Xəbər lenti

 

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin başçısı Bako Saakyan  Rusiyada tanınmış erməni geoloq Sergey Vardanyanı qəbul edib. 
Moderator.az xəbər verir ki, erməni nəşrlərinin məlumatına görə, B.Saakyan geoloqla rejimin nəzarət etdiyi Azərbaycan ərazilərində dağ-mədən sənayesinin inkişafı problemlərini müzakirə ediblər. S.Vardanyan qətiyyətlə bildirib ki, Dağlıq Qarabağ və ətraf bölgələrdə yeni qızıl, mis, molibden, dəmir və s.  yataqlarını kəşf edərək istismara verməyin vaxtı çatıb.
Qondarma terrorçu rejim lideri Rusiyada yaşayan erməni geoloqa Azərbaycanın işğal altındakı torpaqlarında geologiyanın inkişafı, yeni mədənlərin kəşfi  və s. sahəsindəki xidmətlərə görə təşəkkür edib və onu medalla təltif edib.
 
S. Vardanyan öz çıxışında Qarabağın baş geoloqu, keçmiş SSRİ-nin geologiya naziri olmuş  Qriqori Qabrielyantsın xidmətlərini yüksək dəyərləndirib, onun Kəlbəcər rayonunun Mehmana kəndi yaxınlığındakı Kaşen mis mədəninin kəşfi və istismarındakı rolundan bəhs edib.
Xatırladaq ki, adı çəkilən 85 yaşlı erməni geoloq Q.Qabrielyants Bakıda anadan olub və 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunu bitirib.  Əlimizdə olan məlumata görə, Azərbaycan  geologiya nazirliyində məsul vəzifələrdə işləyən bu qoca erməni mütəxəssis 1988-ci ildə Bakıdan çıxarkən nazirliyin laboratoriyalarından oğurladığı Azərbaycanın, xüsusən Qarabağ və ətraf rayonların ərazilərindən toplanmış mineral və filiz nümunələrini, eləcə də məxfi geoloji xəritələri çemodanlara yığaraq özü ilə Moskvaya aparıb. Nəticədə ermənilər həmin materiallardan yararlanaraq öz xarici havadarlarının patronajlığıyla işğal etdikləri torpaqlarımızın yeraltı sərvətlərini 3-cü onillikdir ki, istismar edirlər. Və bizim populist çıxışlar çoxaldıqca bundan sonra da davam edəcəklər...
P.S. Torpaqlarımızın üstündə azad gəzib, altını sərbəst şəkildə eşələyib qiymətli sərvətlərimizə sahiblənən erməni geoloqa biz necə cavab verə bilərik ki, onun nəsə bir təsiri olsun?..
Sultan Laçın



 




Ana səhifəyə qayıt        Baxış: 366          Tarix: 23-08-2019, 13:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma