Xəbər lenti

 

Bu gün "Qəbələ" və "Neftçi" komandaları UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirəcəklər.

"Report" xəbər verir ki, "qırmızı-qaralar" bu mövsüm qitəmiqyaslı turnirdə ilk matça çıxacaqlar. Rəqib isə Gürcüstanın "Dinamo" (Tbilisi) komandası olacaq. Qəbələ şəhər stadionundakı qarşılaşmanı şotlandiyalı referi Nikolas Uolş idarə edəcək.

Bu kollektivlər 4 ildən sonra yenidən üz-üzə gələcəklər. 2015-2016 mövsümündə keçirilmiş Avropa Liqasının I təsnifat mərhələsinin oyularında "Qəbələ" Tbilisidə 1:2 hesabı ilə uduzsa da, evdə 2:0 hesablı qələbə sayəsində mərhələ adlayıb. Həmin mövsüm Azərbaycan təmsilçisi tarixində ilk dəfə qrup mərhələsinədək irəliləməyi bacarıb.

Azərbaycan Kubokunun qalibi kimi avrokuboklara qatılan "Qəbələ"dən fərqli olaraq, "Dinamo" bu mövsüm mübarizəyə I təsnifat mərhələsindən başlayıb. Tbilisi komandası Andorra "Enqordani"sini evdə 6:0, səfərdə 1:0 hesabı ilə yenib. Bu komanda ötən mövsümü gümüş medalla başa vurduğu halda hazırda 21 oyundan 41 xalla liderdir. "Qəbələ" - "Dinamo" cütünün qalibi növbəti mərhələdə Hollandiya "Feyenoord"u ilə üz-üzə gələcək.

Flaqman isə Rusiyada "Arsenal"ın qonağı olacaq. Tula şəhərindəki "Arsenal" mərkəsi stadionunda təşkil olunacaq qarşılaşmaya Enea Yorcinin rəhbərliyi altında albaniyalı hakimlər briqadası təyinat alıb. "Neftçi"nin ilk mərhələdə üstələdiyi Moldova "Sperantsa"sı (3:0, 6:0) kimi, bugünkü rəqibi də avrokuboklarda debüt edəcək. Üstəlik, "Arsenal" ötən mövsüm Rusiya Premyer Liqasında 6-cı yeri tutub. Lakin bu komanda mübarizəyə birbaşa II təsnifat mərhələsindən başlayır. "Arsenal" - "Neftçi" cütünün qalibi Avropa Liqasının III təsnifat mərhələsində İsrail "Bney Yehuda"sı ilə qarşılaşacaq.

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

19:00. "Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tbilisi, Gürcüstan)

Baş hakim: Nikolas Uolş

Yan xətt hakimləri: Alan Mulvenni, Cordan Stokoe

Dördüncü hakim: Qavin Dankan (hamısı Şotlandiya)

Hakim-inspektor: Qay Qötalz (Belçika)

UEFA nümayəndəsi: Mixalis Mitas (Kipr)

Qəbələ şəhər stadionu

21:00. "Arsenal" (Tula, Rusiya) - "Neftçi" (Azərbaycan)

Baş hakim: Enea Yorci

Yan xətt hakimləri: Ridiger Çokay, İlir Tartaray

Dördüncü hakim: Klaydi Kola (hamısı Albaniya)

UEFA nümayəndəsi Sergey İliç (Belarus)

Hakim-inspektor: Pavel Saliy (Qazaxıstan)

Tula (Rusiya), "Arsenal" mərkəzi stadionu. 




Ana səhifəyə qayıt        Baxış: 417          Tarix: 25-07-2019, 09:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma