Xəbər lenti

 

Xanımlar Batumidən vətənə 3-cü yerin sahibi kimi dönməsəydi, Azərbaycanın şahmat yığmalarının komandalararası Avropa çempionatındakı çıxışına qiymət vermək üçün “fiasko”dan başqa heç bir ifadə işə yaramayacaqdı. Axı söhbət 2009, 2013 və 2017-ci illərdə qitə çempionu olan, ötən müddətdə daha da ustalaşan şahmatçılardan qurulan kişilər yığmasından gedir. Kişi şahmatçıların yığmasında hansısa qəribə proseslərin getməsi heç kimə sirr deyil. Hətta yorğun Teymur Rəcəbovun komandaya qoşulmamasına hansısa izah tapmaq mümkündüsə, son anda Nicat Abbasovun siyahıdan çıxarılmasının, Gürcüstana kapitan kimi getməsi nəzərdə tutulan Eltac Səfərlinin mübarizəyə qoşulmasının səbəbi hamıya qaranlıq qaldı. Məhz bu mülahizələrin işığında dünyanın 5-ci şahmatçısı Şəhriyar Məmmədyarovun yazdığı “kişilər bu dəfə kişi kimi oynaya bilmədi” ifadəsinin altında, heç şübhəsiz, hansısa ciddi mətləblər yatır. Bizim mentallığı və “kişilik” ifadəsinin məna yükünü nəzərə alanda adam istər-istəməz təəccüblənir. Kişi kimi oynamayıblarsa, deməli, qadın kimi oynayıblar. Ancaq qadınlar elə bu turnirdə 3-cü yeri tutubsa, nəsə düz gəlmir axı. Odu ki, Şəhriyarın bu şok etirafından-açıqlamasından çıxan nəticələr üzərində düşünməyə dəyər. 1-ci versiya odu ki, Şah Teymur Rəcəbovun, Nicat Abbasovun gücünü qorumasından, özünü yorğunluğa vurmasından narazıdı və ilk növbədə onları hədəfə alır. 2-ci versiya odu ki, şahmat yığmasında daxili münaqişə, ayrı-ayrı şahmatçıların bir-birini qəbul etməməsindən doğan mühit var və bu da istər-istəməz nəticələrdə əksini tapır. 3-cü versiya budu ki, konkret Şəhriyarın özü ilə bağlı hansısa problem yaranıb və yığma ətrafındakı durum şəxsən onu razı salmır. Məmmədyarovun bir müddət əvvəl bütün ölkəyə səs salan, rəhbərlik səviyyəsində laqeydliklə bağlı məlum açıqlamasını da xatırlasaq, yenə nəsə yerində deyil. 4-cü versiya sırf özü ilə bağlı olan məqamdı, yəni Teymurun məlum uğuru fonunda Şah artıq şahmatdan doyduğunu, şahmatçı kimi tükəndiyini hiss edir və Batumidəki nəticəni, daha doğrusu, nəticəsizliyi həm də özünün günahı kimi qəbul etməklə gücsüzlünü boynuna alır.
Güman edirəm ki, “kişilər bu dəfə kişi kimi oynaya bilmədi” ifadəsinin altında gizlənən mətləblər ən qısa müddətdə gün işığına çıxacaq. Ya Şah özü daha geniş izahat verməli olacaq, ya da Şahmat Federasiyasının rəhbərliyi, tutaq ki, elə Mahir Məmmədov media önünə çıxıb danışacaq. İstənilən halda, bu açıqlamanın yükü çox ağır idi. Lap dünyanın 5-ci şahmatçısının ağzından çıxsa da. \\Football-plus




Ana səhifəyə qayıt        Baxış: 479          Tarix: 9-11-2019, 21:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma