraq tam bir mənəvi-ideoloji dəyər kəsb etmişdi.

Bəs ay-ulduzun mənası nədir?

Üçrəngli bayrağımızın rəngləri ilə bağlı fikirlər məlum olsa da, bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da bu məsələdə fikirləri üst-üstə düşmür.

Akademik İqrar Əliyevin və tarix üzrə fəlsəfə doktoru Elmar Məhərrəmovun həmmüəllifliyi ilə 2008-ci ildə çapdan çıxan “Azərbaycan Respublikasının dövlət rəmzləri” adlı kitabda bildirilir ki, vaxtilə Bizans imperiyasının rəmzi olan aypara Sultan II Mehmed Fatehin Konstantinopolu fəthindən sonra tədricən müsəlman ölkələri tərəfindən həmrəylik, hürriyyət, yardım simvolu kimi qəbul edilir: “Bayrağın təsdiq edildiyi gün baş nazir Fətəli xan Xoyski çıxış edərək bildirmişdi ki, ulduzun guşələrinin sayı dövlətin əski əlifba ilə yazılmış adında oxunan hərflərin sayına bərabərdir”.

 

Eyni fikrə Cəfər Cabbarlının “Azərbaycan bayrağına” şeirində də rast gəlirik:

Səkkiz uclu şu yıldız da səkkiz hərfli OD YURDU!

Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,

Səhərlərə uçmuşdur.

Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,

Yurdumuzu qucmuşdur!

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov deyir ki, bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur: “Səkkizguşəli ulduz isə “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılır”.

Tarix elmləri doktoru, professor Nəsib Nəsiblinin sözlərinə görə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb: “Türk qanlı, İslam imanlı, Avropa qiyafəli olalım” şüarı üç rəngin açmasıdır. Bu açmanı ilk dəfə Əli bəy Hüseynzadə 1895-ci ildə verib. Ay isə orta əsrlərdən bir sıra müsəlman dövlətlərində İslamın rəmzi kimi qəbul olunub. Ayla ulduzun bir yerdə olması xoşbəxtlik rəmzi sayılır. Ulduzun səkkizguşəli olması ilə də bağlı müxtəlif versiyalar var. Səkkizguşəli ulduz “cənnətin səkkiz qapısı” anlamına gəlir. Səkkiz rəqəmi daha çox şiəliklə bağlıdır. Bu, həmin dövrdə Azərbaycan əhalisinin çoxunun şiə olması ilə də izah oluna bilər”. 

Bununla belə, N.Nəsibli hesab edir ki, Cümhuriyyət qurucularının məhz bu ideyaya görə bayrağı səkkizguşəli etdiklərini demək çox çətindir və risk tələb edir: “Bu, ehtimallardan yalnız biridir. Beş guşəli ulduz xristianlığı, altı guşəli ulduz yəhudiliyi, yeddi guşəli ulduz sünniliyi, səkkiz guşəli ulduz şiəliyi, doqquz guşəli ulduz isə bəhailiyi ifadə edir. Hər halda, səkkizguşəli ulduzun mənaları ilə bağlı elə bir konkret izaha rast gəlməmişəm. Yalnız ayla ulduzun xoşbəxtlik rəmzi olması haqqında məlumatlarla tanışam”.

Tarixçi-alim Nəsiman Yaqublu bayrağın üzərindəki ay və ulduzla bağlı bir neçə versiya sadalayır: “Bayrağın üzərindəki ay-ulduzla bağlı müxtəlif fikirlər var. Məsələn, Osmanlı türklərinin vaxtında ay işarəsi Konstantinopolun gerbi kimi qəbul edilib. İkinci tərəfdən, ay həm də təqvim kimi götürülür. İslamda buna qəməri təqvimi deyilir. Buradakı səkkizguşəli ulduzla bağlı ayrı-ayrı versiyalar da mövcuddur. Bəziləri bunu “cənnətin səkkiz qapısı” kimi əsaslandırır. Digər versiyaya görə, həmin ulduz “Odlar Yurdu” deməkdir, yəni bunu ərəb əlifbası ilə səkkiz hərfdə yazmaq mümkündür. Osman Qazinin vaxtında türklərdə türk təqvimi deyilən sistem var idi. Yəni ayın təqvimini hər səkkiz ildən bir üç dəfə – 2-ci, 5-ci və 7-ci ilin ilk ayında bir gün geri çəkirdilər. Bunu isə ayın bərabərləşməsi məqsədilə edirdilər. Yəni ildə 365 günün alınması üçün belə addım atılırdı. Ay təqvimi müsəlmanlıq, səkkizguşəli ulduz isə 8 illik təqvim mənasını verir. Mən bu mənaya daha çox üstünlük verirəm. Digər tərəfdən, əvvəllər də türklərin bayraqları səkkizguşəli olub. Sonradan onlar beş guşəyə keçməyi qərara aldılar”.

Tarix elmləri doktoru, professor Musa Qasımlının fikrincə, bayrağımızdakı səkkizguşəli ulduzun çox dərin mənası mövcuddur: “Onun tarixi kökləri olduqca qədimə gedib çıxır. Səkkizguşəli ulduz əbədiyyət rəmzi kimi qəbul olunur. Bu, sonsuzluq, möhtəşəmlik, davamlılıq və davamiyyət rəmzi sayılır. Səkkizguşəli ulduza bir sıra qədim dövlətlərin rəmzlərində də rast gəlmək mümkündür. Hər halda, oxuduğum müxtəlif mənbələrdə səkkizguşəli ulduzun mənası əsasən əbədiyyət, dövlət və xalqın daim var olması, yaşaması rəmzi kimi göstərilib. Başqa bir mülahizəyə görə, guya dövlətin təməl prinsipləri səkkizguşəli ulduzda əks edilib. Həmin prinsiplər bunlardır: türklük, müasirlik, İslam dəyərləri, dövlətçilik, demokratikləşmə, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilik. Hər halda, mən bununla bağlı qəti və dəqiq fikrə rast gəlməmişəm”.

Bayrağımız ilk dəfə necə qaldırıldı?

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı ilk dəfə olaraq 1918-ci il noyabrın 17-də Bakıda dəniz vağzalında ingilis generalı Tomsonun qarşılanma mərasimində qaldırıldı. Himnin əvəzinə isə (o zaman dövlət himni hələ qəbul edilməmişdi) böyük bəstəkar Üzeyir Hacıbəylinin təklifi ilə onun “Leyli və Məcnun” əsərində Nofəl səhnəyə gələrkən səsləndirilən coşdurucu musiqinin (“Heyratı” üstündə) çalınması qəbul edildi (Ü.Hacıbəyli indi səsləndirilən dövlət himnimizi sonradan bəstələmişdi).

Bakıya gələn ingilislər üçrəngli bayrağımızın rəsmi olaraq dalğalandırılmasına o qədər razılıq vermirdilər. Onlarda bu fikri dərinləşdirən isə Bakıda yaşayan ermənilər və ruslar idilər. Müsavat Partiyasının qurucularından olan M.Ə.Rəsuloğlu öz xatirələrində yazırdı ki, ingilislər yalnız həftənin 1-ci və 4-cü günləri – yəni iclas keçiriləndə icazə verirdilər ki, parlament binası üzərində milli bayrağımız dalğalansın, iclas bitən kimi bayrağımızın endirilməsini tələb edirdilər.

1918-ci ilin 7 dekabrında parlamentin açılışı mərasimində M.Ə.Rəsulzadə tarixi nitqlə çıxış edir: “Səadət və hürriyyət istiqlaldır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, Türk hürriyyəti, İslam mədəniyyəti və müasir Avropa əfkari-əhraranəsini (azadfikirliliyini) təmsil edən bu üçboyalı bayraq daimən başlarımızın üstündə ehtizaz edəcəkdir (dalğalanacaqdır). Bir kərə qaldırılmış bayraq bir daha enməyəcəkdir!”

Böyük mütəfəkkir Ü.Hacıbəyli “Azərbaycan” qəzetində (1918-ci il, 9 dekabr) M.Ə.Rəsulzadənin bu çıxışını belə təsvir edirdi: “Parlamanımız açıldı, gördük. Fətəli xan doğru dedi ki, yatsa idik də, yuxumuza girməzdi. Parlaman binasının içində zinətdən diqqəti cəlb edən şey qiymətli xalılar deyildi, bəlkə qiymətcə ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyyəsi dedikcə baha olan üçrəngli milli bayrağımız idi. Məhəmməd Əmin nitqi-iftitahəsində bu üç rəngin – türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə “bu bayraq endiriləməz!” dedikdə, bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən, təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz oldu”.

Bayraq SSRİ dövründə…

1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzləndi. Onu parlament binası üzərindən endirmək olsa da, ürəklərdən endirmək mümkün olmadı.

1956-cı ildə üçrəngli bayraq yaşadığı quruluşa nifrətini açıq şəkildə bildirən Cahid Hilaloğlu tərəfindən Qız qalasının üzərinə qaldırıldı. Bu hərəkətinə görə Cahid Hilaloğlu 4 il azadlıqdan məhrum edildi, ona bu işdə yardım edən Çingiz Abdullayev isə ruhi xəstəliklər dispanserinə salındı…

1952-ci il mayın 28-də mühacirətdə olan azərbaycanlıların Almaniyada keçirdiyi Respublika Günündə M.Ə.Rəsulzadə üçrəngli bayrağı başı üzərinə qaldırıb onu Azərbaycana aparmaq üçün kimə etibar etməli olduğunu soruşur. Zaldakılardan Gülmirzə Bağırov bu əmanəti götürür və 70-ci illərdə həyat yoldaşının bədəninə sarıyıb Vətənə gətirir. 1990-cı ilin 20 Yanvarında bu bayraq onun Maştağadakı evinin damından asılır.

… Və tarixi ədalətin bərpası

M.Ə.Rəsulzadənin məşhur “Bir kərə yüksələn bayraq bir daha enməz” deyimi öz təsdiqini 1988-ci ildə Azərbaycanda azadlıq hərəkatı başlayandan sonra tapdı. Hərəkatın fəallarından olan Gültəkin ananın (Gültəkin Həsənovanın) tikdiyi ilk bayraqlar “Meydan hərəkatı” adı ilə tarixə düşmüş noyabr mitinqlərində gözə dəyməyə başladı.

Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan bayrağı özündə üç fərqli ideologiyanı – türklüyü, müasirliyi və İslamı birləşdirir. Amma onun birləşdiricilik missiyası bununla bitmir. Bu bayraq həm də müstəqil Azərbaycanın dörd prezidentinin imzasını birləşdirir. Bilmək istəyirsinizmi necə?

28 May 1990-cı ildə üçrəngli bayrağımız bolşeviklər tərəfindən endirildiyi yerdə – Cümhuriyyət parlamentinin fəaliyyət göstərdiyi AMEA Əlyazmalar İnstitutunun binası üzərində yenidən qaldırıldı və həmin binaya xatirə lövhəsi vuruldu. Tədbirdə dövlət və hökumət nümayəndələri iştirak etsə də, bayrağı tarixi yerinə qaytarmaq missiyası milli-azadlıq hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyə həvalə olundu. Bununla da bayrağımız Bakı səmasında rəsmən 70 ildən sonra dalğalanmağa başladı.

 SSRİ imperiyasına qarşı meydanlarda qaldırılan bayrağa ilk hüquqi status isə 1990-cı ildə verildi. Həmin il noyabrın 17-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə üçrəngli bayraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı.

1991-ci il fevralın 5-də (o zaman prezident Ayaz Mütəllibov idi) Azərbaycan Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanunu qəbul etdi.

2009-cu ildə isə Azərbaycan prezidenti İlham Əliyev 9 noyabrı Dövlət Bayrağı Günü elan etdi.

Və bu gün o Bayrağın 100 yaşı tamam olur. Bayrağımız mübarək!

Cavid CABBAROĞLU

Tarix üzrə fəlsəfə doktoru

 




Ana səhifəyə qayıt        Baxış: 1 117          Tarix: 9-11-2018, 16:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma