Xəbər lenti

 

Oktyabrın 19-da Milli Şuranın razılaşdırılmamış etiraz aksiyası zamanı polis tərəfindən bəzi zorakılıq hallarına yol verilməsi cəmiyyətdə  birmənalı qarşılanmayıb.
Uzun illər orqanlarda çalışmış, Daxili İşlər Nazirliyinin  Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, istefada olan polkovnik Mehman Mehmanov Moderator.az-a geniş açıqlamasında  məsələyə belə münasibət bildirib:
 
“Son günlər Bakıda bir sıra müxalif qrupların  19 oktyabrdakı icazəsiz etiraz aksiyasında baş vermiş olaylardan yararlanaraq bəziləri bilərəkdən, ya bilməyərəkdən ümumilikdə Azərbaycan polisini müzakirə, hətta sərt ittiham obyektinə çevirirlər. İstefada olan bir polis polkovniki kimi bəyan edirəm ki, bu gün Azərbaycan DİN-də qarşıya qoyulan məqsəd, kurs həmin fikir və ittihamların tamamilə əksinədir.  Daxili İşlər naziri Vilayət Eyvazovun  nazirlikdəki bütün rəsmi tədbirlərdə, kollegiyalarda, Polis Akademiyasında, rayonlarda və s. şəxsi heyətlə görüşlərindəki çıxışlarını daim izləyir, təhlil edirəm. Nazirin polis əməkdaşlarından ən birinci tələbi odur ki, Azərbaycan polisi xalqın ümid yerinə çevrilməlidir. Azərbaycan polisi xalqın etimadını tam doğrultmalıdır.  Eyni zamanda asayiş keşikçiləri üçün vətəndaşın mənafeyinə toxuna bilən ən xırda davranış və əməllərə  görə ən ciddi və ağır cəza tədbirləri müəyyənləşdirilib...”
DİN-in keçmiş idarə rəisi son etiraz aksiyalarında vətəndaşlara qarşı qeyri-adekvat davranışlara yol vermiş polis əməkdaşlarını da qınayıb və zorakılığı pisləyib :
 
“Son sanksiyalaşdırılmamış etiraz mitinqi ilə bağlı fikirlərimə gəldikdə, bəli, mən də uzun illərin təcrübəsinə malik  bir polis zabiti kimi  gözlənilmədən yaranmış bir mənzərədən çox həyəcan keçirdim. Bəzi polis əməkdaşlarının müəyyən hərəkətlərinə görə sarsıldım ki, axı bu, belə olmamalıdır. Yəni bu cür tədbirlərdə polis siyasi proseslərə qoşulmayan, vəzifəsi asayişi təmin etmək olan bir qurum kimi çıxış edir. On illərdən bəri Azərbaycanın müstəqil dövlətçiliyinin keşiyində duran aparıcı qüvvələrdən biri də məhz polisdir. Mən ölkədə, vətəndaş cəmiyyətində insanlara qarşı  hər bir zorakılığın əleyhinəyəm. Polis zorakılığının da lap kəskin və qəti şəkildə əleyhinəyəm. Eləcə də polisə qarşı zorakılığı da pisləyirəm. Belə hallara yol verilməməlidir. Cəmiyyətdə vətəndaş-polis ünsiyyəti, münasibəti dinc, sakit, nəzakətli, təmkinli bir məcraya yönədilməlidir. Yəni polislə vətəndaşlar arasında qarşılıqlı anlaşma olmalıdır. Amma bir daha təkrar edirəm, uzun illərdir ki, ümumən DİN-də kurs belədir: polis xalqa xidmət etməlidir. Bunu nazir Vilayət Eyvazov dönə-dönə tələb edir...” 
Polkovnik M.Mehmanov DİN-də çalışarkən Azərbaycan polisinin etik davranış qaydaları barədə əsasnamənin bilavasitə özünün rəhbərliyi altında hazırlandığını da xatırladıb:
“Mən DİN-də Şəxsi Heyyətlə İş  İdarəsinin rəisi vəzifəsində çalışarkən polisin etik davranışı barədə əsasnamə hazırlamaq barədə tapşırıq verildi.  “Təfəkkür” universitetinin etika  kafedrasının o vaxtkı müdiri, rəhmətlik professor Tariyel müəllimlə birgə  neçə-neçə kitablar üzərində işlədikdən sonra bu əsasnaməni ortalığa qoymuşuq. Bilirsiniz ki, “etika” fransızca nəzakət deməkdir.  Həmin əsasnamədə polisin vətəndaşa necə müraciət etməsi, onun sənədlərini yoxlayan zaman necə davranması, sənədi hansı əlində tutub hansı əli ilə onu vərəqləməsi və s. kimi bütün hallar incə detallarınadək qeyd olunur. Bu əsasnamə kitabça şəklində bütün polis əməkdaşlarına paylanır. Yəni polislərimiz hamısı bu etika qaydalarıyla tanışdır və onlara maksimum əməl etməyə çalışır...” 
“Sözümün canı ondadır ki, ayrı-ayrı əməkdaşların davranışına görə Azərbaycan polisinin, ümumiyyətlə, xalqa qarşı zorakılıq etməsi haqda  fikir yürütmək doğru deyil. Bəli etiraf etmək lazımdır ki, polislər arasında da peşəsinə etinasız yanaşanlar, kobud xarakterli, davranışlarına nəzarət edə bilməyənlər ola bilər. Hələ mən nazirlikdə işləyən dövrdə özüm şəxsən neçə belə əməkdaş barədə çox ciddi tərbirlər gördürmüş, neçəsini daxili işlər orqanlarından xaric etdirmişəm. Lakin  ümumi strategiya, dəst-xətt polisin Azərbaycanın ümidgahına çevrilməsi kursudur. Bu gün Azərbaycan dövlətinin ən əsas dayaqlarından biri polisdir. Polisi sarsıtmaq olmaz. Sadəcə, səhvə-xətaya meyilli əməkdaşları səhvdən, xətadan çəkindirmək gərəkdir. Xəta,cinayət edən polis barəsində ən qatı ölçü götürülməlidir. Sadə vətəndaşı, xalqı incidən polis əməkdaşı haqda ən ciddi, ən sərt cəza tədbiri görülməlidir. Və əmin olun ki, bu gün belə tədbirlər görülür. Tam məsuliyyətimlə deyirəm, Daxili İşlər naziri V.Eyvazov xalqına sədaqətlə xidmət edən çox qətiyyətli və peşəkar bir polis generalıdır. O, nazirin birinci müavini olanda mən də nazirlikdə işlədiyim üçün bunun şahidi olmuşam. Son dərəcədə dövlətini də, xalqını da, vətənini də sevən bir insandır...”-deyə keçmiş DİN rəsmisi bildirib.
İstefada olan polis polkovniki Azərbaycan polisinin xalqa xidmət sahəsində gözəl nümunələr göstərdiyini də dilə gətirib:
“Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan polisi  ölkə həyatının bütün problemli sahələrində baş verən təbii fəlakətlər, yaxud texniki, texnogen qəzalar zamanı bəzən öz xidməti vəzifəsinə daxil olmayan işləri  də icra etməklə daim xalqın yanında olduğunu sübut edir. Zəlzələ olur – polis ordadır, dənizdə tufan olur, neft buruqlarında yanğın olur, dənizə təyyarə düşür, gəmi batır –polis ordadır, metroda eskalator sıradan çıxır- vətəndaşların həyatına təhlükə yaranır- polis ordadır...
Amma bununla yanaşı, icazəli, yaxud icazəsiz kütləvi tədbirlərdə, mitinq və ya piketlərdə polis vətəndaşa qarşı nəzakətlə davranmalıdır. Bu, onun vəzifə borcudur...” 
DİN-in sabiq idarə rəisi kütləvi aksiyalar zamanı qadın vətəndaşlara münasibətdə qadın  polislərdən istifadə etmənin və bunun üçün zərif cinsdən olan polis əməkdaşlarının sayının artırılmasını da vurğulayıb:
“Onu da unutmaq olmaz ki, polis bədii özfəaliyyət dərnəyi deyil. Polisin qarşısına qoyulan vəzifə odur ki, asayişi pozan, qanun və qaydalara əməl etməyən şəxslər haqda kimliyindən asılı olmayaraq tədbir görülsün. Və həmin tədbirlər görülərkən də etik qaydalara əməl olunmalıdır. Bu məqamda da vətəndaşın qanunla qorunmalı olan mənafelərini qorumaq lazımdır. Hətta mən nazirlikdə işləyərkən bəzi  təkliflər etmişdim. Məsələn, demişdim ki, kütləvi tədbirlər zamanı qadın vətəndaşlara münasibətdə qadın polislərdən istifadə etmək lazımdır. Azərbaycan kimi ölkədə kişi polisin müəyyən zəruri situasiyalarda  qadına qarşı güc tətbiq etməsi  doğru deyil. Odur ki, DİN-də qadın polislərin sayını mümkün qədər artırmaq gərəkdir. Bu cür məqamları nəzərə almaq, polisin işində də müəyyən korrektələr aparmaq olar. Lakin onu da nəzərə almaq lazımdır ki, mövcud həyat, mürəkkəbdir, müxtəlif gözlənilməz, ekstremal situasiyalar yarana bilər. Polis də insandır, onun da hissləri, duyğuları var. Bəzən gərgin vəziyyətdə o da emosiyalarını cilovlaya bilmir və davranışlarında xətaya yol verir. Yaxud bəzən kobudluq, aqressivlik insanın öz təbiətində olur. Və belə insanlar həm polis, həm də etirazçılar arasında ola bilər. 
Avropa ölkələrində, xüsusən son vaxtlar Fransada “sarı jiletlilər” deyilən etirazçıların nümayişi zamanı, eləcə də demokratiya beşiyi sayılan ABŞ-ın özündə bəzi hallarda polisin vətəndaşlara qarşı zorakı davranmasının şahidi oluruq. Amma mən nə hansısa ölkədə, nə də öz ölkəmizdə qanun keşikçilərinin zorakı davranışına haqq qazandırmaq niyyətində deyiləm. Sadəcə, məsələ bundadır ki, bir neşə gərgin, ekstremal situasiyadan meydana gələn, yaxud hansısa əməkdaşın kobud xarakterindən doğulan halları şişirdib cəmiyyəti, xalqı hüquq-mühafizə orqanlarına, polisə qarşı qaldırmaq olmaz. Cəmiyyətdə polis haqqında sanki tamamilə totalitar, zorakı bir sistem kimi fikir formalaşdırmaq qətiyyən doğru deyil və bunu edənlər bilərəkdən, yaxud bilməyərəkdən xalqına, dövlətinə vətəninə xəyanət etmiş olur. Bir daha təkrar edirəm, vətəndaşa qarşı hər hansı qeyri-adekvat hərəkət edən, onun şəxsiyyətini alçaldan, onun mənafeyinə toxunan polis əməkdaşları varsa, belələri dərhal müəyyən edilib cəzalandırılmalıdır. Yəni konkret faktlar əsasında konkret tədbirlər görülməli, səhvlərdən nəticə çıxarmaq gərəkdir.  Və öncə dediyim kimi, lazımi nəticələr çıxarılır və  tədbirlər görülür də. Nazir V.Eyvazov işə başladığı ilk aylar ərzində bu cür davranışlarına görə neçə polisi işdən azad edib və digər tədbirlər görüb. Yəni bu kursun üzərinə kölgə salmaq olmaz.  Azərbaycan xalqı ilə polis arasında dərin uçurum yaratmaq olmaz. Əksinə, xalqla polis arasında münasibətləri, ünsiyyəti möhkəmləndirmək gərəkdir...”- deyən polis polkovniki bəzi qüvvələri Azərbaycan xalqı ilə polis arasında ziddiyyətli atmosfer yaratmaqdan çəkinməyə çağırıb.



Ana səhifəyə qayıt        Baxış: 483          Tarix: 26-10-2019, 14:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma