Xəbər lenti

 

Futbolun səviyyəsi, ustalığı aşağı olan ölkələrdə avtoqollar daha çox təkrarlanır”

Azərbaycan millisi Avro-2020-nin seçmə mərhələsində dünya ikincisi Xorvatiyaya Bakıda “badalaq vurdu”. Yığmamız ilk xalını qrupun favoritindən aldı. Slovakiyanı səfərdə 0:4 məğlub edən xorvatlar Azərbaycanla 1:1-lik heç-heçə ilə barışmalı oldular.

Millimiz ondan 3 gün qabaq Uelslə səfərdə də 1 xal qazanmağa çox yaxın idi. Amma son dəqiqələrdə ulduz futbolçu Beyl ölkəsinə 3 xal qazandıran qələbə topunu qapımıza vurdu.

2005-2007-ci illərdə Azərbaycan milli futbol komandasının baş məşqçisi olmuş, “Terek”, “Kəpəz”, “Qarabağ” klublarını çalışdırmış Şahin Diniyevlə söhbətimizdə millimizin son oyunları, ölkə futbolunun vəziyyəti barədə söhbətləşmişik. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

- Şahin müəllim, dünya kubokunun finalçısı Xorvatiyadan bir xal aldıq. Nəticəni necə şərh edərdiniz?

- Ümumiyyətlə, hər oyunda nəticəyə köklənməlisən. Bu, futbolun ana qaydasıdır. Elə komanda ola bilməz ki, meydana nəticə qazanmamaq üçün çıxsın.  Bu baxımdan dünyanın ikincisi ilə Bakıda heç-heçə eləmək millimiz adına qürurverici hadisədir. Oyunçularda motivasiya yüksək idi, psixoloji vəziyyət yaxşıydı və nəticəni əldə etdilər. Sadəcə, yığmada çatışmazlıqlar var və çox iş görülməlidir.

- Uelslə səfər oyunu ilə bu matçın fərqi nədə idi?

- Xüsusi bir fərq olmadı. Xorvatlarla oyunun ilk dəqiqələrində millimizdə çaşqınlıq müşahidə edilirdi. Bu da başadüşüləndir.

Amma ilk dəqiqələrdə qapıçımız Emil Balayev böyük qəhrəmanlıq nümayiş etdirdi, xorvatların real qollarını dəf elədi, erkən qolla komandanın ruhdan düşməsinin qarşısını aldı.

Uelslə oyunla Xorvatiya görüşdə taktiki olaraq fərq yox idi, komanda əks-hücumlardan oyunu qurmuşdu. Bu əks-hücumlardan birindən yararlanıb qol vurduq. Uelslə oyunda isə lazım olmayan qollar buraxdıq. Xorvatiya ilə görüşdə etibarlı müdafiə qurulmuşdu deyə nəticə əldə olundu.

- Bayaq dediniz ki, millidə çatışmazlıqlar var. Hansı problemlərimizi nəzərdə tutursunuz?

- Çatışmazlıqlar ilk növbədə peşəkarlıqla bağlıdır. Azərbaycan millisi ustalıq səviyyəsində geri qalır. Bu da üç-beş oyuna düzələn məsələ deyil. İlk növbədə kompleks tədbirlər görülməlidir ki, ölkə futbolunda irəliləyiş olsun. Bura daxildir uşaq futbolu, aşağı yaş qruplarının hazırlanması, klubların vəziyyəti və s. Yəni milli bir piramidadır və ona gəlib çıxana qədər çoxlu problemlərlə qarşılaşırıq. Yığmamızın ustalıq səviyyəsi hələ o yerə çatmayıb ki, rəqibi oyun ərzində təzyiq altında saxlayaq, topa nəzarət bizdə olsun, hücum futbolu oynayaq. Biz belə rəqiblərlə hücum futbolu oynamağa ustalıq səviyyəsinə görə geriyik və məcburən əks-hücumlardan oyun qururuq.

- Bütün bunlara görə futbolumuzdan şikayət edənlərin hamısı klubların azlığında günah görür...

- Razıyam. Təbii ki, çempionatda 8 klubun olması azdır. Çempionatda 12-14 komanda olurdu. Milliyə də futbolçular klublardan gəlir. Amma klubları maliyyələşdirməyə sponsorlar yoxdur. Bu problemin sadə məntiqidir. Futbola yalnız hökumət dəstəyi var. Dünyada klubları ayrı-ayrı şəxslər idarə edirlər, sponsorlar hesabına maliyyələşirlər.

- Sizin yığmamızda baş məşqçi olduğunuz dövrlə müqayisədə indi millidə nə dəyişib?

- Əslində o illərdən, fərdi olaraq baş məşqçilərin necə işləməsindən söhbət getmir. Ümumu götürsək, heç bir ciddi fərq yoxdur. Yeganə fərq kimi indi milliyə daha çox diqqət ayrılmasını göstərə bilərik. Bu gün yığmaya hər cür şərait yaradılır, qayğı var. Biz o vaxtlar məşq etməyə meydan tapmırdıq. Amma şükürlər olsun ki, təkcə Bakıda neçə stadion var, hər birinin şəraiti yaxşıdır. Milli diqqət göstərilməsindən narazılıq ola bilməz. Məsələ budur ki, klublar çox olmalıdır, ustalıq səviyyəsi artmalıdır.

- Ağasəlim Mircavadov bizə demişdi ki, o vaxtın oyunçuları “peraşki” yeyirdilər, amma meydanda ürək qoyurdular. Siz necə düşünürsünüz?

Åahin diniyev ile ilgili görsel sonucu

- İndi mən millidə oynayan hazırkı futbolçuların ürək qoymadıqlarını desəm düz olmaz. Onlar da əzmkardırlar, ürəklə oynayırlar, nəticə istəyirlər. O dövrdən fərqli olaraq, indi milliyə oyunçu çağırmaq baxımdan problem də yoxdur, çünki seçim çoxdur. Əgər sən özünü klubunda bir az yaxşı göstərsən milliyə çağırılırsan.

- Sizcə, millinin baş məşqçisi Nikola Yurçeviçlə biz hara qədər gedə bilərik, nəyə ümid edə bilərik?

- Dünyanın hər yerində baş məşqçilər komandanı maksimum 10-15 faiz yuxarı və ya aşağı apara bilər. Hər şey meydanda həll olunur.  Məsələn, “Real”, “Barselona” köklü klublardır. Onlara kimi baş məşqçi qoyursan, həmişə çempionluq üçün vuruşurlar. Bu, bir ənənədir. O mənada bizdə vəziyyət fərqlidir.

- Amma deyirlər ki, millini yerli məşqçi çalışdırmalıdır. Bu fikri bölüşürsünüz?

-  Mən Qvardiolanın bir fikrini yada salacam. Həmin sözü azərbaycanlı futbol mütəxəssisləri dəfələrlə deyiblər, amma özümüz deyəndə qulaq eşitmir, xarici eyni söz deyəndə başqa cür qəbul olunur (gülür - E.S.)  Hə, Qvardiola deyir ki, millidə milli məşqçi işləməlidir. Ancaq bu gün yığmamızda, futbolumuzda çox şey çatmır, təkcə məşqçi məsələsində fokuslanıb qala bilmərik. Çünki millinin baş məşqçisi istər yerli mütəxəssis, istər əcnəbi olsun, əlində nə material varsa, ondan istifadə edəcək.

Özündən əlavə material tikə bilməz. Uzaqbaşı şalvarı tikəcək, pencək qalacaq. İlk növbədə əlimizdəki materiala baxmaq lazımdır.  İkincisi, kimsə hazırkı baş məşqçidən millini qrupdan çıxarmağı gözləyirsə, utopiyadır. Məncə, reallıqdan uzaq bir məsələdir. Hətta qrupdan çıxmağa layiqik demək də utopiyadır.

Åahin diniyev ile ilgili görsel sonucu

Onun üçün alt bazaya, nəticələrinə baxmaq lazımdır. Bizim aşağı yaş qruplarında hansı nəticələr var? Sabah onlar əsas milliyə çağırılanda necə oynayacaqlar? Buna baxandan sonra ümid eləmək olar.  Məsələn, Ukraynanın U-21 yığması dünya çempionu oldu. Bu gün biz nədən danışa bilərik? Məncə, insanları ümidlə yaşatmaq düzgün deyil.     

-  Şahin müəllim, Ağasəlim Mircavadov gileylənirdi ki, yaşlı kadrların təcrübəsindən istifadə edilmir. Bəlkə çağırış edəsiniz, sizi, Ağasəlim müəllimi, Yunis Hüseynovu dəvət eləsinlər?

- Bilirsiniz, bu gün Azərbaycanda futbol başqa istiqamətdə gedir. Ona görə də təcrübəli mütəxəssisləri qırağa qoyanda “yaxşı” olur. Yaşlı məşqçi təcrübə deməkdir. O, başına gələnlərdən dərs çıxarıb, nəticə götürüb. Onda sən taktika, sxemdə başqa cür komandaya gəlirsən. Çünki keçmişdəki səhvlərinin nədən ibarət olduğunu bilirsən. Bu gün İngiltərə klublarında təcrübəli məşqçilər işləyir. Yəqin ki, ingilislər az bilmirlər.

- Sizə görə millinin baş məşqçi postundan Qurban Qurbanovun getməsi səhv deyildimi?

-  Mən bu suala cavab verməyə çətinlik çəkirəm. Futbolda nəticə olmursa, dəyişiklik baş verir. Amma qərarı biz vermirik, Azərbaycan futbolunda başbilənlər var. Onların bunu niyə etdiklərini, yığmaya müsbət, yoxsa mənfi təsir göstərdiyini özləri bilirlər. Deyə bilmərik ki, düz, ya səhv elədilər.

Çünki əlimdə fakt, arqument yoxdur ki, Qurbanla bağlı deyim. Sadəcə, Kosovo məğlubiyyəti onun gedişinə təsir elədi. Güman edirəm ki, Millətlər Liqasında son görüş buna səbəb oldu.

- Bir məsələni də soruşum: azarkeşlər tez-tez futbolçularımızın avtoqol vurmasını lağa qoyurlar. Uelslə oyunda da oldu, əvvəllər də çox olub. Biz axı niyə beləyik? 

- (Gülür - E.S.) Vallah, avtoqol dünyanın hər yerində var. Amma futbol səviyyəsi, ustalığı aşağı olan ölkələrdə daha çox təkrarlanır. Bu, birbaşa ustalıq səviyyəsi ilə bağlıdır. Sağ ayağa gələn topun sol ayağa atılması, iki ayağın işləməsi, başın düzgün işləməsi əlaqəlidir. Bunlar olmayanda, ustalıq aşağı olanda avtoqolla nəticələnir.

- Son olaraq, “Qarabağ”ın Avroliqada şanslarını necə qiymətləndirirsiniz?

- “Qarabağ”ın şans var. Amma şansının neçə faiz çox olduğunu deyə bilmərik. Qrupda APOEL əsas rəqib olacaq. Lüksemburqun komandası zəifdir. “Sevilya” isə qrupda favoritdir.

Elə fikirləşirəm ki, “Qarabağ” qrupda ikincilik uğrunda APOEL-lə mübarizə aparacaq. Onların isə təcrübə və ustalığı göz qabağındadır.




Ana səhifəyə qayıt        Baxış: 381          Tarix: 11-09-2019, 10:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma