Xəbər lenti

 

Bu günlərdə Qaradağ rayonunun  Qobu qəsəbəsində inşa olunmuş “Qobu-2” qəsəbəsinə paytaxt ərazisindəki bir  neçə yataqxanada məskunlaşmış Qarabağ qaçqınlarının növbəti köçü başlayıb. Əlbəttə, 30 ilə yaxın ağır, bəzən çox dözülməz şəraitlərdə yaşamağa məcbur olmuş didərginlər üçün yeni mənzillərlə təmin olunmaq  böyük sevincdir. Ancaq Qarabağ  torpaqlarının həsrətini ürəyində yaşadan, xüsusən ömrünün xeyli hissəsini işğal altındakı o yurdlarda keçirmiş orta və yaşlı nəsil nümayəndələrinin qəlbini  bu yeni köç ərəfəsində sevinc hissindən çox qəm, dərd bürüyür... Çünki onların on illərlə can atdığı arzu  hələ də gerçəkləşmir: məcburi köçkünlər bu dəfə də Qarabağa deyil, Qaradağa köçürlər...
Bəhs edilən sarsıdıcı duyğuları yeni Bakı-Qaradağ-Qobu köçünün yolçularından biri, tanınmış vətən həsrətli şair-jurnalist, “Laçın yurdu” jurnalının baş redaktoru  Arif Məmmədli özünün “Facebook”da paylaşdığı şeirində kifayət qədər təsirli şəkildə  ifadə edib.
 
Moderator.az-a  qısa  açıqlamasında didərgin şair yeni mənzillə təmin olunmanın müsbət cəhətlərindən, on illərlə həddindən artıq darısqal, narahat məkanlara sığınmış məcburi köçkün vətəndaşların sevinc hisslərinin təbii olduğunu söyləyib. Ancaq...
“Əlbəttə, Azərbaycan dövlətinin biz qaçqınları yeni rahat mənzillərlə təmin etməsini alqışlayırıq. Lakin bizlərin hər birinə Bakıda, Sumqayıtda beşmərtəbəli villa verilsə də, biz oralarda rahat yaşaya bilməyəcəyik. Biz əsl rahatlığı, əsl səadəti düşməndən azad olunmuş torpaqlarımızda: Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda... tapacağıq...” –deyə köçkün jurnalist vurğulayıb.
Aktuallığını nəzərə alaraq Arif Məmmədlinin bəhs edilən “Bu köç Qarabağa getmir...” şeirini nəzərinizə çatdırırıq:
“Bu köç Qarabağa getmir...
Payız, boz üzün tanışdı,
Qarşıdan gələn sərt qışdı.
Eh, bu necə qayıdışdı? -
Bu köç Qaradağa gedir,
Bu köç Qarabağa getmir...
 
Bu da köhnə yataqxana,
İllərlə sığındıq ona.
Həsrətimiz yetmir sona -
Bu köç Qaradağa gedir,
Bu köç Qarabağa getmir...
 
Yola çıxır köç maşını,
Kimsə silir göz yaşını.
Bir qoca çatıb qaşını -
Bu köç Qaradağa gedir,
Bu köç Qarabağa getmir...
 
Dərdi-qəmi bölə-bölə
Köçürük təzə mənzilə.
Sevinə bilmirik hələ -
Bu köç Qaradağa gedir,
Bu köç Qarabağa getmir...
 
Yükünü qavğarıb hərə,
Nə ad verim bu səfərə?!
Təşnəyəm şad bir xəbərə -
Bu köç Qaradağdan gəlir!
Bu köç Qarabağa gedir!..”



Ana səhifəyə qayıt        Baxış: 313          Tarix: 17-10-2019, 12:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma