Xəbər lenti

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin mədaxili 12 045,1 mln. manat, məxarici isə 12 783,7 mln. manat olub, 783,6 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

“Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, 9 ay ərzndə büdcə gəlirləri proqnoza qarşı 0,2% çox icra olunub ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1,942 mlrd. manat və yaxud 19,2% çoxdur.

Vergilər Nazirliyi mədaxil proqnozunu 100,1% icra etməklə dövlət büdcəsinə 5 224,8 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 298,5 mln. manat və yaxud 6,1% çoxdur. Həmin vəsaitin 73,2%-i və yaxud 3 825,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

Dövlət Gömrük Komitəsi isə proqnoza 117,8% əməl edərək dövlət büdcəsinə 1 950,4 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 296,6 mln. manat və yaxud 17,9% çoxdur.

Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə 4,3 mlrd. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 275 mln. manat və yaxud 6% azdır.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 246,7 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 53,8 mln. manat və yaxud 27,9% çoxdur.

Sair daxilolmalar üzrə büdcəyə 323,2 mln. manat, o cümlədən 250 mln. manat vəsait Azərbaycan Mərkəzi Bankının sərbəst mənfəətindən transfert şəklində daxil olub.

Ayrıca iyul-sentyabr ayları üzrə mədaxil 4 320,3 mln. manat təşkil edib.

Xərclərə gəlincə isə 9 ay ərzində büdcə xərcləri proqnoza nisbətən 100,7% icra olunub. Bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2 161,5 mln. manat və yaxud 20,3% çoxdur.

İqtisadi təsnifata uyğun olaraq büdcə xərclərinin 38,1%-i və yaxud 4 865,1 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilibki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 351,4 mln. manat və yaxud 7,8% çoxdur.

Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 514,7 mln. manat, enerji, su təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1 666,1 mln. manat, o cümlədən Naxçıvan MR-da həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 64,9 mln. manat vəsait yönəldilib.

Ayrıca iyul-sentyabr ayları üzrə məxaric 4,59 mlrd. manat icra olunub.

Hesabat dövründə dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan daxilolmalar və bu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına təmin edilib.

Yanvar-sentyabrda icmal büdcənin gəlirləri 17 586,9 mln. manat, icmal büdcənin xərcləri isə 16 972,4 mln. manat icra olunub. İcmal büdcənin artıqlığı 614,5 mln. manat təşkil edib. 




Ana səhifəyə qayıt        Baxış: 1 068          Tarix: 19-10-2017, 14:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma