Xəbər lenti

 

"Zirə"nin kapitanı Cavid Hüseynov evdə "Sabah" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra brifinq keçirib. 

"Report"un məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi oyunu qiymətləndirməklə yanaşı, qaçırdığı penaltidən və sabiq klubu "Qəbələ"nin üzləşdiyi vəziyyətdən danışıb:

- Nəticəni ədalətli saymaq olarmı?

- Bir qədər çətin sualdır. O mənada ki, rəqib oyuna yaxşı başlamışdı, 15 dəqiqə ərzində hücumlar etdi, bizdən daha çox top saxladı. 0:1 hesabı ilə geri düşdükdən sonra bir qədər rahatlaşmağa başladıq, çünki itirəcəyimiz heç nə yox idi. Tələsik futbol oynamadıq. Çalışdıq ki, səbrlə, asta-asta, oyuna diktə edə-edə hücumlar quraq. Bunu da bacardıq. Həqiqətən də xeyli sayda hücumlar etdik. Bunlar kor-koranə yox, məntiqli, düşünülmüş hücumlar idi, cinahları tez-tez dəyişirdik. İkinci hissənin əvvəllərində 11 metrlik cərimə zərbəsini vura bilmədim. Vursaydım, bəlkə də qələbə qazanardıq. Futbolda belə şeylər o qədər olur ki... Amma xarakter sayəsində hesabı bərabərləşdirdik. Bundan sonra da hücumlar etdik, lakin nəticə dəyişmədi.

- Xüsusən, ilk yarıda komandanız cinahlardan irəliləyərək, asmalar etsə də, ortada son nöqtəni qoyacaq heç kim olmurdu...

- Mən də elə bunu demək istəyirdim. Hücumlar necə olur? 3-4 toxunuşla cinahlara keçirsən və asma edirsən ki, son nöqtəni qoysunlar. Bunu bacaracaq hücumçu olmaya bilər, amma hücumu quraraq inkişaf etdirmək başqa şeydir. Hücumların inkişafı gedirdi, sadəcə, ya yaxşı asmalar, ya da top ötürülən zonada futbolçumuz olmurdu. Yəqin ki, bunun üzərində işləyəcəyik. Amma əsas odur ki, oradək gedib çıxa bilirdik, özü də rahatlıqla. Yenə deyirəm: İlk 15dəqiqədə rəqib oyuna diktə edirdi. Matça həqiqətən də yaxşı başlamışdılar. Amma qol buraxdıqdan sonra biz asta-asta, top saxlaya-saxlaya, cinahları dəyişə-dəyişə, sərbəst oynamağa başladıq.

- Elşad Əhmədov oyundan sonra mətbuat konfransında "Rəqib bizi müdafiəyə oturmağa məcbur etdi" - dedi. Bunu ilk yarıda niyə bacarmadınız?

- Ola bilsin, oyunun ajiotaj və məsuliyyəti təsirsiz ötüşməyib. Bəzən elə olur ki, oyuna ciddi hazırlaşırsan. Bu gün "Zirə" və "Sabah" bir-birinə layiqli rəqiblərdir. "Qarabağ" və "Neftçi" kimi. Bunun nəticəsidir ki, ilk yarıda futbolçular, bəlkə elə özüm də kollektiv şəkildə sıxılırdıq. Amma hesabda geri düşdükdən sonra rahatlaşdıq.

- "Qarabağ" - "Neftçi" başqa, "Zirə" - "Sabah" başqa" dediniz. Amma siz bu mövsüm "Neftçi"ni məğlub etmisiniz, "Sabah" isə flaqmandan səfərdə xal alıb. "Zirə" və ya "Sabah" "Qarabağ"la rəqabətdə "Neftçi"nin yerini tuta bilər?

- Əlbəttə, tuta bilər. Lakin real yanaşsaq, "Neftçi" hər iki komandadan güclüdür. "Ağ-qaralar" Avropa Liqasının oyunlarından sonra psixoloji baxımdan eniş yaşayırdılar. Ola bilsin, bizimlə oyunda bu, təsirini göstərdi. Bəhanələr və ya hansısa nüanslar gətirmək istəmirəm. Amma reallıqda "Neftçi" və "Qarabağ" bizdən güclüdür.

- Nikola Yurçeviçin dövründə ilk dəfə Azərbaycan millisinə dəvət almısınız. Bununla bağlı fikirləriniz necədir?

- Açığı, dəvəti çoxdan gözləyirdim. "Qəbələ"nin Azərbaycan Kubokundakı final matçından sonra yığmaya çağırılacağıma ümid edirdim. Amma çağırış həmin vaxt yox, "Neftçi" ilə matçdan sonra gəldi. Real danışmağı sevirəm: Uelslə səfərdə, Xorvatiya ilə evdə çətin oyunlarımız var. Özüm çağırılmasam da, futbolçu yoldaşlarım səfərdə Xorvatiyaya qarşı həqiqətən də yaxşı oyun sərgiləmişdilər. Qarşıdakı görüşlərdə də nə isə etməyə çalışacağıq.

- Yurçeviç sizdə nə gördü ki, "Zirə"də cəmi 2 oyunda çıxış etdikdən sonra yığmaya dəvət etdi?

- Bu sualı ona ünvanlasanız, daha yaxşı olar. Bəlkə izləyirdi. Sadəcə, elə oldu ki, "Zirə"yə keçdikdən sonra mənə dəvət göndərdi. Niyə belə etdiyini deyə bilmərəm.

- Penalti zərbələrini daim sərrast yerinə yetirdiyiniz halda, bu dəfə sanki zərbəni inamsız vurdunuz...

- İndiyədək yerinə yetirdiyim 14-15 penaltidən yalnız 1-i boşa getmişdi. Onu da hazırda Qazaxıstan "Tobol"unda çıxış edən Emil Balayev "Səbail"də ikən qaytarmışdı. 

Özümdən bu cür biabırçı zərbə gözləmirdim. Nədən asılı olduğunu özlüyümdə incələyə bilmədim. Heç vaxt belə penalti vurmurdum. Həmişə qapıçının hərəkətini sonadək gözləyirdim. Bu dəfə fərqli oldu. Nə bilim...

- Sabiq komandanız "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov "Keşlə"yə 0:4 hesablı məğlubiyyətdən sonra istefa verdi. Sizcə, baş məşqçi dəyişikliyindən sonra "qırmızı-qaralar" özlərinə gələ biləcəklər?

- Onlarla mütəmadi əlaqədəyəm, demək olar ki, hər gün danışıram. "Qəbələ" ailəsinə, azarkeşlərinə, klub prezidentinə sevgimiz o qədər böyükdür ki... Bütün klubla, o cümlədən baş məşqçi ilə çox gözəl münasibətlərimiz var. Komanda Avropa Liqasında 2, çempionatda isə 3 oyunda uduzdu və baş məşqçi istefa verdi. Bu, normal haldır. Əslində incələsək, "Qəbələ"nin hazırkı potensialı elə də yüksək deyil. Gələcəkdə yerli və ya xarici mütəxəssis gətirəcəklərini bilmirəm. Amma bu mövsüm komanda üçün çətin olacaq.




Ana səhifəyə qayıt        Baxış: 60          Tarix: 1-09-2019, 08:03      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent