Xəbər lenti

 

Soçi görüşündə Moskva rəsmi Bakıya Azərbaycanda güclü atom elektrik stansiyası tikməyi təklif edib. Beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov isə açıqlamasında AES tikintisinin hər şeydən əvvəl Azərbaycana böyük həcmdə rus investisiyasının qoyulması mənasına gəldiyini söyləyib.

Azərbaycanın öz-özünü enerji ilə təmin etdiyini, hətta xaricə də enerji satdığını nəzrə alsaq, “Ölkəmizdə AES-in tikilməsinə ehtiyac varmı” sualı aktuallaşır.

Məsələ ilə bağlı Axar.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, AES bahalı və ekologiyaya zərərli olduğu üçün dünya ölkələri bu enerji formasından imtina edir:

“Əslində, bu, çox ziyanlı bir məsələdir. Bu gün artıq bütün dünya AES-lərdən imtina edir. İndiki şəraitdə Almaniyanın elektrik enerjisi təminatının 40 faizini AES ödəsə də, onlar 2030-2035-ci ilə qədər AES-lərdən imtinaya qərar verib. Bu ölkələr sırasına Fransa və Yaponiyanın da adlarını əlavə etmək olar.

Azərbaycanın isə ümumiyyətlə, AES-ə ehtiyacı yoxdur. Çünki ənənəvi elektrik enerjisi istehsal etmək üçün kifayət qədər resursu var. Bu il ərzində ölkədə 20-dən çox modul stansiya tikilib. Azərbaycanın elektrik enerjisi problemi yoxdur. Hətta son 3 ildə ölkəmiz enerji ixracına başlayıb. Elektrik enerjisindən nəzərə çarpacaq qədər valyuta da əldə olunur”.

Ekspertin sözlərinə görə, Azərbaycan AES tikmək əvəzinə, bərpa olunan enerji növlərinin istehsalına istiqamətlənməlidir:

“Bütün dünya bərpa olunan enerjiyə üstünlük verir, AES çox bahalı və sonradan ölkəni asılı vəziyyətə salan bir layihədir. Bir AES azı 10-12 milyard dollara başa gəlir. Bundan əlavə, AES üçün lazım olan xammal Azərbaycanda yoxdur. İstənilən halda bunu ya Rusiyadan, ya da başqa ölkələrdən almağa məcbur ola bilərik. Belə olan halda isə həmin ölkələrdən asılı vəziyyətə düşəcəyik. Həm bahalığına, həm təhlükəsizliklə bağlı problemlərinə, həm də ehtiyacımız olmadığına görə AES bizim üçün məqbul deyil. Azərbaycan bərpa olunan enerjiyə investisiya qoymalıdır. Günəş və elektrik enerjisinin istehsalı üçün Azərbaycan ideal ölkədir. Ölkəmizdə ilin təqribən 264-265 günü günəş bolluğu olursa, qalan 100 gün ərzində küləkli hava müşahidə olunur. Külək və elektrik enerjisinin istehsal xərcləri də xeyli aşağı düşüb. 10 il bundan əvvəl 1 kilovat günəş enerjisinin istehsalı 24 sentə başa gəlirdisə, bu gün 1.5 sentə başa gəlir”.

İqtisadçı bərpa olunan enerjininin əlavə qazanc gətirə biləcəyini söyləyib:

“10-12 milyardı AES-ə yatırmaqdansa, günəş və külək enerjisinin istehsalına, yeni texnologiyalara istiqamətlənmək daha faydalı olardı. Azərbaycan elektrik enerjisinə olan tələbatını günəş və külək hesabına ödəyə bilər. Hətta şimal ölkəsi olan Danimarka artıq buna nail olub.

Bərpa olunan enerjiyə istiqamətlənsək, elektrik enerjisinin alınmasında neft və qaz sərfiyyatını minimuma endirə, əvəzində artıq qalan xammalı xaricə sata bilərik. Bu da əlavə gəlir deməkdir”.

Politoloq Qabil Hüseynlinin fikrincə isə Azərbaycan bu riskə getməlidir:

“Zənnimcə, Azərbaycanın AES-ə ehtiyacı var. Sovet hakimiyyəti illərində Navahı yaxınlığında da artıq onun bünövrəsi qoyulmuşdu. SSRİ-nin büdcəsi hesabına AES tikintisi başlamışdı. Bu gün həmin bünövrə demək olar ki, qalır.

Rusiyanın təklifinə gəlincə isə əgər burada yeni nəsil reaktorlardan istifadə ediləcəksə, buna razılaşmaq mümkündür. Azərbaycan sənayesi sürətlə inkişaf etdiyi üçün elektrik enerjisinə olan tələbat da artır. Tələbatı SES və İES-lə ödəmək demək olar ki, çətinləşib. Digər tərəfdən AES vasitəsilə daha ucuz qiymətə enerji əldə etmək mümkündür. Bu, ölkənin gələcək perspektivlərinə güclü təsir edən bir layihədir. Mənə elə gəlir ki, bu təklifi qəbul edib həmin proqramı qısa müddətdə reallaşdırmaq lazımdır. AES müəyyən perspektivə də yol açan bir layihədir və bu riskə getmək olar”.




Ana səhifəyə qayıt        Baxış: 39          Tarix: 10-10-2019, 14:00      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent